Anaya ev işlərində kömək üçün qaçırılan məktəbli qız…

Bu hadisədə diqqət çəkən məqamlardan biri qızın qaçırılma səbəbidir.

Source: Specify Source


Azyaşlını qaçıran şəxs: “Mənim bu məsələlərlə bağlı dünyaya baxışım fərqlidir”

Saatlı rayon sakinləri olan Pərviz və Sahil Bağırov qardaşlarının ikisi də həbsdədir. 31 yaşlı Pərviz Bağırov 12 il, 29 yaşlı qardaşı isə 10 il azadlıqdan məhrum edilib.

Qardaşlar Saatlının Mircəlal kəndində (keçmiş Kirovkənd) doğulublar, sonradan başqa kəndə köçüblər. Pərviz Mircəlal kənd orta məktəbində uşaq birliyinin rəhbəri işləyib. Qardaşlar həmin məktəbin şagirdlərindən birini oğurlamaqda təqsirləndirilərək cəzalandırılıblar. Söhbət yetkinlik yaşına çatmamış qız uşağından gedir.


Məktəbdən çıxıb evə gedəndə qaçırılan şagird

Ötən ilin mayında hadisə baş verən gün 10-cu sinif şagirdi olan qız (ad və soyadı bəllidir, etik səbəblərdən açıqlanmır-red.) günorta məktəbdən çıxıb başqa bir sinif yoldaşıyla evə gedirmiş. Bu zaman Pərviz və Sahil Bağırovlar atalarının “VAZ-2106” maşınıyla ordan keçib. Pərviz Bağırov maşından düşərək, qızlardan birini zorla maşına mindirib. Qız ağlayıb-qışqırsa da, xeyri olmayıb, onu qaçırıb evlərinə gətiriblər.

Baş verənlərdən xəbər tutan valideynləri və başqa qohumları az sonra qardaşların yaşadığı Soltanabad kəndinə gələrək, qızı geri qaytarıblar.

Bu hadisədə diqqət çəkən məqamlardan biri qızın qaçırılma səbəbidir.


“Ailə ömür boyu öhdəlikdir, mən isə sərbəst yaşamaq istəyirəm”

Cinayət işinin materiallarında iddia olunur ki, Pərviz Bağırov qızı evlənmək məqsədilə zorla qaçırıb. Amma özü bu barədə deyilənlərlə razılaşmır. Məhkəmədə də deyib ki, nə hansısa qızı sevib, nə də kiminləsə ailə qurmaq istəyib:

“Mənim bu məsələlərlə bağlı dünyaya baxışım fərqlidir. Çoxluğun qəbul etdiyi ailə həyatı qurmaq, övlad sahibi olmaq istəyim yoxdur. Belə bir həyatı da ömür boyu öhdəlik götürüb, ağır məsuliyyət altında yaşamaq hesab edirəm. Mən sərbəst yaşamaq istəyirəm. Avropa ölkələrinin əksəriyyətində bir çox insan da bu cür yaşayır…”


“Dedi ki, anama ev işlərində kömək üçün qaçırıram”

Digər qardaş Sahil Bağırov özünü təqsirli bilmir. Baş verənlərə görə qardaşını günahlandırır. Hadisəni isə belə təsvir edir:

“Günorta saat 1-də atamın maşınıyla qardaşımla birlikdə çöldəki torpaq sahəsinə sliter dərmanı vurmağa getdik. Maşını mən sürürdüm, qardaşım da yanımda idi. Qayıdanda Pərviz dedi ki, Mircəlal kəndindəki təzə tikilən məscidin yanında olan dükana sürüm, günorta yeməyi üçün kolbasa alsın. Mən də siqaret almaq istəyirdim. O tərəfə gedəndə iki qız uşağı yolda gedirdi. Pərviz dedi ki, maşını saxla. Saxladım. Pərviz maşından düşüb qızlardan birinin qolundan tutub, maşının arxa oturacağına zorla oturtdu. Özü də qızın yanında oturub dedi, xalamgilə sürüm…”

Sahil Bağırovun dediyinə görə, qızı xalası Sevdagilə aparıblar. Xalası bu qızın kim olduğunu, niyə gətirdiklərini soruşub. Pərviz cavab verib ki, “anama ev işlərində kömək üçün aparıram”.

Xalası onları qəbul etməyib.


“Al, sənə işgörən qız…”

“Xalam dedi ki, “çıx get”. Pərviz dedi ki, “evə sür”. Evə çatanda anam soruşdu ki, bu qız kimdi, niyə gətirmisiz? Pərviz cavab verdi ki, deyinirdin, deyirdin ki, iş görməyə bir qız olsun, al, sənə iş görən qız… Az sonra qızın qohum-əqrəbası gəldi. Həmin vaxt atam evin arxasında iş görürdü, baş verənlərdən xəbəri yox idi. Səs-küyə gəldi. Məsələni bilən kimi dedi ki, qızı qohumlarına verin. Qızın atası tüfənglə gəlmişdi. Sahə müvəkkili tüfəngi onun əlindən aldı…”, – Sahil Bağırov deyir

Bağırov qardaşları haqqında hökmü Lənkəran Ağır Cinayətlər Məhkəməsi çıxarıb. Onların hər ikisi hökmdən narazı qalıb, apelyasiya şikayəti verib. Onlara Cinayət Məcəlləsinin 144.3 (yetkinlik yaşına çatmayan şəxsə qarşı adam oğurluğu) maddəsilə verilən ittihamın 144-1.2 (insan alveri) maddəsinə tövsif olunmasını istəyiblər. İddia edirlər ki, qız analarına kömək üçün, yəni əməyin istismarı məqsədilə qaçırılıb. Bu maddədə 8 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Pərviz Bağırovun vəkili ona sanksiyanın aşağı həddində, yəni 8 il cəza verilməsini istəyib.

Sahil Bağırov isə təqsirsiz olduğunu vurğulayaraq, şərti də olsa, azadlığa buraxılmasını istəyib.

Qızın atası isə onların cəzasının dəyişməsinə etiraz edib. Apelyasiya Məhkəməsi də onıar haqqında qərarı dəyişməyib, qüvvədə saxlayıb.

Bağırov qardaşları Ali Məhkəməyə şikayət edəcək…

Ana səhifəBölgəAnaya ev işlərində kömək üçün qaçırılan məktəbli qız…