Quranda belə deyilir
Gözümü açandan anamı namaz qılan, oruc tutan görmüşəm, yəni Allah, peyğəmbər sözləri eşitmişəm həmişə. Anamın Allaha böyük sevgisi vardı, bir az da qorxurdu ondan. Bəzən bizi də onunla qorxudurdu. Çoxu belədir, Allahı sevdirmək əvəzinə onun qorxulu obrazını yaradır…
Anam Allaha xatir kimsəsizlərin qapısını döyür, köməksizlərə kömək əlini uzadırdı. Yardıma ehtiyacı olanların köməyinə bizi də aparırdı. O adamlara ot da biçmişik, yer də belləmişik, əkinini becərmişik, məhsulun yığmağa kömək də etmişik, aparıb bazarda satmışıq da. Ata-anamız bizi yaxşılıq etməyə öyrədib. Uşaq olanda anamın ətəyindən tutub məscidə də getmişəm. Düzdür, təzə qaloşum məsciddə oğurlanandan sonra bir daha ora getmədim…
O hər şeyi yaradandır (“Ənam” surəsi)
Son günlər Allah ən aktual mövzuya çevrilib, allahsızlıq edənlər belə onun müdafiəsinə qalxıb. Hələ biri lap qabağa gedib, şikayətfason post da yazıb ki, elə bil Allah ancaq şiələrindir. Şiələrdən başqa heç kim Allahın təhqir olunmasından narahat deyil. Bilmirsən güləsən, yoxsa ağlayasan. Allah nə vaxtdan şəxsiyə çevrildi? Bu yerdə yadıma “Axırıncı aşırım” filmindən Kərbəlayı İsmayılın sözü düşdü:
“Nikolayı müsəlmanların Allahı yerlə-yeksan edib”.
Allah nə vaxtdan ancaq müsəlmanın oldu? Bütün yaradılışın sahibi odur, demirsiz? Bəs nədən hamının adından danışırsız? Bu da Azərbaycansayağı seçki deyil ki, Məzahir Pənahova görüm-baxım edib mandat alasan, Allaha vəkillik edəsən?! Bu, nə düşüncədir?..
“O, öz hökmranlığına heç kimi ortaq etməz (“Kəhf” surəsi)
Elə bil dayanmadan geriyə gedirik, ya da kimlərsə bilərəkdən bizi geri, cəhalətə sürükləyir. Əcnəbi seyrə balonlarla çıxdıqca, biz minməyə heç fayton da axtarmırıq. Kiminsə Allahı söyməsi təzə söhbət deyil. Ona qalsa, Qərb zonasında hər gün bu söyüşü eşidə bilərsiz və indiyə kimi kimsə buna görə nə kiminsə başını yarıb, nə etiraz aksiyası keçirib, nə də kimisə məhkəməyə verib. Biz kimik ki, Allaha vəkillik edək? Onu söyən polisi də Allahın bəndəsi sayırsız axı. Allah bilər, bəndəsi bilər. Bir dəstə çadralını Allahın müdafiəsinə səfərbər etməyin anlamı nədir? Axı indiyə qədər Allahın kimsəni köməyə çağırdığını eşidən olmayıb. Həmişə görmüşük ki, qaçan da, qovan da Allahı çağırıb. “Qurani-Kərim”də “İxlas” surəsində yazıldığı kimi: “Allah heç kəsə, heç nəyə möhtac deyil!” Möhtac deyilsə, onda niyə ortaya atılırıq, həm də onun bütün bəndələrinin əvəzindən, belə baxanda heç sevimli bəndələri də sayılmırıq; müsəlman olaraq. Onda niyə “Padşah yerdə Allahın kölgəsidir” deyən, yaltaqlıq, mütilik aşılayan din xadimlərinə, mollalara etiraz eləmirik?
”O necə də gözəl görür, necə də yaxşı eşidir!” (“Kəhf” surəsi)
Bu ölkədə hər şeyin absurdunu görmüşdük, ancaq bundan absurdunun ola biləcəyinə inanmıram. Özlərini dindar sayanların bu şəkildə Allahın müdafiəsinə qalxmasını anlamaqda çətinlik çəkirəm. Allah şəxsi mülk, ya da kiməsə məxsus deyil ki, onu özəlləşdirəsən. Axı elə din adamları, Quranı oxuyublarsa, bilirlər, bilməlidirlər ki, Allah təkdir. Həqiqətən, inancları varsa, O-nun təkliyini qəbul edirlərsə, müsəlmanın da, xristianın da, yəhudinin də, lap elə erməninin də Allahının bir olduğunu da anlamalıdırlar. Üstəlik, sünni, şiə adıyla təfriqə salmamalıdırlar. Allah hamının Allahıdır, O-na mütiliklə boyun əyənin də, O-nu sevərək qəbul edənin də, O-nu tanıyıb və ya tanımayıb söyənin də, öyənin də. İranın sionist adlandırdığı, düşmən saydığı yəhudinin də. Din pərdəsi altına girib hansısa qüvvələrin maraqları üçün dövlətə qarşı savaş açanın da. Guya dindar olduğuna görə təqib olunduğunu əsas gətirib din “dostu” İrana yox, “dinsiz” Avropaya qaçıb sığınacaq alanın da…
Unutmayın: Təkcə Allahı yox e, heç kimi söymək olmaz…
Bir az toxdayın. Özünüzü ələ alın. Hər havaya oynamayın. Allahın da işinə qarışmayın. “Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. O, hər şeyi eşidəndir, biləndir” (“Ənbiya” surəsi). Yəni o söyüşləri sizdən qabaq Allah eşidib, Allah xatirinə, O-nun özünün eşitdiyini siz kimdən eşitmisiz, fərqindəsiniz?
Bircə təskinliyimiz var: “Allah bizim Allahdı, keçər günahımızdan…”.