”Azərbaycan cəmiyyətinin mühüm hissəsi Avropa Birliyi ilə yüksək iqtisadi, siyasi və mədəni əlaqələrin qurulmasından, bu yöndə hakimiyyətin daha təpərli davranmasından yanadır”
“Biz fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayırıq. Bu sənəd Avropa İttifaqının Şərq Avropa İttifaqının Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaq”.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib: “Bir il əvvəl Azərbaycan Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim edib. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərinin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və Strateji Tərəfdaşlıq Sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcək. Hazırda, biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin, biz Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə hazırıq”.
Nazirin çıxışından təəssüflənən keçmiş siyasi məhbus Anar Məmmədli Medan TV-yə bildirib ki, cənab nazirin fikirlərində Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı yeni inkişaf istəkləri qeyd olunmur: “Nazir indiyədək səslənmiş fikirləri bir daha təkrarlamaqla Azərbaycan hökumətinin guya ki, Avropa Birliyi ilə yüksək münasibətlərdə olduğunu göstərməyə çalışsa da, əslində Azərbaycan hakimiyyətinin Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində ehtiyatlı mövqeyi olduğunu nəzərə çatdırıb: “Əslində unutmamalıyıq ki, bütün Şərq Tərəfdaşlıq ölkələrinə təklif olunmasına baxmayaraq, hökumət indiyədək Assosiyasiya Sazişini imzalamaqdan çəkinir və ehtiyatlı mövqe tutur. Bu proqrama cəlb olunan ölkələr sırasında yalnız Azərbaycan, Belarus və Ermənistan Avropa Birliyi ilə münasibətlərdə ciddi məsafə qət etməyib, bizim isə ən ciddi nailiyyətimiz hələlik vizaların sadələşdirlməsi ilə bağlı sazişdir”.
Anar Məmmədli deyib ki, nazirin strateji tərəfdaşlıq sazişi ilə bağlı fikirləri isə ictimaiyyət üçün əhəmiyyəti bəlli olmayan, yetərincə qapalı və məchul bir sənədlə əlaqəli təskinlik cəhdidir: “Əslində, Azərbaycan cəmiyyətinin mühüm hissəsi Avropa Birliyi ilə yüksək iqtisadi, siyasi və mədəni əlaqələrin qurulmasından, bu yöndə hakimiyyətin daha təpərli davranmasından yanadır. Əfsus ki, hakimiyyət bununla bağlı siyasi iradə göstərməkdən çəkinir və AB ilə münasibətlərin dərinləşməsi və möhkəmlənməsində tormozlayıcı funksiyanı daşıyır”.