***
17.48.
Aysel Ələkbərzadənin intahara cəhd etməsi faktı ilə bağlı Nurlan Qəhrəmanlı (Libre) və həyat yoldaşı Əsli Əlizadə Yasamal rayon Prokurorluğuna çağırılıblar.
Məlumatı Nurlan Libre “Facebook” səhifəsində paylaşıb.
***
16.59.
Aysel Ələkbərzadənin intiharında günahlandırdığı Nurlan Qəhrəmanlı (Libre) Meydan TV-yə deyib ki, günahsız yerə ittiham edilir. Aysel Ələkbərzadə emosional gərginlikdən aralarında olan keçmiş bir mübahisəyə görə onu bu məsələyə qatıb:
“Aysel ayın 5-də yazmışdı aksiyada tutacağı plakatı. Həmin plakatın fotosunu sosial şəbəkədə paylaşmışdı. Həmin gündən bəri də təhdid, tənqid olunurdu. Buna görə də emosional gərgin durumdaydı. Bizim də aramızda keçmişdə bir problem yaşanmışdı. Görünür, belə bir gərgin durumda o problemi də qabardıb. Üstəlik, o, sadəcə özünə zərər vermək istəyib. 2-ci mərtəbədən atlayıb. Bəzi insalar emosional gərgin olduqları vaxt özlərinə zərər verə bilirlər. Onun bu duruma düşməsinə görə çox təəssüflənirəm”.
***
16.15.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərini hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunur ki, martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atıb.
A.Ələkbərzadə kəllə-beyin və bir ayağının sınığı xəsarəti ilə Kliniki Tibbi Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağırdır, müalicəsi üçün zəruri tədbirlər görülür.
Yasamal Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən A.Ələkbərzadənin yaşadığı evə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, hadisə yerinə baxış keçirilərkən evdən 2 ədəd 1 litrlik “Kuller” markalı pivənin boş plastmas qabları, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və müvafiq prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Məlumatda deyilir:
“İstintaq zamanı Yusif İsayev ifadəsində həmin gün səhər saatlarında Aysel Ələkbərzadə ilə pivə qəbul etdikdən sonra içkinin qurtarması ilə əlaqədar əlavə spirtli içki almaq üçün mağazaya gedib geri qayıtdıqda A.Ələkbərzadənin mənzilin pəncərəsindən atmaq istəməsini görsə də, etdiyi səylərə baxmayaraq onun bu hərəkətinin qarşısını ala bilmədiyini göstərib”.
Məlumatda daha sonra deyilir:
“İlkin istintaqla müəyyən edilib ki, A.Ələkbərzadə martın 8-də Bakı şəhərində bir qrup feministlər tərəfindən təşkil olunan icazəsiz aksiyada fəal iştirak edib və aksiyada əlində tutduğu şüarda əks olunmuş firkirlərə görə bəzi sosial şəbəkə istifadəçilərinin ciddi ictimai qınağına məruz qalıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla bir qrup feminist tərəfindən təşkil olunmaqla icazəsiz aksiyada iştirak etmiş A.Ələkbərzadəni intihar etməyə vadar edən təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək əməllərinə hüquqi qiymət verilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
***
Aysel Ələkbərzadə sosial şəbəkələrdə öncədən intihar edəcəyini yazıb
Feminist Hərəkatının martın 8-də Bakının Fəvvarələr Meydanında keçirdiyi "8 MARŞ – Bizimdir Hürr Küçələr" adlı yürüşünün iştirakçısı olmuş Aysel Ələkbərzadə özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. Bildiriblər ki, onun intiharının tam səbəbi hələlik, məlum deyil. Ancaq o, intiharından öncə “Facebook” sosial şəbəkəsində elan verib.
“Təxminən gecə saat 4-ə qalmış xəbər verdilər. Getdik. Xəstəxanaya gətirmişik. Gətirəndə həkim dedi ki, sağ ayağında sınıq var. Səhərəyaxın MRT etdilər. Məlum oldu ki, yerə düşəndə başında hansısa damar partlayıb və beyninə qan sızıb. Bədənindəki sınıqlarla bərabər bu problem də ortaya çıxıb. Gecə danışa bilmirdi, ağrıdan zarıyırdı. Səhərəyaxın 1-2 cümlə işlətdi. Çox ünsiyyətə imkan vermədilər. Anası yanına girib, bir az söhbət etdi. İndi anası yanındadır, vəziyyəti isə ağırdır,” – yaxınları deyib.
Aysel Ələkbərzadə səhərəyaxın “Facebook”-da status paylaşıb. O, intihar edəcəyini söyləyib:
“Birazdan intihar edirəm rahat olun, nə siz, nə də sizin kimilər mənə lazım deyil. Kimlərəsə inandınız, daha doğrusu, məndən başqa hamıya. Mən də bayaq son dəfə sevgilimi qucaqlayıb, yola saldım. Son bakal içki və intihar. Necə gözəl səslənir. Onda görərsiniz intiharın ən gözəli necə olur. İntiharımda isə Libre, Əsli və Qurban günahkardır. Mənim üstümdə oyun oynadılar. Mən isə son dəfə deyirəm, məhv olsun Patriarxart, yaşasın Feminizm! Salamat qalın”.
Meydan TV məktubda adı çəkilən şəxslərdən münasibət öyrənə bilməyib.
Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Yayılan rəsmi məlumatda bildirilir ki, orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. “Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.
Aysel Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib”, – məlumatda deyilir.
Yaxınları deyirlər ki, intihara səbəb sosial şəbəkələrdə tənqid edilməsi deyil. Onu intihara sövq edənlər var.
“Bu barədə müəyyən adamların adları var əlimizdə. Hamısını polisə demişik. Onlar araşdıracaqlar”.