“Amerikaya qarşı olanların yanında yer alırıq”

Erkin Qədirli: “Ölkəmizi niyə Şanxay Əməkdaşlıq Təşkilatına aparırsınız?”

Source:


Erkin Qədirli: “Ölkəmizi niyə Şanxay Əməkdaşlıq Təşkilatına aparırsınız?”

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dövlət başçılarının Şurasının Ufada keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin bildirib ki, bəzi ölkələr bu və ya digər formada bu təşkilata qoşulmaqda maraqlıdır.

“Azərbaycan, Ermənistan, Kamboca və Nepal dialoq üzrə tərəfdaşlar kimi ŞƏT ailəsinə qoşulacaqlar”, – V.Putin ŞƏT dövlət  başçıları Şurasının iclasını açarkən deyib. (“Turan İA”)

V.Putinin sözlərinə görə, ŞƏT-in işində iştirak etmək istəyən başqa ölkələr də var. “Bir çox ölkələr bu və ya digər formada bizim təşkilata qoşulmaqda maraqlıdırlar. Müvafiq tələbləri nəzərə almaqla onların müraciətlərini diqqətlə nəzərdən keçirəcəyik”, – o vurğulayıb.


* ŞƏT-ə altı dövlət daxildir: Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Tacikistan və Özbəkistan. ŞƏT-in özəyini hərbi əməkdaşlıq təşkil edir, lakin sonradan təşkilat iqtisadi əlaqələrə də yer ayırıb. ŞƏT 2001-ci ildə təsis edilib.

ReAL İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli öz Facebook səhifəsində Putinin açıqlamasına münasibət bildirib: “Putin deyib ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatında “dialoq partnyoru” kimi iştirak edəcəklər.

Birincisi, niyə biz belə xəbərləri öz prezidentimizdən deyil, Rusiya prezidentindən öyrənirik? Bu, nə ünsiyyətdir belə? Xalqın hər şeydən sonradan və başqa (xarici) mənbələrdən xəbər tutması, bir çox işin düz getmədiyindən xəbər verir.

İkincisi, niyə bizi, düşmənimiz olan Ermənistanla eyni “dialoqa” aparırsınız? Avropayla münasibətlərə gələndə ümumi yanaşmanı rədd edir, ölkəmiz üçün ayrıca şərtlər tələb edirsiniz, burada niyə eyni mövqedən çıxış etmirsiniz?

Üçüncüsü, Şanxay Əməkdaşlıq Təşkilatının ortaq prinsipləri, təməl dəyərləri, ümumi məqsədləri varmı? Yox! Liderlərinin danışmaqlarına baxmayın, gerçəkdə onları birləşdirən tək bir şey var – anti-Qərb, konkret olaraq anti-Amerika maraqları. Amma hətta bu maraqlar da ortaq deyil – hərəsinin Amerikayla bağlı öz iradları, öz təhlükələri var. Bundan əlavə, bu ölkələrin heç ortaq tarixi və dini bağları belə yoxdur. Rusiya – xristian, Çin – konfusian, Hindistan – hinduist/buddist, Pakistan – müsəlman (sünni), İran – müsəlman (şiə). İndi bunlar heç bir peyğəmbərin görə bilmədiyi işi görəcəklər – dünyanın əsas dinlərini barışdıracaqlar? Unutmayın ki, dünya (xüsusilə Şərq) yenidən dini ədavət dövrünə girməkdədir”.

Erkin Qədirli deyir ki, bu ölkələr arasında ərazi (sərhəd) mübahisələri hələ də həll olunmayıb. Hər an silahlı münaqişə başlana bilər. Çinlə Hindistan arasında, Pakistanla Hindistan arasında belə münaqişə ehtimalı daha yüksəkdir: “Amma Rusiya və Çin arasında da ərazi problemləri getdikcə artacaq (onların arasında müharibə olmuşdu). Çinin demoqrafik basqısına Rusiyanın cavabı yoxdur.

Bu ölkələrin tarixində heç zaman birlikdə siyasət yürütmək təcrübəsi olmayıb. Aralarında elə bir dövlət də yoxdur ki, başqalarına öz iradəsini yeritməklə (məsələn, ABŞ və Avropa arasında olduğu kimi) belə bir təcrübəni yarada bilsin.

Bu ölkələrin “qırmızı xətləri” – yəni, heç zaman etməyəcəkləri şeylər haqqında təməl anlaşmaları yoxdur. Bu gedişlə olmayacaq da. Onları bir araya gətirən Amerikaya qarşı olan riskləridir. “Qarşı olmaq” siyasi mövqe deyil. Siyasi mövqe mütləq nəyinsə uğrunda olmalıdır. Bu ölkələrin belə bir nəyisə yoxdur”.

Hüquqşünasın fikrincə, bu ölkələrin, xüsusilə Rusiyanın, danışmağıyla deyil, aralarında iqtisadi əməkdaşlığın özü belə Qərbdən, konkret olaraq Amerikadan çox asılıdır: “Silah və yüksək texnologiyalardan başlamış, elektron ödəniş yollarında qədər hər şey Qərbin əlindədir. Yol demişkən, ABŞ indi Trans-Pasifik Əməkdaşlıq (ticarət anlaşmasını) hazırlayır. Həmin anlaşmada 12 dövlət – ABŞ, Kanada, Avstraliya, Yaponiya, Yeni Zelandiya, Malayziya, Bruney, Sinqapur, Çili, Meksika, Peru və Vyetnam – olacaq. Bu ölkələrin maliyyə durumu, ÜDM-i və başqa iqtisadi göstəriciləri xeyli yaxşıdır. Üstəlik, aralarında ABŞ kimi hərbi müdafiə və başqa təhlükəsizlik məsələlərini öz üzərinə götürməyə hazır və qadir ölkə var. Daha önəmlisi, ŞƏT-dan fərqli olaraq, TPƏ əməkdaşlığı quru üzərindən deyil, dəniz üzərindən edəcək. Yəni, ABŞ-ın dünyada üstün dəniz gücü bu əməkdaşlığı hamı üçün faydalı edəcək. Dənizdən fərqli olaraq, quru açıq deyil. Odur ki, ŞƏT burada da TPƏ-ya uduzacaq.

Bütün bunları nəzərə alaraq, iqtidarın ünvanına suallarımı təkrarlamaq istəyirəm. Ölkəmizi niyə ŞƏT-ə aparırsınız? Nə var orada? Nə söz veriblər sizə? Orada verilən sözlərə inanmağa hansı əsaslarınız var? ŞƏT ölkələrinin nə ortaq dəyərləri, nə ortaq tarixi, nə ortaq prinsipləri, nə də ortaq təcrübələri var. Amma Avropada bunların hamısı var. Açıq və aydın qaydalar var Avropada. Bəli, həmin qaydalar heç də həmişə dürüst tətbiq olunmur, amma onları anlamaq və özününküləşdirmək olur. Avropanın dilini də yaxşı bilirik. ŞƏT-da kimin dilini bildiyimizə iddia edirik? Biz türkük. Türklərlə dərin tarixi ədavəti olan Rusiya, Çin və İranla necə yaxınlaşmaq istəyirsiniz? Rusiya Tatarstana icazə vermədi ki, əlifbasını Latın qrafikasına çevirsin. Çin Uyğurları əzir, İran azərbaycanlılara ana dilində təhsil belə vermir. Yaxşı, tutaq ki, onların böyük iddiaları və ABŞ-a qarşı  planları var. Bizim ABŞ-a qarşı nəyimiz var? Nə işimiz var ABŞ-a qarşı birləşənlərin arasında?”

Erkin Qədirlinin sözlərinə görə, bu iqtidar hüququn üstünlüyünü, demokratik təcrübələri, insan haqlarına hörməti qəbul edə bilmir və həmin dəyər, təsisat və təcrübələri qəbul etməyən ölkələrin yanında olmağa çalışır. “Xarici siyasətləri ölkəmiz üçün təhlükəli mərhələyə girir. Vaxt vardı, Ermənistan komplementar xarici siyasətdən danışırdı. Nə oldu? Axırda Rusiyaya tabe oldu. Buradakı iqtidar da bir ara balanslaşdırılmış xarici siyasətdən danışırdı. Çoxdandır bu ifadəni işlətmirlər, Rusiya tərəfə yön alıblar, ölkəmiz üçün təhlükəli oyun oynayrlar” – deyə ReAL üzvü fikirlərini yekunlaşdırıb.

Ana səhifəXəbərlər“Amerikaya qarşı olanların yanında yer alırıq”