Ağdaşda Qarabağ qazisi bələdiyyədən narazıdır

Foto: Nurlan Qurbanovun şəxsi arxivindəndir

“Bələdiyyə mənə əkinə yararsız torpaq təklif edir”

“İkinci Qarabağ Müharibəsi iştirakçısıyam. Yaşadığım kənddə əkinə yararlı torpaq sahəsi istəyirəm ki, əkin-biçinlə məşğul olub, dolanım. Tək istəyim odur ki, heç kimə möhtac olmadan çörək pulu qazana bilim. Amma köməklik edilmir, bələdiyyə mənə əkinə yararsız torpaq təklif edir”.

Bunu Meydan TV-yə Ağdaş rayonu, Ərəbşəki kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Qismət oğlu Qurbanov bildirib. Onun sözlərinə görə, ona torpaq sahəsi ayrılması üçün yerli icra nümayəndəsinə tapşırıq verilib. Amma bələdiyyə ona əkin üçün yararsız torpaq sahəsi təklif edib.

“Hansı ki, həmin ərazi mal-qara üçün nəzərdə tutulmuş örüş sahəsidir. Kəndimizlə örüş sahəsi arasında 15-20 kilometr məsafə var. Bu məsafəni hər gün necə gedib-gəlim? Kənddə əkinə yararlı sahəsi olanlar çoxdur, bələdiyyənin ehtiyat fondundan onlara yer ayrılıb”, – N.Qurbanov bildirib.

Ərəbşəki kındinin də daxil olduğu Eymur bələdiyyəsindən Meydan TV-yə bildiriblər ki, Ərəbşəki kəndində 5 müharibə iştirakçısı var. Onların hər birinə bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi təklif edilib. Lakin N.Qurbanov göstərilən torpaq sahəsindən imtina edib.

“İki müharibə veteranı hazırda həmin sahədə əkin-biçinlə məşğul olub. Qurbanova da 1 hektar torpaq təklif edilib, lakin həmin ərazini istəmir. Başqa ərazidə də torpaq yoxdur. Nurlan ailəsi ilə birgə qalır, həyatyanı sahələri, pay torpaqları var. İstədiyi vaxt təklif edilən ərazidə torpaq götürə bilər. Təklif edilən sahə əkin üçün yararlıdır”, – bələdiyyədən qeyd ediblər.

Ana səhifəBölgəAğdaşda Qarabağ qazisi bələdiyyədən narazıdır