Prosesdə blogerin özü də iştirak edib
Aprelin 13-də Bakı Apelyasiya Məhkəməsində bloger Aleksandr Lapşinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
İki vətəndaşlığı (İsrayil və Rusiya) olan A.Lapşin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməkdə günahlandırılır.
Meydan TV-nin məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. İclasda A.Lapşinin özü də iştirak edib.
Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.