ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb

Şirkət rəhbərinin biznesinə təhlükə yarandığı deyilir

Source:


Şirkət rəhbərinin biznesinə təhlükə yarandığı deyilir

ANS – Yayım və Media Şirkətinin rəhbərliyi təxminən iki il öncə Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb. Bu barədə Meydan TV-yə şirkət rəhbərliyinə yaxın mənbə məlumat verib.

ANS televiziya kanalının və “ANS ÇM” radiosunun lisenziyasının ləğvi barədə qərarları qanunsuz və əsassız hesab edən şirkət rəhbərliyi Ali Məhkəmənin qərarından sonra Avropa Məhkəməsinə müraciət etmişdi. Şikayətdə ANS-ə münasibətdə Avropa Konvensiyasının 6 (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunun tanınması istənilirdi.

Mənbənin sözlərinə görə, ANS-in Avropa Məhkəməsinə şikayəti barədə məlumat yayılandan sonra şirkət rəhbərliyinin başqa sahələrdə olan biznesinə təhlükə yaranıb:

“Şirkətin prezidenti Vahid Mustafayevin qol saatları, qida sənayesilə bağlı biznesi var. Anladı ki, geri çəkilməsə, onları itirə bilər. Ona görə də şikayətini geri götürmək məcburiyyətində qaldı”.

Qurumun şikayətini hazırlayan vəkil Fuad Ağayev Meydan TV-nin bu barədə sualını cavablandırmaq istəməyib:

“Onu özlərindən soruşun, mən danışmaq istəmirəm”. Vahid Mustafayevlə əlaqə saxlamaq isə mümkün olmayıb.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyədə 15 iyul hadisələrindən sonra ANS-in efirində Fəthullah Gülənin müdafiəsinə yönəlik, terrora çağırış xarakterli materialların yayımlandığını iddia edərək, 18 iyul 2016-cı ildə saat 18:30-dan etibarən bu kanalın və radionun yayımını dayandırıb. Teleradio Şurası həmçinin ANS-ə 25 oktyabr 2013-cü ildə verilmiş lisenziyanın ləğvi üçün məhkəməyə müraciət edib. Məhkəmə iddianı təmin edib. Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

ANS rəhbərliyi isə hesab edir ki, telekanalda terrorçuluğun təbliği barədə iddiaların heç bir əsası yoxdur.

Ötən həftə Vahid Mustafayev mediaya ANS-in fəaliyyətinin bərpası istiqamətində işlər getdiyini bildirib.

Ana səhifəXəbərlərANS Avropa Məhkəməsinə şikayətini geri götürüb