Aclıq qoxusu

Daha acınacaqlı vəziyyətə düşmüşük…

Source:

Artıq iki gündür, ölkənin başı aclıqdan bərk ağrıyır. Açığı, aclıqdan yox, aclıq qorxusundan. Yəni, illərdir dillərdə əzbər olmuş, eldən-elə, ölkədən-ölkəyə, beləcə bütün dünyaya yayılmış Azərbaycan həqiqətlərinin əsl üzü ortaya çıxıb.

“İnkişaf etmiş Azərbaycan”

Bəs, qorxunun yaranma səbəbi nədir?! Məsələn, bundan əvvəl də olub belə hallar. Düzdür, indi bəlkə daha acınacaqlı vəziyyətə düşmüşük amma olub, nə də olsa, ölkədə heç bir vətəndaş bu nağıllara səmimi inanmayıb. Amma nağıl olub-olmadığı da onlar üçün maraqlı deyildi. Çünki bir tikə çörək anlayışı həmişə onları qane edirdi.

İndi elə zaman yetişdi ki, həmin o xalqın xilaskarı – “bir tikə çörəyi” də əldə  etmək müşkül məsələyə çevrildi. Əslində, belə demək düz çıxmadı, hər zaman müşkül məsələ olub desək, daha dəqiq olar.

Əvvəl ən yüngül formada göy öskürək idisə, indi olub ən yüngül halı xərçəng. Məsələn, ağ ciyər xərçəngi. Başını hansı daşa döysən, elə başını daşa döymüş olacaqsan, başqa bir faydası olmayacaq.

Qaldı ki, xalqa, xalqın nə düşündüyünə, bu çətinlikdən çıxmaq yolunu nədə tapmağı düşünməyində və s və i. Bunlar həmin ağ ciyər xərçəngindən də ağır xəstəliklərdir ki, burada mən susmalı olacağam, çünki tibbi biliyim o qədər də geniş deyil ki, müxtəlif xəstəlik adları çəkim. Maraqlananlar axtarış verib, taparlar. Mən səbəbini izah edəcəm.  İzah etməyə cəhd edəcəm.

Öncə başımıza bu bəlaların gəlmə səbəbini uzun-uzun izah etmək istəyərdim, amma gərək görmürəm. Uzun illərdən bəri kifayət qədər geniş, ətraflı yazılar yazılıb və ya digər vasitələrlə xalqa bu problemlərin olacağı proqnozu verilib. Xalqla bərabər, elə bu bəlaların birbaşa səbəbkarı olan hakimiyyətə də. Təbii ki, cəmiyyətin bunları bilməməsi də normaldı. Ya da, bu xəbərləri göyün yeddinci qatından gecənin bir yarısı hansısa gözəgörünməz bir varlığın göndərdiyi kimi, anlaşılmadan qəbul edən bir cəmiyyətin mövcud olduğunu da çox yaxşı bilirik.

Amma bu da olsun, onların günahı. Dünyanın bu günü, əsrin bu əsri ən azı yaşadığın ölkədən bixəbər olursansa, demək ki, səndə bir anormallıq var. Yeri gəlmişkən, bu da hansısa mənşəi bilinməyən xəstəlik formasındadır.

Hakimiyyət  indi elə bir durumdadır ki, açıq şəkildə dilə gətirə bilməsələr də, bilavasitə elan etmək istəyirlər ki, aclıq gəlir, bərk durun. Yəni illərdir sözün əsl mənasında dağıdıb-tökdüyümüz, dayanmadan yediyimiz, xalqla bölüşmədiyimiz, müxtəlif yollarla mənimsədiyimiz pullar artıq yoxdur. Yəni illərdir yeyən bizik, indi biz də yeyə bilmirik.  Xalq da bilavasitə hakimiyyətin bu anlaşılmayan dilini çox yaxşı anlamış durumdadır.

Lakin xalq həmişə olduğu kimi, öz “ciddi elmi-siyasi araşdırmaları nəticələrində” belə bir qərara gəlib ki, bir müddət keçəcək. Hansı ki, bu “bir müddət” deyilən zaman anlayışını on il, iyirmi il də hesablaya bilərlər. Bunu mən deyə bilmərəm, gərək, öz dillərindən eşidim. Həmin o qeyri-müəyyən zaman anlayışı – “bir müddət”dən sonra hansısa ilahi qüvvə ya da gözəgörünməz, mənşəyi bilinməyən bir varlıq, ya da allah onların köməyinə yetəcək. Və bu aclıq qorxusu, ya da elə aclığın özü, Azərbaycanın üstünü qara bulud kimi örtmüş bu böhran deyilən şey yoxa çıxacaq. Həmişəki kimi, bir tikə çörək öz dəyərini tapacaq.

Həmin o söhbətini açdığım qeyri-müəyyən zaman anlayışı olan “bir müddət ”  bitənə qədərsə, xalq bacardığı qədər elə xalqdan aclıq hesabını soracaq. İndi bunu necə soracaq, yenə də deyə bilmərəm. Çünki gələcəyi çox da yaxşı analiz etmə qabiliyyətim yoxdur. Məsələn, bir neçə mağazada alıcının satıcıya boğmağa bənzər fəndlər işlətməyinin şahidi olmuşam. Ya da götürək, kütləvi şəkildə bir-birini aldatmaq, bir-birini satmaq kimi qeyri-adi bacarıqların əvvəlkindən daha da geniş yayılmış və daha şişkin daha kütləvi hal almaq formasını.

Sözümü də onunla bitirmək istəyirəm ki, bizim bütün bəlaların kökündə həmişə olduğu kimi, kor maariflənmə durur. Onu da qeyd edim ki, bunu gözdən qaçırmayan hakimiyyət uzun illərdir, öz variantları ilə daha çox yaymağı bacarmışdı, demək olar ki, hər sahədə. Bu məsələni kim qabartdısa ağzının üstündən vurdular, kim dilə gətirdisə dilini kəsdilər, kim gördü, gözünü çıxartdılar.

Bir sözlə, oyuncaq bir kukla kimi söküb, parçalarını da atıblar ucsuz-bucaqsız bir uçuruma. İndi məsələnin pis tərəfi də odur ki, hər kəs o uçurumda çabalayır. Ümid edirəm, hələ də gec deyil, bir gün həmin o ucsuz-bucaqsız uçuruma da bir əlac tapılar. Yetər ki, xalq özü-özündən nəsə gözləsin.

Ana səhifəMənim FikrimcəAclıq qoxusu