Açılan və bağlanan zavodlar…

Sumqayıtda dəyəri 1 milyard avro olan zavod tikiləcək

Source:


Sumqayıtda dəyəri 1 milyard avro olan zavod tikiləcək

Dekabrın 20-si Sumqayıt şəhərində yeni metallurgiya kompleksinin inşasına dair saziş imzalanıb.

APA yazır ki, müqaviləni “Baku Steel Company” şirkətinin Müşahidə Şurasının sədri Rasim Məmmədov və İtaliyanın “Daniele” şirkətinin rəhbəri Gianpietro Benedetti imzalayıblar.

İmzalanma mərasimindən öncə iqtisadiyyat naziri Şahin Mustafayev layihənin əhəmiyyətindən danışıb: “Dəyəri 1.225 mlrd. avro olan kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək”.


“4000 nəfər işlə təmin olunacaq”

Ş.Mustafayev qeyd edib ki, bu zavodun fəaliyyətə başlaması ilə ölkəyə valyuta daxil olacaq: “Tikinti dövründə 4000 nəfər işlə təmin olunacaq. Tikintidən sonra orada 1200 yeni iş yeri yaranacaq. İxracın genişləndirilməsi baxımından Azərbaycan hökuməti bu layihəyə dəstək verəcək. Bu layihə Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək”.

Azərbaycanda son 10 ildə bunun kimi xeyli zavod, istehsal müəssisəsi açılıb. Əksəriyyətinin də açılışında prezident İlham Əliyev iştirak edib.


Bəs həmin zavodların taleyi necə olub?

2016-cı il avqustun 10-da İlham Əliyev “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışını edib. İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya Velosiped Zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.

foto Meydan TV

“prezident.az” saytının məlumatına görə, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. 8 hektarlıq ərazidə yerləşən zavodun tikintisi və avadanlıqların quraşdırılmasına 7 milyon manat yatırılıb.

foto Meydan TV

“Bu zavodun əvvəldən başı bəlalıdır. Tikintisi də ləng getdi, açılışı da vaxtından gec edildi. Açılışdan sonra da işləmədi” – Meydan TV-yə İsmayıllı sakini Abdulla Qubadov belə deyib.


“Yaxın zamanda yenidən işə başlayacaq”

Bir də “Kür” Elektron Avadanlıqları İstehsalı” MMC var. Mingəçevir şəhərindədir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmi saytında yazılıb ki, müəssisə 2005-ci ildən fəaliyyət göstərir. Kompüter avadanlıqları istehsalı sahəsində ixtisaslaşıb. Tam gücü ilə işlədikdə 7 milyon manatlıq məhsul istehsal etmək imkanı olacaq. Müəssisədə 110 nəfər işçi çalışır.

foto sosial şəbəkə

Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sahib Əliyev Meydan TV-yə deyib ki, “Kür” Zavodu uzun müddət idi ki, fəaliyyətini dayandırmışdı. Lakin yaxın zamanda yenidən işə başlayacaq:

“Zavod rəhbərliyi ilə bu yaxınlarda əlaqə saxladım. Dedilər, hələ ki, tam hazır deyil, fəaliyyətə başlamayıblar. Ancaq proses gedir. Çox güman gələn ildən fəaliyyətə başlayacaqlar. Sadəcə başqa ad altında çıxacaqlar. Əvvəl yalnız kompüter istehsal edirdilər. Bundan sonra notbuklar da olacaq. Hələ ki, zavodun yenidən açılmasında ləngimələr var”.


“Hələ ki, iş gedir, dayanmayıb”

2004-2005-ci illərdə Şamaxıda “Star” LTD şirkəti tərəfindən televizor istehsalı zavodu tikilərək istifadəyə  verilib. Zavodun açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Zavodda “Toşiba” firmasının ehtiyat hissələri əsasında “Star” markalı 37, 54, 72, 74 dioqonal ölçülü “LCD”-lər, “Plazma” CV-lər, “VCD”-lər və rəqəmlı “Resiverlər” istehsalı nəzərdə tutulub. Şamaxı Rayon İcra Hakimiyyətinin saytında yazılıb ki, zavoda 7 milyondan çox ABŞ dolları məbləğində investisiya qoyulub. Hazırda 250 nəfərdən çox işçisi var. Zavodun tam istehsal gücü bir ildə 1 milyon 200 min ədəddir.

foto sosial şəbəkə

Zavoda aid ən son məlumat 2015-ci ildə verilib. Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, ölkədə 788 ədəd televizor istehsal olunub və hazır məhsul ehtiyatı dövrün sonuna 4 454 ədədə yüksəlib. 2013-cü ildə isə televizor istehsalı 24,4 min ədəd olub.Ancaq zavodun tam istehsal gücü bir ildə 1 milyon 200 min ədəddir.

Şamaxı “Azərelektronika” məişət cihazları zavodu 2005-2008-ci illərdə tikilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə 9435 ədəd (+64,8 faiz) məişət kondisioneri, 6 662 (+29 faiz) məişət soyuducusu, 24 372 ədəd televizor (+1,7 faiz) buraxılıb.

2014-cü ildə soyuducu istehsalı 3 850, kondisioner istehsalı 1 275 ədəd təşkil edib.

2015-ci ildə ölkədə 180 ədəd məişət kondisioneri istehsal olunub. Həmin il mayın 1-nə hazır məhsul ehtiyatı 2 241 ədədə çatıb. Rəqəmlərdən görünən odur ki, istehsal getdikcə azalıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən Meydan TV-yə bildirilib ki, zavodlar fəaliyyətini dayandırmayıb: “Ola bilər ki, istehsalda zəifləmələr var. Ancaq hələ ki, iş gedir”.


Tamamilə ləğv edilən zavodlar da var

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.09.2016-cı il tarixli 353 saylı qərarına və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 07.10.2016-cı 06Ü saylı əmrinə əsasən, Üzən Nasos Stansiyalarının Hazırlanması və Təmiri Zavodu Meliorasiya – Mexaniki Təmir Zavoduna qoşularaq ləğv olunduğunu elan edir.


Avtomobil zavodlarındakı durum

Azadlıq Radiosu yazır ki, 2016-cı ilin yanvarında  – prezident dövlət məmurlarına yerli avtomobil minməsini məsləhət görəndən sonra gözlər Naxçıvanın “Nazlifan”ına dikilib.

foto sosial şəbəkə

“Nazlifan” istehsalı 2014-cu ildə artaraq 1800-ü keçib. Ancaq ötən il istehsal yarıdan da aşağı düşüb. Zavoddan bunun səbəbi açıqlanmır.Yalnız bunu deyirlər ki, yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilədək yüksəldə bilər.

Gəncə Avtomobil Zavodunda isə ötən il minə yaxın traktor, 395 yük avtomobili istehsal olunub. Əvvəlki illərlə müqayisədə traktor və yük avtomobili istehsalı azalıb. Məsələn, 2014-cü ildə 1220 traktor buraxılıb. Yük avtomobili istehsalında ən yüksək göstərici 2010-cu ilə aiddir.


“Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər?”

“Det-Al” Aluminium Kompleksi isə 2014-cü ildə prezidentin iştirakı ilə istifadəyə verilib. Həmin vaxt məlumat verilmişdi ki, müəssisədə gücü 50 min ton olan 2 zavod- “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərirdi.

foto sosial şəbəkə

Rəsmi məlumatlara görə, 2014-cü ildə fəaliyyətə başlamış “DET-AL Alüminium” Kompleksində ümumilikdə 1400 nəfər işlə təmin edilmişdi. Sözügedən müəssisədə elektroliz vannalarının işə salınmasında çalışan Sabir Abbasov Meydan TV-yə işsiz qalmasından gileylənib:

“Fəhlə idim, aylıq gəlirim 240 manat idi. Birtəhər dolanırdıq. Zavod işləmir, qalmışıq işsiz. Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər? Təntənəli açılışı buna görə edirdilər? Müəssisədə ağır təhlükəli sexlərdə çalışanlar var. Canları xəstə düşüb, başqa ağır iş də görə bilmirlər”.

“Azəralüminium” və “Det-Al” Alüminium Kompleksinin Gəncə şəhərinin iqtisadi potensialında təxminən 50 faizdən çox çəkisi var idi.

“Azəralüminium” ASC-nin direktoru Akif İbişov Meydan TV-nin işçilərin azad olunması barədə suallarına cavab verməsə də, müəssisə tamamilə fəaliyyətini dayandırdığını söyləyib.

Gəncə şəhər İcra Hakimiyyətindən isə “Qafqazinfo”ya bildirilib ki, “Det-Al” Alüminium Zavodu öz fəaliyyətini dayandırmayıb və tam gücü ilə işləyir: “Əhali arasında çaşqınlıq yaratmaq məqsədi ilə yayımlanan bu xəbərlərin heç bir ciddi əsası yoxdur”.

Ana səhifəAraşdırmaAçılan və bağlanan zavodlar…