Aktyor Cövdət Şükürov: “Vaxt olub, tamaşaçı ilə “razborka”ya da getmişəm”
Cövdət Şükürov müasir Azərbaycan kinosunun yeni simalarındandır. Teatr aktyoru kimi fəaliyyətə başlasa da, yeni yaranan serial dalğası onu tamaşaçılara daha çox tanıdıb. Cövdət Şükürovla teatr və kino işindəki çətinliklərdən, aktyor-tamaşaçı münasibətindən və onun arzularından danışdıq.
– Cövdət, bildiyim qədərilə siz Rus Dram Teatrının aktyorusunuz. Neçə ildir aktyor kimi fəaliyyət göstərirsiniz?
– Bəli, Rus Dram Teatrında oynamışam, amma artiq 4-5 ay olar ki, orada çalışmıram. Çəkilişlərim çox olduğu üçün teatra vaxt ayıra bilmədim. Ümumiyyətlə, Rus Dram Teatrında işlədiyim müddətdə ora bağlana bilmədim. Mənə yad gəldi, rus dilində düşünə bilmədim. Amma belə bir neçə maraqlı tamaşa oynadım. Mənə ordan qalan isə bir neçə dost oldu.
– Tamaşaçılar sizin iştirakınızla sosial yüklü qısa filmlərə də baxıb. Məsələn, “Santa-Mariya gəmisi” tütün əleyhinə sosial mesajlı filmdir. Amma səhv etmirəmsə, aktyor kimi məşhurluğu “Cehizsiz gəlinlər” serialı ilə qazandınız? Bunu qəfil şöhrət adlandırmaq olarmı?
– Məncə, populyarlığı ötən il yayımlanan “Dəfnə agacı” serialı ilə qazanmışdım. “Cehizsiz gəlinlər” isə bu şöhrəti daha da möhkəmləndirdi.
– Düşünürsünüzmü ki, tamaşaçı teatr və ya ciddi sosial mesajlı filmlərə bir qədər ədalətsiz davranır? Yəni teatrın, sosial mesajlı işlərin ağırlığı daha çoxdur, amma tamaşaçı yenə serialı sevir…
– Sizinlə qismən razıyam, amma gəlin razılaşaq ki, teatrlarımızın demək olar hamısı yerində sayır. Eyni tamaşalar dəfələrlə səhnələşdirilir. Tamaşa o qədər maraqlı olmalıdır ki, tamaşaçı durub ona baxmağa gəlsin. Axı bizim teatrların səhnələrindəki tamaşalarla iyrimi birinci əsrin tamaşaçısını cəlb etmək mümkün deyil. Serial isə çağırılmamış qonaq kimi hamının evinə gəlir və onu cəlb edir.
– Bir aktyor kimi fəaliyyətinizi serial və teatra bölürsünüzmü? Yəni bu iki yolun sizin üçün mənəvi, yaradıcı yükü fərqlidir, yoxsa hamısına eyni cür yanaşırsınız?
– Mən teatr və kino arasında qalsam, kinonu seçərəm. Çünki kinonu daha cox sevirəm. Teatrda işlədiyim müddətdə belə kino hər zaman mənim üçün birinci yerdə dayanıb. Amma teatrın da öz gözəlliyi var, onun səhnəsinda olmayan adam o ləzzəti anlaya bilməz.
– Özümün də baxdığım “Cehizsiz gəlinlər” serialından danışmaq istərdim. Ritm, mövzu, aktyor peşəkarlığı baxımından serial çox xoşuma gəlir. Amma mentalitetin, yaxud televiziyalardakı senzuranın qorxusu hiss olunur. Sevgi haqda serialda sevgi səhnələri soyuq, rəngsizdir. Təbii, heç kim serialdan erotizm gözləmir. Erotizm axtaran tamaşaçının internetlə ona rahat çıxışı var. Söhbət sevgi səhnələrinin məntiqi davamdından, hissi effektliliyindən gedir. Bu serialda tərəf-müqabilinizin başqa personajlarla dialoqları çox səmimi alınsa da, bir-birinizlə olan səhnələri sönük, süni görünür. Sizə mane olan nədir? Rejissor, mentalitet, yoxsa başqa bir senzura var?
– Çox doğru deyirsiniz, sevgi səhnələri ümumilikdə bizdə süni alınır. Axı kino gerçək həyatı əks etdirir. Mən bir aktyor kimi çox əziyyət çəkirəm. Çünki rolumu ürəkdən oynaya bilmirəm. Səbəb də tamaşaçılarımızın mentalitet tələbidir. Onlar kinoda da aktyordan bu mentalitetə əməl etməsini istəyirlər. Anlaya bilmirəm ki, bu adamlar həyatda necə sevirlər? Bu adamlar deyildimi “Qvadelupa”, “Mehriban düşmən”, “Klon” serialına baxıb göz yaşı axıdan? Bəyəm o seriallarda gördüklərinizlə mentalitetiniz üst-üstə düşürdü? Biz özümüzünkünü heç vaxt bəyənməmişik. Kimdən soruşurlar ki, “seriallarımızı bəyənirsiniz”, deyir “biz öz kanallarımıza baxmırıq, ruslar ya türklər”. Bu söz məni bərk qıcıqlandırır. Bəli, razıyam, televiziyalarımızın vəziyyəti ürəkaçan deyil, amma guya ruslarda və ya türklərdə vəziyyət bizdən daha yaxşıdır? Sağlam tənqidlə biz daha çox qabağa gedə bilərik.
– Serialın səhifəsində və “YouTube” kanalındakı tamaşaçı şərhlərini oxuyursunuzmu? Ümumiyyətlə, istər müsbət olsun, istər mənfi, tənqid sizə necə təsir edir? Məsələn, məyus olursunuz bu dəfə rol yaxşı alınmır, ya oyununuz barədə yaxşı bir şey oxuyub, həmin gün performans göstərirsiniz? Bizi həssas, ziddiyyətli aktyor təbiəti ilə tanış edin, zəhmət olmasa…
– Əlbəttə, xoş söz hər zaman xoş gəlir. Tənqid düzgün tənqiddirsə, mütləq nəzərə alıram. Amma çox vaxt çalışıram, o şərhləri heç oxumayım. Artıq-əskik yazanlar həddən çox olur. Əvvəl-əvvəl oxuyurdum, ilk vaxtlarda mənə pis təsir edirdi, hətta elə olub ki, bəziləri ilə şərhə görə “razborkaya” getmişəm. Amma sonra başa düşdüm ki, hər dəfə belə eləsəm, daha işləməyə vaxtım olmaz. Sadəcə mən insanlarımızdan xahiş edirəm, nəsə yazanda diqqət edin. Hər birimiz insanıq axı, mən qəssab da ola bilərdim, vəkil, polis də. Amma aktyorluğu seçdim. Sizdən də heç bir fərqim yoxdur, mən də öz işimi görüb yaşayıram. Aktyor deyəndə bizim insanların əksəriyyətinin beynində incə biri kimi təsvir olunur.Mən demək istəyirəm ki, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, şəxsiyyət hər yerdə şəxsiyyətdir.
– Əsərlərini teatrda oynadığınız müəlliflərin yaradıcılığı ilə geniş tanış olursunuzmu? Məsələn, İlyas Əfəndiyevin romanları, pyesləri ilə tanışlığınız nə qədərdir?
– Teatra təzə gəlmişdim, İlyas Əfəndiyevin “Büllur sarayda” tamaşasında Həbib obrazını oynadım. Maraqlı sevgi hekayəsidi, teatrda ilk böyük rolum idi. Düşünürəm ki, İlyas Əfəndiyevin əsərlərinin əksəriyyəti, xüsusilə sevgi hekayətləri bu gün də maraqlıdır insanlara. Ümumiyyətlə, sevgi hekayətlərinə tamaşaçının həmişə ehtiyacı var.
– Əslində bu sualı heç bir aktyora vermək istəməzdim və illərdir ki, bunu etməməyə çalışmışam. Əvvəlcədən, özümü sığortalayım bu sualı verdiyimə görə. Bir dəfə çox gənc vaxtımda eşitdim ki, aktyorlar həyatda, münasibətlərdə də aktyorluq edir, rola girir. Özü də bəzən çox ucuz oyunlar qurur, sadə bir şeyi əldə etmək üçün rola girirlər. Sözün açığı, bu məsələ mənə ağır zərbə oldu. Daha sonra bu barədə filmlərə də baxdım. Yəni həyatda oynayan aktyorlar barədə. Heç olub ki, həyatda məcbur olub rola girəsiniz?
– Mənim yaralı yerimə toxundunuz. Bəli, bir neçə “aktyor” tanıyıram ki, həyatda daha gözəl oynayırlar, nəinki səhnədə. Mən hər zaman dürüst olmağa çalışıram. Çalışıram ki, kimə qarşı necəyəmsə, onu da göstərim. Hətta bunu ilk dəfə sizə danışıram. Ötən il yayımlanan “Dəfnə ağacı” serialında baş rolda idim. Amma prosesdə serialın yaradıcıları ilə yola getmədim. Buna səbəb roluma yazılan ssenari, vaxt və maliyyə oldu. Serialın rejissoru Şahin Qəhrəmanla dostam. Amma bu işdə xırda şeylərə görə yola getmirdik. Buna görə də serialdan çıxdım. Amma Şahinlə indiyə qədər də dostuq. Serialdan gedəndə dedim ki, mənim üçün iş axırıncı plandadır, sənsə mənim dostumsan, nə zaman sənə insan kimi lazım olsam, həmişə yanındayam. İndi nə mənim ona qarşı incikliyim var, nə onun mənə qarşı. Sözüm odur ki, işi həmişə tapmaq olur, amma insanlıq, dostluq çətin tapılan nemətlərdi. Bir işə görə şərəfi, ləyaqəti atıb, kiminsə qarşısında marionet kukla olmağa dəyməz. Şükür allaha ki, məni də tanıyanlar bilir, dostluğu, insanlığı heç nəyə dəyişmərəm. Amma dəyişməyə hazır, hətta dəyişən adamları tanıyıram. Onlar da nəyəsə nail olmağın yolunu belə görüblər və buna görə onlara acıyıram.
– Estetik baxımdan qəbul etmədiyiniz, ya aktyor kimi yaradıcı gücünüzün çatmayacağını düşünüb, imtina etdiyiniz rollar olubmu?
– Yox. Məncə, aktyor hər rolu oynamaga can atmalıdır. O rol alınmasa da, hər halda təcrübə üçün, gücünü sınamaq üçün lazımdır.
– Ənənəvi sual: öz gələcəyinizi təkcə yerli kinoda görürsünüz, yoxsa dünya kinosuna çıxmağı arzulayır və planlayırsınız?Əgər belə bir fikriniz varsa, bunun necə baş verəcəyini düşünürsünüz?
– Xaricdə filmlərdə oynamaq istəyərəm, amma xaricdə yaşaya bilmərəm. Bəlkə də pafoslu səslənir, amma düşünürəm ki, Azərbaycandan kənarda yaşaya bilmərəm. Mən öz kinomuzun inkişafını istəyirəm, birda uğur qazanmaq arzusundayam. Sakit həyatı sevirəm, böyük şan-şöhrətdə, dünya miqyasında gözüm yoxdu. Ətrafımda sadə dostlarım var, ailəm var, bu, mənə rahatlıq verir. Böyük şöhrət məni sıxar. Ən yaxşısı belədir, sevdiyim insanların yanındayam və sevdiyim işi görürəm. Bu da məni xoşbəxt edir.