Ah, şu … Türkler

“Zeynəb Xanlarova”, “bu qala daşlı qala”, “ayrılıq”, “bir millət iki dövlət…

Source:

Deməli mən basa-basa Berlinə gedib Meydan TV-nin kameraları qarşısında Qənirəyə həsr etdiyim üçüncü şeirimi oxuduğum dəqiqələrdə, hanımefendi Amasya Universitetinin tələbələri qarşısında çıxış edirmiş. Abbas Güçlünün “Genç bakış” verilişinə ərinmədim, oturdum üç saat tamaşa elədim. Bir adam, özü də kadın, üç saatın iki saat yarımını necə də məzmunsuz danışarmış. Bir adam, özü də kadın, necə də boş olarmış. Saatlarla gəvəzəlik etmək yetmirmiş kimi, hələ doxsan dənə də kitab yazıb.

Qənirə ilə hər şey aydındır, mənim ürək ağrım başqadır. Qənirə olmaq, Qənirənin yerində olmaq istəyən azərbaycanlı qız-gəlinləri düşündüm bir anlıq. Gör bunların uğur ilahəsi kimdir. Gör bunlar kimə oxşamaq istəyirlər.

Yaxşı, deyək ki, Qənirə bizim taleyimiz, kabusumuzdur. Tribuna tapıb gic-gic danışır. Bəs bu Abbas Güçlüyə nə düşüb, bunu verilişə çağırıb? Canlı yayım boyu əlli dəfə “Ay Qənirə, bir az yavaşla”, “Ay Qənirə, bir imkan ver söz deyək”, “Ay Qənirə deyəsən kameralar üçün darıxmısan”, “Ay Qənirə deyəsən Milli Məclisdə sənə danışmağa imkan vermirlər”, “Ay Qənirə, tutub çırpacam indi səni” demək üçünmü?

Bilirsiniz niyə inanmağım gəlmir ki, Abbas Güçlü verilişə kimi dəvət etdiyini bilməyib? Ona görə ki, Abbas Güçlü qonağını çox yaxşı tanıyırdı, bundan əminəm. Onu ora məzələnməyə çıxarmışdı. Yalnız məzələnmək naminə dünyagörüşü bunca kasad, çörəyini spekulyativ mövzulardan çıxaran bir qadına “Yaxın Şərqdə yaşanan təlatümlər, ərəb baharı haqqında nə düşünürsünüz?” sualı verilə bilər. Yəqin ki, baxanların diqqətindən yayınmayıb – Qənirənin bu məqamda qanı qaraldı, yola verməkdən ötrü ağzına gələni danışdı ki, tez-bazar sevimli türkçülüyünə, kürkçülüyünə, erməniyə zada fokuslansın. Tovuzlu bir aşıq da gətirmişdi yanında. Manıs dınqıldadırdı, tələbələr də yatırdı.

Bundan sonra yazacaqlarıma “Fağır bir Türkiyə tapmısınız, soldan da döşəyirsiz, sağdan da” deyib ağız büzməyin. Yekəbaşlıq edib Türkiyəyə sataşanların yazdıqlarını da bilirik. Dönər, Sibel Can filan. Hər halda ömrünün doqquz ilini bu ölkədə yaşamış, iki fərqli təhsil almış adam kimi müşahidələrimi bölüşməyə haqqım var. Özümü sığortaladıqdan sonra, keçə bilərəm söhbətə.

İstəyirsiniz inanın, istəyirsiniz inanmayın – Türkiyənin adekvat, iki cümləni bir araya gətirə bilən, üç kitab üzü açmış adamları Azərbaycanın həmişə “Bu qala daşlı qala”da qalmasını istəyirlər. “Ayrılıq” mahnısı, “Ayyy, Zeynep Hanlarovaya bayılıyorum”, “Azeri kızları pek güzel”, Bahtiyar Vahapzade. Bitdi. Bu qədər. İrəli getməyin. Biz sizi belə görmək istəyirik. Uzaqbaşı kardeş. İmkan olsaydı “yavru vatan” deyərdik.

Hə, bir də neft vardı axı. O da nahaq var. Amma nə isə, özləri üçün təsəlli tapıblar ki, “bizdə də var, sadəcə amerikanlılar üstünü betonla örtüblər”.

Yemin “içerim” belə danışırlar.

“Zeynəb Xanlarova”, “bu qala daşlı qala”, “ayrılıq”, “bir millət iki dövlət” çərçivəsindən kənara çıxan azərbaycanlılardan da zindei zəhlələri gedir. Folklorda qalmalıyıq, ordan çıxmamalıyıq, belə milli, şirin bir şey olmalıyıq ki, bizi sevsinlər. Bu baxımdan Qənirə, Bəxtiyar, Zeynəb onları tam qane edir. Sən onların yanında Lütfizadə söhbəti elə, gör yolurlar səni ya yox.

Fazıl Say Bakıya gələndə Fərhad Bədəlbəyli ilə bir yerdə Jazz Center-ə getmişdilər. İsfar Sarabskinin ifasını eşidən Sayın ağzı açıq qalmışdı. Suyu süzülə-süzülə çıxıb getmişdi ordan. Birmənalı olaraq bəyan edirəm – Azərbaycanda Fazıl Sayı cibindən çıxaracaq ən azı beş pianist var.

Pianist demişkən. Türkiyədə, konservatoriyaların birində kafedra müdiri işləyən bir azərbaycanlı dostumuz var. Neçə türk tələbəni dünyanın nüfuzlu müsabiqələrində birinci edib, Türkiyənin adını dünyaya duyurub. Gerçəkdən ölkələrin sayı hesabı yoxdur. Bu adamın Bakı Konsevatoriyasında halal zəhməti ilə qazandığı aspirant dərəcəsini heçə sayıb, diplomunu adi bir musiqi texnikumu diplomu ilə eyni səviyyədə təsdiq ediblər. Yəni diplomunu tanımırlar. Faciənin miqyasını təsəvvür edin. Bəli, professionalsan. Bəli, öz ölkəndə aspirant olmusan. Bəli, sənə ehtiyacımız var (tək sənə yox, Türkiyə doludur azərbaycanlı musiqi müəllimləri ilə). Bəli, kafedra müdirisən! Amma diplomunu tanımırıq. Qürurumuza toxunur.

Bu məqamda gərək holoqramlı Heydər Əliyev 3D formatda peyda olub qışqırsın: “Axı sən kimsən!? Kimsən axı sən!?”

Dostlar, məlumunuz olsun ki, Qara Qarayev faktı indiyə qədər türklərə dinclik vermir. Nə dodekafoniya, nə Üçüncü Simfoniya, siz nə danışırsınız? Heç Hacıbəyova yer yoxdur. Bu miqyasda bəstəkarın onlarda olmamasını həzm edə bilmirlər. Aram Xaçatryana canları qurban. Hətta portretini divardan asıb, partituralarına toz qondurmurlar. Amma Qarayevin nə partiturasını, nə də portretini görə bilməzsiniz Türkiyədə.

Çox spesifik misallar çəkdiyimin fərqindəyəm. Məni başa düşməkdən ötrü, gərək Türkiyədə yaşayan və akademik musiqi sahəsində işləyən bir azərbaycanlı ilə danışasınız. İstənilən biri ilə. İstənilən zaman. Görün dediklərimi təsdiq edir, ya yox. Əgər şişirdirəmsə və durum təsvir etdiyim kimi deyilsə – atabatama lənət.

Konservatoriyanın türk hocalarından birinin etirafıdır: “Kara Karayev mi? Ya nasıl olur? Bizde yok da, sizde var, öyle mi? İnanılır gibi değil. Haçatryan başka, o ermeni. Gerçekten büyük besteci…”

Paxıllığın bundan aşkar etirafı?

Türkiyənin sosyetesi, yəni Qənirə Paşayeva səviyyəsində olmayan türklərin daxilində bir erməni heyranlığı var. Azərbaycan onlar üçün baş ağrısıdır. Zaman zaman bunu dilə də gətirirlər ki, “imkan vermirsiniz ermənilərlə yaxın olaq, sərhədləri açaq, dostlaşaq”.

Azərbaycandan zəhlələri gedir. Əcəb də edirlər. Sadəcə bizimkilər bunu anlamır. Türkdən böyük türkçüyük axı, barışa bilmirik “Hepimiz ermeniyiz” şüarı ilə. Bu şüarı qışqıranların hamısı tər-təmiz türklərdir. İnanın tər-təmiz türklərdir. Türkiyədə erməniləri çox sevirlər, Azərbaycana görə çox irəli gedə bilmirlər, amma çox istəyirlər.

Türkiyədə hər zaman eşitdiyim və çox güman ki, haqlı olaraq deyilən “Siz azeriler bizim güney doğulu kürtler gibisiniz. Hem tipiniz, hem konuşmanız aynı” sözləri çox xətrimə dəyirdi.

Di gəl ki, haqlı olmağına haqlıdırlar. İllah ki, kişilərimiz doğrudan da Abdullah Öcalan, İbrahim Tatlısəs tipində deyilmi? Kişiləri eybəcər olan xalqıq. İndi neynəyək?

Bu yazı, axırda bir məna hasil etmək üçün yazılmayıb. Oxudunuz? Unudun getsin.

Ana səhifəMənim FikrimcəAh, şu … Türkler