“Amnesty International” əfvi yetərli saymadı

“Bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz buraxılmalıdır”

Source:


“Bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz buraxılmalıdır”

“Azərbaycanın iki vicdan məhbusunu azad etməsi müsbət addımdır, ancaq həbsxanada hələ də 20 belə məhbus qalır. Buna görə də, bu əfvi Avropa Oyunları ərəfəsində tənqidləri azaltmaq üçün formal jest saymaq olar”.

Azadlıq Radiosunun məlumatına görə bu bəyanatla “Amnesty International” hüquq-müdafiə təşkilatı Azərbaycan prezidenti İlham Əliyevin iki gün qabaq imzaladığı əfv sərəncamına münasibət bildirib. Sərəncamla iki siyasi məhbus – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru Bəşir Süleymanlı ilə bloqqer Orxan Eyyubzadə də azadlığa çıxıb.

“Amnesty International” isə bunu yetrəli saymır. “Bu, yaxşı xəbərdir, ancaq bəs rejimin tənqidindən savayı real cinayət törətməyən başqaları necə olacaq? Azərbaycan hakimiyyəti bir əli ilə verdiyini digər əli ilə alır. İki gün əvvəl məhkəmə bir müxalifətçinin qardaşına uydurma ittihamlarla altı il cəza kəsib. Azərbaycanda rejim insan haqları barədə doğrudan ciddi düşünürsə, bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz buraxmalıdır. Hökumət tənqidçilərinin siyasi motivli ittihamlarla həbsi dayandırılmalıdır”, – deyə “Amnesty International”ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivoşiv qeyd edib.

“Amnesty International” eyni zamanda hakimiyyəti Bəşir Süleymanlı və Orxan Eyyubzadəni azad etməklə kifayətlənməməyə, onlara qarşı ittihamları dərhal ləğv etməyə, Orxan Eyyubzadənin həbsdə pis rəftara məruz qalması iddialarını araşdırmağa çağırır.

Ana səhifəXəbərlər“Amnesty International” əfvi yetərli saymadı