Aktyor niyə metroya minməlidir…

Səhnədə Kefli İsgəndəri oynayıb, televiziyada falçılara ekspertlik eləyəndə…

Source:

Bu yaxınlarda xəbər portallarından birində “Metroda gəzən “romeolar” adlı şikayətnamə oxudum. Teatr kassasının yanından keçən qız repertuardakı tamaşanın anonsunda Romeonu oynayan aktyoru yol yoldaşına göstərərək “onu dünən metroda gördüm” deyib. Gənc xanımın bu replikasından çox təsirlənən müəllif Orxan Bahadırsoy “Bu neft-qaz ölkəsində, körpülərin, hündür binaların göz qamaşdırdığı şəhərdə, sahibkarlığın, ticarətin yaxşı gəlir gətirdiyi, rüşvətin məmurlara villalar, saraylar bəxş etdiyi bir zamanda neft-qaz qurğuları mühəndisliyi, inşaat mühəndisliyi, nəqliyyatın idarə olunması, ən azından texnologiyanın hakim kəsildiyi dövrdə kompüter mühəndisliyi kimi ixtisaslardan birinə yiyələnib o sahədə yaxşı pul qazana bilərdin. Sən isə atanın-ananın qarşı çıxmasına, qohumlarının “mütrif” deməsinə, millətinin sənətə və sənətkara qiymət verməməsinə, yol pulunu belə qarşılamayacaq qədər kiçik bir məvacib alacağına baxmayaraq, sırf sənət uğruna, səhnə eşqinə aktyor olursan. Şeirlər qiraət edirsən, dərnəklərə gedirsən, qabiliyyət imtahanına hazırlaşır, İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq fakültəsinə sənədlərini verirsən və qəbul olunursan, dörd il təhsil aldığın müddətdə də teatrlara gedirsən, filmlərdə kütləvi səhnələrdə də olsa rol almaq üçün, teatra dəvət almaq üçün dəridən-qabıqdan çıxırsan, universiteti bitirib min əzab-əziyyətlə teatra işə düzəlirsən” və sair və ilaxır yazır. Sonra da bütün bu “məşəqqətlərdən” keçib səhnədə Hamleti, Oqtay Eloğlunu, Kefli İsgəndəri oynayan aktyorların qəpik-quruş aldığına görə ictimai nəqliyyata minməyə məcbur qaldıqlarından, “axşam teatr səhnəsində hansısa rolu ifa edən aktyoru metroda görən tamaşaçı onun roluna necə inana bilər?” deyə utandıqlarından, Monika Beluççiyə, Bred Pittə göstərilən hörmətin onlardan əsirgəndiyindən şikayətlənir.

Yazı, Fuad Poladovun danışdığı bir hadisəni xatırlatdı mənə. Fuad müəllim də, adətən, ictimai nəqliyyatdan istifadə eləyir və onu avtobusda, ya da metroda görən pərəstişkarları tez-tez qarşısını kəsib “lənət olsun bu zəmanəyə, sizin kimi sənətkarların ayağı yerə dəyməməliydi” deyirlər.

Axı, niyə? Bu xalqın aktyoru, yazıçısı, şairi, nə bilim nəyi niyə xalqından artıq imtiyazlara sahib olmalıdı? Niyə avtobusda, metroda getməkdən utanmalıdı? Bəs səhnədə, ekranda tamaşaçı ilə empatiya qurmaq, inandırmaq üçün gərək olan bədən dili, mimika, jest lüğətini başqa cür necə zənginləşdirə bilər? Fəxrlə adlarını sadaladığınız Hamlet, Kefli İsgəndər kimdi? Hamlet- həqiqəti axtaranların, ədalət uğrunda mübarizə aparanların obrazıdı, Kefli İsgəndər xalqının avamlığından əziyyət çəkənlərin, onu cəhalətin girdabından çıxarıb “imzalar içində imzasını görmək” istəyənlərin. Amma onların mesajını ünvanına çatdıran aktyor sadə insanların arasında və onlardan biri olmaqdan xəcalət çəkir, aktyorluğu peşə seçdiyinə görə xalqdan hörmət tələb eləyir, minnət qoyur, onun sözünə ehtiyac duyulanda isə “mən qəhrəman deyiləm” deyir. Elə belə düşündüyünüzə görə filmlər, seriallar süni dialoqlarla, saxta pafosla doludu. Tamaşaçı sizə metroda rastlaşdığına görə yox, ona yad olduğunuza görə inanmır.

O ki qaldı Bredd Pittə, Monika Beluççiyə göstərilən hörmətə, onların şöhrətinə, limuzinlərinə… Bunların hamısı bir əsr boyunca vint-vint qurulan, istehsalat, reklam, kastinq, marketinq, post-prodakşn, prokatdan və sairdən ibarət nəhəng industriyanın saat kimi işləməyinin nəticəsidi. Azərbaycan kinosunun, teatrını indiki vəziyyətində, sovetdənqalma “əməkdar artist adı versinlər, maaşım otuz manat artsın, dövlət mükafatı ilə təltif olunum, ayda 500 manat alım” ümidilə yaşayaraq o sistemin heç tozuna da çatmaq mümkün deyil. Bundan ötrü normal iş fəaliyyətini təmin eləyən qanunlar lazımdı. Azərbaycan 24 ildi müstəqildi, üç ildi yerli seriallar çəkilir, amma hələ də icraçı ilə işverən arasında münasibətləri tənzimləyən müqavilə sistemi yaradılmayıb, Azərbaycan Kinosunun inkişafına dair dövlət proqramının 18 bəndindən iki, ya da üçü həyata keçirilib. Bütün dünyada aktyorların, ssenaristlərin, operatorların, rejissorların- industriyada olan hər kəsin hüquqları uyğun gildiyalar, həmkarlar ittifaqları tərəfindən qorunur, qonorar verilərkən hətta aktyorun mətninə daxil olan sözlər də sayılır. Bizdə isə Aktyorlar Gildiyasının adı var, özü yox. Hamkarlarınız hər hansı haqsızlığa və ya məcavibin azlığına görə işdən imtina eləyəndə əksəriyyətiniz onun yanında yox, yerində oturursuz. “Səssiz olum, ağrımaz başıma buz bağlamayım, bəlkə qiymətləndirərlər” prinsipi ilə yaşayırsız.

Düzdü, istisnalar da var, amma onlar o qədər azdılar ki, ümumi situasiyanı dəyişməyə yetmirlər.

Fakt odur ki, hörmət- borc, məcburiyyət deyil, verilmir, qazanılır. Siz özünüzə, istedadınıza hörmət eləməyəndən, hüquqlarınızı, səsinizi qorumayandan sonra xalq sizə niyə hörmət eləsin? Bu gün səhnədə Kefli İsgəndəri oynayıb, sabah televiziyada falçılara ekspertlik eləyəndə, təbii ki, İsgəndər kimi yox, “televizordakı əmi” kimi tanınacaqsız.

Uzun sözün qısası, əvvəlcə öz gözümüzdəki tiri görək, sonra xalqın gözündə qıl axtaraq. Və ən əsası…

“Səni sən qılan sevdiyin yox, sevgindi” deyir Şəms Təbrizi.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəAktyor niyə metroya minməlidir…