Vurğun Əyyub: ”Fərman qurumun fəaləyyətiylə adı arasında bir uyğunluq yaratdığından doğru qərardır”
Azərbaycanda ali məktəblərə qəbulun test üsulu, dövlət qulluğuna qəbulun müsabiqə əsasında həyata keçirilməsi qüvvədə qalıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.
Nizamnaməyə əsasən Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Dövlət İmtahan Mərkəzi mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə əsasında həyata keçirəcək. Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirəcək. Qəbul kampaniyasının keçirildiyi müddətdə müxtəlif bölgələrdə sənəd qəbulu komissiyaları yaradacaq və onların fəaliyyətinə nəzarət edəcək. Eyni zamanda yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi təhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını təşkil edəcək. Dövlət İmtahan Mərkəzinin hüquqları sırasına test bankının formalaşdırılması, abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə ödənişli əsaslarla sınaq imtahanlarının keçirilməsi, müqavilə əsasında hazırlıq kurslarının təşkil edilməsi, yaradılmış test bankının mütəmadi təftişini aparılması daxildir.
Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Fərmanı Meydan TV-yə şərh edən keçmiş TQDK-nin sabiq sədri Vurğun Əyyub bildirib ki, yeni qurumun keçmiş komissiyanın adıyla bir uyğun yaradılıb: “1992-ci ildə biz komissiyanı yaradanda əsasnamədə gələcəkdə dövlət qulluğuna qəbulun da qurum tərəfindən aparılacağını yazmışıq. Ancaq o zaman buna texniki imkanlarımız yox idi. Ona görə qurumun adının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qoyuilması ilə razılaşdıq. Sonralar komissiya ali məktəblərə tələbə qəbulundan əlavə dövlət qulluğundan çalışmaq istəyənlərlə bağlı imtahanları həyata keçirdi. Hesab edirəm ki, fərman qurumun fəaləyyətiylə adı arasında bir uyğunluq yaratdığından doğru qərardır”.