Almaniyadakı siyasi fəallar mühacirlərin deportasiyasına etiraz edir

Mənbə: Meydan TV

“Cəfər Mirzəyevin azad edilməsi üçün Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilsin”

Almaniyada yaşayan azərbaycanlı siyasi fəallar mühacirlərin deportasiyasına etiraz edirlər. Fevralın 17-də bir qrup siyasi fəal Gelsenkirchen İnzibati Məhkəməsinin və Recklinghausen Şəhəri Əcnəbilərlə İş İdarəsinin önündə “Qərarlarınızla siyasi aktivistləri diktatura rejimlərinin qurbanlarına çevirməyin” tələbi ilə aksiya keçiriblər.

Bu barədə Meydan TV-yə aksiyanın  təşkilatçilarından biri, DAS (Demokratik Azərbaycanı Seç) təşkilatı sədrinin köməkçisi Aliş Abdullayev məlumat verib. Onun sözlərinə görə, məqsədləri təşkilatın üzvü, 2014-cü ildən Almaniyada məskunlaşmış və ötən il, noyabrın 25-də Azərbaycana deportasiya edilmiş Cəfər Mirzəyevin pozulmuş hüquqlarının müdafiəsini təşkil etməkdir. Cəfər Mirzəyev deportasiya olunduqdan sonra həbs edilib. Yaxınları onun işgəncələrə məruz qaldığını bildirir.

Cəfər Mirzəyev yanvarın 27-də Bakıda saxlanılıb və Sabunçu Rayon Məhkəməsinin 28 yanvar tarixli qərarıyla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi açılıb. 

“Cəfər Mirzəyev saxlanıldıqdan sonra ona polis bölməsində etirafedici ifadə almaq məqsədilə işgəncə verilib. Eyni zamanda Cəfər Mirzəyev işgəncə alması barəsində vəkilinə də məlumat verib. Hazırda barəsində dörd aylıq həbs qəti-imkan tədbiri seçilmiş Cəfər Mirzəyevi 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bildirmək istəyirik ki, Cəfər Mirzəyev Almaniyada DAS təşkilatının keçirdiyi bütün siyasi mitinqlərdə iştirak edib, sosial şəbəkələrdə Azərbaycan siyasi rejimi əleyhinə ifadələr səsləndirib. Onun “Facebook” hesabındakı rejim əleyhinə statusları və mitinqlərdəki görüntüləri silinsə də, DAS təşkilatının sosial şəbəkə hesabında və digər profillərdə bu görüntüləri görmək mümkündür”, – Alış Abdullayev deyib.

Aksiyanin digər təşkilatçisi Nurlan Rəsulovun sözlərinə görə, 2021-ci ildə Almaniyadan Azərbaycan deport edilmiş və həbs edilərək işgəncə almış siyasi fəallara – Malik Rzayevə, Mütəllim Orucova və Pünhan Kərimliyə qarşı da eyni ittiham üzrə (Cinayət Məcəlləsi 234. Maddə) cinayət işi açılıb:

“Bu, onu göstərir ki, onlar siyasi fəaliyyətinə və İlham Əliyev rejimini tənqid etdiyinə görə azadlıqdan məhrum ediliblər”. 

“Hazırda Cəfər Mirzəyevin həbsdə olması və işgəncə alması Azərbaycanda insan hüquqlarının pozulmasını bir daha təsdiq etməklə yanaşı, eyni zamanda beynəlxalq qanunvericiliyə görə Almaniya hökumətinə də məsuliyyət yaradır. Belə ki, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş İşgəncələrə və digər Qəddar, Qeyri-İnsani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza Növlərinə Qarşı Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndində göstərilir:

Mənbə: Meydan TV

“İştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir”.

Aksiyanin digər iştriakçisi, DAS üzvü Rövşən Cabbarovun sözlərinə görə, etirazçıların  müraciəti həm Gelsenkirchen İnzibati Məhkəməsinə və Recklinghausen Şəhəri Əcnəbilərlə İş idarəsinə təqdim edilib.

Müraciətdə tələb olunur:

• Azərbaycan hakimiyyətindən tələb edilsin ki, Readmissiya haqqında sazişin prisiplərinə əməl etsin;

• “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə cavabdeh olan Azərbaycan və Almaniya rəsmi orqanları Sazişin tələblərinə hörmət edilməsi və onun prinsiplərinə əməl olunması üçün müvafiq tədbirlər görsün;

• Almaniya Xarici İşlər Nazirliyindən tələb edilsin ki, Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqları kontekstinə diqqət yetirsin.

• Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Alman hakimiyyəti Azərbaycan dövlət orqanlarından Cəfər Mirzəyevin azad olunması üçün müvafiq tədbilər görsün;

• Cəfər Mirzəyevə qarşı işgəncə, qəddar və digər qeyri-insani rəftara son qoyulsun;

• Cəfər Mirzəyevin azad edilməsi üçün Azərbaycan hökumətinə siyasi təzyiqlər göstərilsin.

Ana səhifəSiyasətAlmaniyadakı siyasi fəallar mühacirlərin deportasiyasına etiraz edir