“Aidiyyatı dövlət strukturlarının məsuliyyətsizliyinə və rüşvətxorluğuna görə belə halların getdikcə kütləviləşməsi təxirəsalınmaz tədbirlərin qəbul edilməsinə zərurət yaradıb”
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Bakı şəhərində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar bəyanat yayıb. ADR Hərəkatından Meydan TV-yə daxil olan bəyanatda hadisədən narahatlıq ifadə olunur: Yanğın zamanı insan tələfatının olması, 5-i uşaq olmaqla 15 nəfərin bir qrupun maddi marağı naminə yaşadığı mənzilində dünyasını dəyişməsi və onlarla insanın xəsarət alması cəmiyyətdə ciddi narahatçılıq doğurur. Aidiyyatı dövlət strukturlarının məsuliyyətsizliyinə və rüşvətxorluğuna görə ölkə əhalisinin saglamlığı və təhlukəsizliyinə ziyan vuran belə halların getdikcə kütləviləşməsi təxirəsalınmaz tədbirlərin qəbul edilməsinə zərurət yaradıb. Yanğının binanın fasadını təşkil edən “penoplast” materialların tez alışması səbəbindən ikinci dəfə təkrar olunması bu təhlükənin digər şəhər sakinləri üçün də mövcudluğundan xəbər verir.
Faciənin səbəblərini araşdırmaq və onun nəticələrini aradan qaldırmaq üçün dövlət komissiyası yaradılsa da, bununla hazırda əhalinin saglamlğına ziyan vuran müxtəlif spektrli problemləri həll etmək mümkün olmayacaq. Belə ki, yeni tikililərdə normativlərin pozulması, ölkəyə saxta və vaxtı keçmiş dərmanların, keyfiyyətsiz qida məhsullarının idxalına nəzarətin təşkil olunmaması, uçan körpülər, torpaq sürüşmələri hər gün on minlərlə insanların həyatı üçün təhlükələr yaradır. Eyni zamanda Bakı şəhərində 800-ə qədər binanın fasadının tez alışan və yanmaya həsas olan “penoplast” materiallarla örtülməsi təhlükələrin davam edəcəyindən xəbər verir”.