Müstəntiq deyib ki, reportyor azadlıqda qalarsa, istintaqın işinə maneə törədər
“AbzasMedia” nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlər haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılır.
İyunun 11-də Xətai Rayon Məhkəməsində jurnalist Nərgiz Absalamovanın istintaq dövründə həbsdə saxlanma müddətinin artırılması üçün müstəntiqin vəsatəti və prokurorun təqdimatına baxılıb.
Müstəntiq məhkəmədə vəsatətini əsaslandırarkən deyib ki, “AbzasMedia” işi üzrə əlavə istintaq hərəkətləri həyata keçirilməlidir. Bu səbəbdən istintaqı hələ yekunlaşdırmaq mümkün olmayıb. İstintaq davam etdiyi müddətdə isə Nərgiz Absalamovanın azadlıqda qalması prosesin gedişinə mane ola bilər. Çünki azadlıqda qalarsa, prosesin digər iştirakçıları ilə əlaqə yaratmaq, şahidlərə təsir göstərmək ehtimalı var.
Nərgiz Absalamovanın vəkili Şəhla Hümbətova isə bu arqumentlə razılaşmayıb.
O bildirib ki, Nərgiz Absalamova ümumiyyətlə, heç bir cinayət törətməyib, indiyədək də qanuni əsas olmadan həbsdə saxlanılır. Hətta onunla bağlı istintaq davam edirsə belə, bu, onun həbsdə saxlanması üçün əsas ola bilməz. Çünki onu həbsdə saxlamadan da istintaq davam etdirilə bilər. Onun yaşadığı yer məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur və s.
Nərgiz Absalamova özü isə məhkəmənin əvvəllər olduğu kimi, yenə də sifarişlə qərar çıxaracağına əminliyini ifadə edib.
O bildirib ki, bu üzdən çıxış etmək istəmir:
“Çıxış eləməyin mənasını görmürəm. Bilirəm ki, yenə sifariş yerinə yetirib, müstəntiqin yazdıqlarını qərara köçürəcəksiniz”.
Hakim təqdimatı təmin edib və Nərgiz Absalamova haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Nərgiz Absalamova 2023-cü il noyabrın 30-dan həbsdədir. Birinci dəfə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu il fevralın sonunda həbs müddəti 3 ay artırılmışdı. Mayın 25-də isə müddət daha 22 gün uzadıldı.
“AbzasMedia” işi üzrə həbsdə olan jurnalistlərdən Hafiz Babalı və Elnarə Qasımova haqqında həbs qətimkan tədbirinin müddəti iyunun 10-da uzadılıb.
İyunun 12-də isə “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) həbsdə saxlanma müddətinin artıqılması məsələsinə baxılacaq.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.
Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.