“Amnesty International” illik hesabatını açıqlayıb

Foto: By Casimiro PT/Shutterstock

Həbslər, ağırlaşan ittihamlar, sürgünlər, işgəncələr

“Amnesty International” beynəlxalq qeyri-hökumət təşkilatı illik insan haqları hesabatını açıqlayıb.

Hesabatda qeyd olunur ki, 2024-2025-ci illər ərzində Azərbaycanda ifadə azadlığı, toplaşma və birləşmə hüquqları ciddi şəkildə məhdudlaşdırılıb, müstəqil vətəndaş cəmiyyəti təşkilatları bağlanıb və insan hüquqları müdafiəçiləri, jurnalistlər və digər hökumətə tənqidi yanaşan şəxslər siyasi motivli ittihamlarla həbs, ya da sürgün ediliblər.

Müstəqil insan hüquqları monitorinqi, hesabatlılıq qadağan edilib, ədalətli məhkəmə hüquqları geniş şəkildə pozulub və cinayət ədliyyə sistemi siyasi məqsədlər üçün sui-istifadə edilib.

Hesabatda həmçinin, 2024-cü ilin noyabr ayında Bakıda keçirilən COP29 iqlim dəyişikliyi konfransı ərəfəsində hökumətin müstəqil vətəndaş cəmiyyəti üzərindəki təzyiqləri artırdığı bildirilir.

Konfransda Azərbaycandan olan müstəqil səslər iştirak etməyib, çünki bir çox fəal və jurnalist ya həbsdə olub, ya da sürgündə olub. Konfransda iştirak etməyə icazə verilən az sayda şəxslər isə təzyiqlərdən qorxduqları üçün ictimaiyyət qarşısında danışmaqdan çəkiniblər.

“Amnesty International” hakimiyyətin ötən il fevralın 9-da növbədənkənar prezident seçkisinin müşahidəçilərinə də məhdudiyyətlər qoyduğunu, müşahidəçilərin bu seçkini real rəqabət olmadığına görə tənqid etdiyini bildirir.

Hesabatda daha sonra ötən il həbsdə olan “AbzasMedia” jurnalistlərinə qarşı əlavə ittihamlar verildiyi, tədqiqatçılar İqbal Əbilov və Bəhruz Səmədovun vətənə xəyanət ittihamları ilə saxlandığı bildirilir. Həbs cəzalarına məhkum edilən fəallar Ayxan İsrafilov, Coşqun Musayev, digərlərinin adları sadalanır. Sərbəst toplaşma azadlığının sərtliklə və aşırı şəkildə məhdudlaşdırıldığı, dinc etirazlarda iştirak edənlərin həbs olunduğu vurğulanır.

Hökumətin həbsdə olan tənqidçilərinə adekvat tibbi xidmət göstərilmədiyi, onların səhhətinin pisləşməkdə olduğu qeyd edilir. Anar Məmmədli, Ələsgər Məmmədli, Fazil Qasımov, digərlərinin adları sadalanır.

İllərdir Azərbaycanın beynəlxalq insan haqları reytinqlərində yeri dəyişməz qalır, fundamental insan hüquq və azadlıqların pozulduğu əksər hesabatlarda yer alır.

Prezident İlham Əliyev aprelin əvvəlində “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” kimi qurumların tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməli olduğunu deyib.

Ana səhifəSiyasət“Amnesty International” illik hesabatını açıqlayıb