”Akif Çovdarov zərərçəkmişləri dələduz adlandırdı”

Zərərçəkmiş: Biz də onun cavabını verdik

Source:


Zərərçəkmiş: Biz də onun cavabını verdik

Martın 1-də Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan idarə rəisi, general Akif Çovdarov və nazirliyin digər əməkdaşlarının məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclas açıq keçirilsə də, jurnalistlər prosesə buraxılmayıb.

İclasdan sonra jurnalistlərə açıqlama verən vəkil Sadiq Rəsulov zərərçəkmiş Nəsib Əliyevin bacanağı Elçin Xudiyevin şahid qismində dindirildiyini deyib. O, Nəsib Əliyevə yüz min manat borc pul verdiyini söyləyib. Həmin pulun 50 min manatını Nəsib Əliyevin oğlu Elton Əliyev MTN-də saxlanılmamışdan əvvəl verib.

Vəkilin sözlərinə görə, şahidlə zərərçəkənin fikirlərində ziddiyyət var. Belə ki, Nəsib Əliyev istintaqa ifadəsində tələb olunan pulu oğlu saxlanılan günün səhəri MTN-də Akif Çovdarova çatdırdığını deyib. E.Xudiyev isə Nəsib Əliyevə növbəti 50 mini Elton Əliyev saxlanılandan bir neçə gün sonra verdiyini söyləyib.

O, sualları cavablandıran E.Xudiyev isə Nəsib Əliyevin pulu kimə verməsindən xəbərsiz olduğunu, Akif Çovdarovu tanımadığını bildirib. Ü.Xudiyevin ifadəsində ziddiyyət olduğundan onun istintaq zamanı verdiyi ifadə elan edilib. Həmin ziddiyyətlərə münasibət bildirən E. Xudiyev isə istintaq zamanı ifadəni oxumadan imzaladığını söyləyib.

Zərərçəkmiş Nadir Feyziyev də məhkəmədə sualları cavablandırdığını deyib:

“Mən 350 min manat pulu Cahangir Alışovdan alıb Milli Təhlükəsizlik Nazirliyində Alı Nəbiyevə verdiyimi təsdiq etdim. ATV kanalı bir neçə gün əvvəl mənim barəmdə yalnış məlumat vermişdi. Güya mən demişəm ki, Alıya pul verməmişəm. Ancaq bu, düzgün deyil. Mən bunu təsdiq etdim”.

Zərərçəkmiş şəxslərdən Cahangir Alışov isə jurnalistlərə açıqlamasında deyib ki, iclasda Akif Çovdarov zərərçəkmiş şəxsləri dələduz adlandırıb:

“Biz də onun cavabını verdik. Dedik ki, dələduzun harada olmasını hamı görür. Bildirdik ki, ləyaqəti olsa başını qaldırıb bizim üzümüzə baxa bilməz. Məndən Masazırdakı balıqçılıq təsərrüfatına xərclədiyim pullarla bağlı sənədlər istədilər. Mən də həmin sənədləri təqdim etdim. Orada çalışan işçilərə verdiyim əmək haqqı cədvəlini, mal-material alınması barədə sənədləri məhkəməyə təqdim elədim”.

Günün ikinci yarısında davam edən iclasda zərərçəkmiş şəxslərdən Arif Həsənov dindirilib. Arif Həsənov təqsirləndirilən şəxslərdən Akif Əliyevə bir dəfə 100 min dollar, bir dəfə isə 100 min manat verdiyini söyləyib. O  Akif Əliyevin ondan pul istədiyini deyib.

Arif Həsənovun epizodu üzrə daha bir neçə zərərçəkmiş şəxs də ifadə verib. Onlar hər hansı şikayətlərinin olmadığını deyiblər və bununla bağlı ərizə yazıb şikayətlərini geri götürüblər.

Məhkəmə iclası martın 6-da davam edəcək.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlər”Akif Çovdarov zərərçəkmişləri dələduz adlandırdı”