23 İyul Ağdam rayonunun işğalı günüdür. Həmin gündən 22 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km olan Ağdamın 846,8 kv.km-i, Ermənistan ordusu tərəfindən işğal olunub. Ümumilikdə bir şəhər və 80 kəndi işğalçı ordu tərəfindən zəbt edilib. İşğal olunmuş rayonun itirdikləri ilə ümumilikdə 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır.
Dərnəgül qəsəbəsindəki yataqxanalarda yaşayan Ağdam məcburi köçükünləri meydan tv-ə danışdılar. 22 ildir dar otaqlarda yaşayan köçkünlər gündəlik yaşayışlarından şikayətçidirlər. Öz evlərini tərk edən sakinlər Ağdamla indi yaşadıqları yerin fərqini izah edilməz olduğunu deyirlər. Yataqxanada, istidə, soyuqda günlərinin çətin keçdiyini deyən köçkünlər ümidləri hələ ki, başqa normal şəraiti olan binalara köçürülməsidir.
22 İl ötməsinə baxmayaraq, yenə də Ağdama dönəcəkləri günü gözləyən sakinlər çoxdur koçkünlər arasında. Ağdamı tərk edən günü ən ağır hadisə kimi yadda saxlayan sakinlər qəsəbədəki dözülməz şəraitdən də bezdiklərini bildirirlər. Şəhərcikdəki kiçik bazarla, yataqxanaların birinci mərtəbələrindəki müxtəlif mağaza və kustar sexlərdə məcburi köçkünlərin çoxu xırda ticərətlə məşğuldurlar. Ancaq burada hamının nə daimi işi, nə də burada mağaza açıb işləmək imkanı var.