Anar Məmmədlinin səhhətində problem yaranıb

SMDTM sədri ailə üzvləri ilə görüşüb

Source:


SMDTM sədri ailə üzvləri ilə görüşüb

Ötən həftənin sonunda ailə üzvləri 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrsii Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədli ilə görüşüblər.

Ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, Anar Məmmədlinin əhvalı yaxşıdır, bütün dostlara salamı deyib.

“Cəzaçəkmə müəssisəsi ətrafının çirkli sularla əhatə olunması, ekoloji cəhətdən pis yerdə yerləşməsi, antisanitariya vəziyyətdə olması Anar Məmmədlinin səhhətində müəyyən problem yaradıb. Əsasən də, allergiyadan əziyyət çəkir. İndi həkim məsləhəti ilə müalicəyə başlayıb”, – deyə ailə üzvləri bildirib.

Anar Məmmədli qaldığı barak yaxşı olmadığına görə yerinin dəyişilməsi üçün cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edib. Bundan əlavə Anar Məmmədlinin müstəqil qəzetləri əldə etmək imkanı yoxdur. Məhbus ailə üzvlərinə deyib ki, cəzaçəkmə müəssisəsindəki kitabxanada ancaq dövlət qəzetləri var, müstəqil və müxalifyönlü qəzetlər yoxdur.

Anar Məmmədli 2013-cü ilin dekabr ayının 16-da həbs olunub. Baş Prokurorluq Anar Məmmədlinin sədri olduğu təşkilata həmin ilin oktyabr ayının 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib, Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq qurumlar Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Ana səhifəXəbərlərAnar Məmmədlinin səhhətində problem yaranıb