“Adət-ənənə millətə və toplumlara aiddir”

“Mətn normaldır, necə istifadə edəcəklərinə baxır”

Source:


“Mətn normaldır, necə istifadə edəcəklərinə baxır”

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə görə, bundan sonra ölkə vətəndaşları and içəcəklər.

Maddə 15: Azərbaycan Respublikası vətəndaşının andı

“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü goruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Dəyişikliyə görə, vətəndaşlıq andiçməsi təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. Sonra vətəndaşlıq alan şəxs andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Dəyişiklik, ümumilikdə Andda adət-ənənənin qeyd olunması cəmiyyətdə birmənalı qarşılanmır. Qanunla bağlı boşluqların da olduğu deyilir. Məsələn, qanunda adət-ənənə dedikdə nə nəzərdə tutulur  və ya bu andiçmədən keçməyənlər üçün cəza proseduru ola bilərmi?

Hüquqşünas Erkin Qədirli Meydan TV-yə açıqlamasında deyir ki, adət-ənənəyə istinad hüquqda yeni deyil. Belə ki, Roma dövründən “Romada yaşayırsansa, Romanın adətlərinə görə yaşa” fikri qanunda istifadə olunmağa başlanıb.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə isə bu maddə ölkə vətəndaşlarına yox, vətəndaşlıq almaq istəyən şəxslərə şamil oluna bilər. Qanun ölkə vətəndaşları üçün nəzərdə tutulsa,  Ana Yasanın 52-ci maddəsinə zidd olar.

52-ci maddə vətəndaşlıq hüququ barədədi. Həmin maddədə deyilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu səbəbdən Ələsgər Məmmədli hesab edir ki, qanun yalnız vətəndaşlıq üçün müraciət edən şəxslərə aid ola bilər.  Onun fikrincə, qanunda yer almış “adət-ənənə” ifadəsinə də  aydınlıq gətimək lazımdır: “Birincisi, “Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə” ifadəsi yanlışdır. Respublikanın adət-ənənəsi, mədəniyyəti olmaz. Adət-ənənə millətə və toplumlara məxsusdur. Bu norma hüquq norması ola bilməz. Bir yəhudinin öz ədəti var, türkün öz adəti. Ümumiyyətlə, qanuna belə ifadənin qoyulması hüquq məntiqinə sığmır”.

Erkin Qədirli hesab edir ki, bu vətəndaşlıq andını içməyənləri heç bir cəza gözləyə bilməz, sadəcə onlara vətəndaşlıq verilməyəcək. Onun fikrincə, bu cür andlar çox ölkədə var, eləcə də ABŞ-da: ” Normaldır. Başqa dövlətlər qarşısında öhdəlik götürmək, başqa dövlətin vətəndaşlığını qəbul etmək və s. şeylərə görə vətəndaşlıq çox ölkədə itirilir. Yenə, məsələn, ABŞ-da. Bu qanun normaldır. Mətn normaldır, yəni. Necə tətbiq edəcəklər, o başqa məsələ”.

Ələsgər Məmmədli isə ABŞ-dakı andla bizim and arasında oxşarlıq görmür: “ABŞ-da məsələ başqadır. Orda səsvermə hüququ ilə bağlı bir norma var. Qanunlara hörmət və əməletmə varsa, bunun içində o da var- deməkdir. Bir də ki, hörmət etmək deyəndə nə nəzərdə tutulur? Hörmət etməmək hüquqi məsuliyyət yaratmalıdırmı? Hörmət etməmək nə deməkdir? Bu ifadənin hüquq normasına çevrilməsi yanlışdır. And içməmək, ya da andı pozmaq hansı cəzanı verər? Ortaya bu cür suallar çıxır. Cəza barədə heç nə deyə bilmərəm, çünki belə bir hüquqpozma yoxdur ki, cəzası olsun.

Analogiya ilə məsələyə yanaşdıqda, Prezident də and içir, amma andını pozarsa, nə olacağına dair bir norma yoxdur, yəni bu normalar daha çox göstəriş üçün nəzərdə tutulur. Mənəvi məsuliyyət hər bir halda ola bilər, bunun hüquqla  əlaqəsi yoxdu”.

“Amerikada siyasi hüquqların verilməsində, bir də sonradan vətəndaşlığa qəbul edənlər and içir. Və bildiyim qədər seçki hüququnu əldə edərkən – dəqiqləşdirmək lazımdı. Andın mətninin də bu cür olduğuna şübhə edirəm. Amerika adət-ənənəsi deyə bir şey olmaz ki… Adət-ənənlərə sadiq qalmaq insan hüquqlarına ziddir. Biri emo olmaq istəyir, biri lezbiyan, digəri transseksual – adət-ənənə buna yol vermir. Bəs hüquqlar?” – deyə, soruşur hüquqşünas Ələsgər Məmmədli.

Ana səhifəXəbərlər“Adət-ənənə millətə və toplumlara aiddir”