Ana: Körpəyə ”Pampers” almağa pulum yoxdur, balamı sellofana bükürəm

İsmayıllı sakini işsizlikdən, şəraitsizlikdən gileylidir

Source:


İsmayıllı sakini işsizlikdən, şəraitsizlikdən gileylidir

“Evimə ay ərzində hətta 1 manatın belə girmədiyi vaxtlar olur. Üç övladımla balaca bir daxmada yaşayıram. Onun da altına su axıb, yığılır, döşəmə və divarlar kif atır”.

İsmayıllı rayonu, Qarabağ qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Günay Məmmədova belə deyir. O, 1986-ci il doğumlu Bəhruz Məmmədovla evlidir. 8 ildir ailə quran cütlük Yusif, Yaqub və İbrahim adlı üç azyaşlı övladı ilə balaca bir evdə yaşayır:

“Həyat yoldaşımla ailə qurandan sonra müvəqqəti olaraq, balaca bir otaq tikdik. Otaq bir daşla hörüldüyü üçün qışda burada yaşamaq mümkün olmur. Özünüz baxın, burada insan yaşayar? Nə normal iş var, işləyək, nə də ki, sosial yardım. Həyat yoldaşım İsmayıllı kərpic zavodunda günəmuzd fəhlə işləyir. Orada da hər gün iş olmur. Ötən il kərpicdən ev tikdik, yarımçıq qaldı. İndi evimizi düzəltməyə imkanımız çatmır. Evin üzərinə dam örtüyü vurulmasa, bu qış da qalsa, ondan heç nə olmayacaq. Çünki kərpicdir, sıradan çıxacaq, əziyyətimiz yerdə qalacaq. Dövlət mənə pul versin, evimi tikim. Eybi yox, hər ay hissə-hissə ödəyərəm. Amma faiz qoymasınlar”.

Şikayətçi deyir ki, aidiyyatı qurumlara müraciət edib, lakin müsbət cavab ala bilməyib. Qarşıdan da qış gəlir, ailənin qayğıları birə on artır:

“Necə deyim, hər yola əl atdım, amma mənə kömək edən olmadı. Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Şikayətim İsmayıllı Rayon İcra Hakimiyyətinə yönləndirildi. İcra Hakimiyyətindən də dedilər ki, evinizi tikmək bizim vəsait daxilində deyil. Ünvanlı sosial yardım almaq üçün də müraciət etdim. Dövlət Sosial Müdafiə Fondununun İsmayıllı Rayon Şöbəsində dedilər ki, sizə sosial yardım düşmür. Yoldaşıma dedilər ki, sən muzdlu fəhlə işləyirsən, sosial yardım almaq haqqın yoxdur. Bildirdilər ki, həbsxanada olan, ya da ki, ailə başçısı olmayan adamlara sosial yardım verirlər. Yoldaşım da deyir ki, kimisə öldürüb, həbsxanaya düşüm? Yoxsa özümü öldürüm ki, balalarım sosial yardım ala bilsin? Bəs yaxşı, biz neyləyək? Sosial yardım vermirlər, işlə təmin etmirlər. Dərdimizi kimə deyək? Yenə də “səbr” deyib, dözürük “.

“Sabah mənim uşağım vərəm, yaxud sətəlcəm olanda, ciyərləri sıradan çıxanda, heç kim yaxına durmayacaq. Bu yaxınlarda ortancıl oğlumun vəziyyəti ağırlaşdı. Buradakı xəstəxanadan təcili olaraq Bakıya göndərdilər. Həmin vaxt gətirib stolumun üstünə 10 qəpik qoyan olmadı. Yoldaşım borca girdi. Fikirdən dəli olurdum ki, görəsən nə oldu, uşağımı Bakıya göndərirlər? Şəhərdə həkimlər dedi ki, ciyərləri nəmişlik yerdə yatmaqdan möhkəm soyuqlayıb. Uşaq yayda bu hala düşüb, təsəvvür edin, qışda vəziyyət necə olur. Qışda sobaya nə qədər odun atırdıq, otaq qızmırdı. Yerdə yatırdıq, donurduq. Axırda çarəsiz qalıb qaynatamgilə getdik, bizə bir otaq verdilər”, – Günay Məmmədova söyləyir.

Ailəyə Günayın xadimə işləyən anası köməklik göstərir. Deyir ki, o, yeməyə ərzaq, ya da 5-3 manat pul göndərir:

“Yoxsa qırılıb-batarıq. Anamın sayəsində birtəhər dolanırıq. Uşaqların paltarlarını bir-birinə geydindirib, böyüdürəm. “Pampers” almağa pulum yoxdur, balamı sellofana bükürəm. Pulsuzluq bir yandan, digər yandan da uşaqların səhhəti əldən gedir. Kiçik oğlumun ürəyində anadangəlmə dəlik var. Hazırda müalicə etdiririk. Sağ olsunlar, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında müalicəni təmənnasız edirlər”.

DSMF-nun İsmayıllı Rayon Şöbəsindən Meydan TV-yə bildirilib ki, hər bir vətəndaş ünvanlı sosial yardım almaq üçün elektron qaydada müraciət edir. Müraciət avtomatlaşdırlımış şəkildə həyata keçirilir:

“Vətəndaşın elektron informasiya sistemi vasitəsilə etdiyi müraciəti dəqiqləşdirilir, sonra qərar verilir. Buna heç kimin fiziki olaraq müdaxiləsi mümkün deyil. Hər bir şikayətçiyə elektron müraciət vasitəsilə imtina səbəbləri göstərilir. İmtina səbəbləri tutarsız olması mümkün deyil, hər biri əsaslandırılmış olur”.

İsmayıllı Rayon İH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov Meydan TV əməkdaşı ilə söhbətində Bəhruz Məmmədovu qəbul edib, şikayətinə baxılacağını bildirib:

“Məmmədov Bəhruz Çingiz oğlunun ərizəsi bizə yeni daxil olub. Ərizəyə baxılır, şikayətçiyə qanuna uyğun şəkildə cavab verəcəyik. İcra Hakimiyyəti nə ev tikir, nə də ünvanlı sosial yardım verir. Lakin bununla belə, işlə təmin olunması üçün şikayətçini İsmayıllı rayon Məşğulluq Mərkəzinə istiqamətləndirəcəyik”.

Ana səhifəBölgəAna: Körpəyə ”Pampers” almağa pulum yoxdur, balamı sellofana bükürəm