AMEA-nın keçmiş prezidenti vəfat edib

Eldar Salayev. Mənbə: Azertac

Akademikin vəfat səbəbi açıqlanmayıb

İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.

Bu barədə AMEA-nin mətbuat xidməti məlumat yayıb.

Eldar Salayev 1933-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib.

1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib.

1983–1997-ci illərdə AMEA-nın prezidenti olub.

E.Salayev akademik S.İ.Vavilov, H.Z.Tağıyev, N.Nərimanov mükafatlarının laureatıdır.

O, İslam Akademiyasının üzvüdür.

Eldar Salayev 2005-ci il oktyabrın 17-də Milli Məclisin mühacirətdə olan eks-spikeri Rəsul Quliyevin Bakıya dönməsilə bağlı planlaşdırıldığı iddia olunan dövlət çevrilişinin təşkilində ittiham olunan keçmiş maliyyə naziri Fikrət Yusifovun izahatları əsasında saxlanılmışdı.

Fikrət Yusifov istintaqa verdiyi ifadəsində dövlət çevrilişinə cəhdin maliyyələşdirilməsi üçün müxtəlif məmurlardan yığdığı pulları Eldar Salayevə verdiyini demişdi.

Həmin ilin noyabrın 16-da Nəsimi Rayon Məhkəməsi qərarı ilə akademik Eldar Salayev həbsdən azad edildi.

2010-cu ildə Avropa Məhkəməsi Eldar Salayevin həbs edilən zaman hüquqlarının pozulduğunu təsdiqləyən qərar çıxartdı.

E.Salayevin II Fəxri Xiyabanda dəfn ediləcəyi bildirilib.

Ana səhifəXəbərlərAMEA-nın keçmiş prezidenti vəfat edib