Rasim Ağayev: ”Rusiyanın qanuni hökuməti dəstəkləməsi və radikal islamçılarla döyüşməsi baxımından şeyxülislamın fikrinə haqq qazandırmaq olar”
“Yaxın Şərqdə, xüsusilə də Suriyada sabitliyin bərqərar olunmasında, hökm sürən xaosun aradan qaldırılmasında Rusiyanın oynadığı rol əhəmiyyət kəsb edir”.
QMİ-dən APA -ya verilən məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun anadan olmasının 65 illiyinə həsr olunmuş beynəlxalq konfransda deyib.
Şeyxülislam qeyd edib ki, ekstremistlər, təkfirçilər, din adından istifadə edən sektalar, İŞİD və digərlərin məqsədi və məramlarının, habelə cəmiyyət daxilində nifaq salan, xalqların əsrlər boyu formalaşmış mənəvi köklərini məhv edən, ənənəvi dəyərlərə və dövlətçiliyə qarşı radikal addımlara sövq edən, gəncliyi psevdoislam ideyalarla zəhərləyərək alçaq niyyətlərinə alət edənlərin İslama, müsəlmanları narahat edən problemlərə heç bir dəxli yoxdur.
Siyasi şərhçi Rasim Ağayev Meydan TV-yə bildirib ki, Rusiyanın qanuni hökuməti dəstəkləməsi və radikal islamçılarla döyüşməsi baxımından şeyxülislamın fikrinə haqq qazandırmaq olar: “Moskva hərbi müdaxiləni yalnız Bəşər Əsədlə deyil, Amerikayla razılaşdırmışdı. Ancaq indi Rusiya müharibəyə müdaxilə etmir, yalnız radikal islamçıların hərbi bazalarını dağıdır. Bu əməliyyatların nəticəsində Rusiyanın regionda hərbi-siyasi rolu artdı. Bu isə Rusiya və region üçün təhlükədir. Çünki bütün hallarda terrorçuları məhv etmək mümkün olmur, bu cür davam edərsə, qarşıdurma ağır mərhələyə keçə bilər”.
Rasim Ağayev hesab edir ki, Rusiya prezidenti Putin Suriya məsələsinə çox ehtiyatla yanaşır: “SSRİ-nin Əfqanıstan təcrübəsi var, ötən əsrin 80-ci illərindən sonra öz əsgərlərinin kənarda ölməsi şimal ölkəyə o dərəcədə sərf etmir. Həmin təhlükənin yenidən yaşanması Putinin özü üçün də daxildə böyük problemlər yarada bilər”.