NİDA-çıların məhkəməsinə gələnlər arasında saxlanılanlar var
Aprelin 22-də Bakı Ağır Cinayətlərə dair Məhkəməyə gedən bütün yollarda polis maşınları mühasirə hasarı qurub. Səbəb NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvlərinə bu gün hökm oxunmasıdır.
Artıq bir neçə polis postunda vətəndaşlarla polis arasında mübahisə yaranıb. İctimai fəal Bəxtiyar Hacıyev saxlansa da, sonradan buraxılıb. AXCP üzvü Təzəxan Mirələmli isə saxlanılıb.
Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, polisin kobud davranışı narazılıqla qarşılanıb.
Bildirildiyinə görə, məhkəmə salonuna yalnız məhbusların valideynləri və jurnalistlər buraxılır. Məhkəmənin ətrafına yığılan insanlar NİDA-çıları alqışlamaqla öz etirazlarını ifadə edirlər.
Məhkəməyə gələn NİDA-çılar aclıq edən gənclərin hamısının vəziyyətinin normal olduğunu, yalnız Zaur Qurbanlının səhhətində problemlər yarandığını bildiriblər.