Texnika və qurğulara ziyan dəydiyi bildirilir
Ağdamda subartezian quyularında təmir-bərpa işləri aparan rayon sakinləri ermənilər tərəfindən atəşə tutulub.
Məlumatı “Report” yayıb. Xəbərə görə, hadisə cəbhə bölgəsində qoşunların təmas xəttinin yaxınlığında yerləşən Əhmədağalı kəndi ərazisində baş verib.
Belə ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə həyata keçirilən təmir-bərpa işləri zamanı erməni tərəfi ərazidə çalışan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayon Mexaniki Suvarma idarəsinin əməkdaşlarını və texnikaları atəşə tutub. Hadisə yerində BQXK-nın əməkdaşları da olub.
Ermənilər tərəfindən atəşkəsin pozulması zamanı xəsarət alan olmasa da texnika və qurğulara ziyan dəyib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.