“Hökumətin öz vətəndaşları, eləcə də Amerika təşkilatları, işçiləri və mətbuatla davranışı açıq-aşkar sabitliklə uyuşmur və buna qeyri-ciddi baxmaq olmaz”
ABŞ Konqresinin üzvü Bill Kitinq Azərbaycan hakimiyyətini “Azadlıq radiosu”nun Bakı redaksiyasının bağlanmasına görə pisləyib.
Konqresmenin radionun saytında dərc edilmiş bəyanatında deyilir:
“Azərbaycan hökumətinin Amerika və digər beynəlxalq QHT-lər və media qurumlarını qəsdən hədəfə almasından çox narahatam. Əksəriyyəti yerli vətəndaşlara vacib kömək göstərən bu təşkilatlar ofislərini bağlamağa məcbur olub. Onların sırasına İREX, Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, ABŞ Sülh Korpusu daxildir.
Azərbaycan rəhbərliyinin son hədəfi Azadlıq Radiosu – Azad Aropa/Azadlıq Radiosunun Bakı bürosudur. Hökumətin Azadlıq Radiosunda apardığı reyd, eləcə də jurnalist Xədicə İsmayılova, hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunus və digərlərinin həbsi – Azərbaycan rəhbərliyinin niyyətləri və onların ABŞ və Qərblə tərəfdaşlıq istəyinə dair ciddi narahatlıq yaradır.
Azərbaycan qlobal miqyasda müsbət rol oynaya bilər. Ancaq hökumətin öz vətəndaşları, eləcə də Amerika təşkilatları, işçiləri və mətbuatla davranışı açıq-aşkar sabitliklə uyuşmur və buna qeyri-ciddi baxmaq olmaz. Administrasiyanı Azərbaycan rəhbərliyi ilə təmaslarda bu məqamları önə çəkməyə çağırıram”, deyə Kitin qeyd edib (Turan İA).