Trampın “turp əkməkliyi”
Tramp tərəfdarlarına çağırış etdi və onlar Kapitolini tutdular. Konqresin Baydenin qələbəsini təsdiqləməsinə mane olmaq istədilər. 4 saat bir xaos yaşandı. Biri güllə ilə vurulmaqla 4 nəfər dünyasını dəyişdi. İndi bütün dünya ABŞ-a baxır. Bəziləri sevinclə. Bir çoxu təəccüblə. Bir qisim kədərlə. Çox az bir qisim isə soyuq başla. Nə baş verir?
Diktatorlar “ağıllı” göründülər
Baş verənlər ABŞ-ın daimi tənqid siyahısında olanlara “revanş” fürsəti yaratdı. Rusiya başda olmaqla xalqına divan tutan bir sıra rejimlərin nümayəndələri tərəfləri dialoqa çağırdılar. Bu “çağırış” əslində oradakı “tərəf”lərə deyil, özlərinin tərəfdarlarına və əleyhdarlarına idi. Diqqəti ABŞ-da baş verənlərin mahiyyətinə deyil, formasına çəkməklə burada əslində demokratiyanın olmadığını nümayiş etdirmək istəyirdilər. Hətta Rusiyadan belə bir qabarıq cümlə də əks-səda verdi: “ABŞ artıq dünyaya kurs müəyyən etmək haqqını itirib”. Bu nə deməkdir? Biz artıq elə də fərqli vəziyyətdə deyilik, heç kim bir başqasına ağıl öyrətməsin.
Təəccüb, amma niyə?
Bir çoxu baş verənləri təəccüblə izlədiyini gizlədə bilmirdi; ABŞ? Necə yəni? Nə baş verir? Əlbəttə, suallar əsassız deyil. Amma heç kim ABŞ-ın da bir siyasi orqanizm olduğunu gözardı etməli deyil. Hər bir sistemdə olduğu kimi ABŞ demokratiyasında da müəyyən problemlərin ortaya çıxması təbiidir. Bu seçki sisteminin spekulyativ olması və sairlə də bağlı ola bilər. Burada təəccüblü heç nə yoxdur. Nitşe deyir ki, uzun müddət qaranlığa baxsanız, qaranlıq da sizin içinizə baxmağa başlar. Bəli, uzun zamandır diktatorlarla savaşan bir sistemin də badalaq yeməsi təbiidir və mümkündür. Eyni zamanda realdır.
Kədərin səbəbi
Düşünənlər var ki, ABŞ-da baş verənlər qlobal demokratiyanın ciddi zərbə almasıdır. Bu, ola bilsin ki, əsaslı təsbitdir. Ancaq bu fikirləri bölüşmək o qədər də asan deyil. Çünki demokratiya qlobal olduğu qədər də lokal bağlarla bağlıdır. Onun ümumi işləyişinin tarazlığı mərkəzi sinir sistemi mexanizmindən daha çox şəbəkə keçiriciliyi məntqinə uyğundur. Buna görə də, baş verənləri kədərlə və məyusluqla qarşılamaq digər bütün mövqelər kimi təbii olsa da, heç bir resept təqdim etmir.
Nə baş verir?
İlk növbədə bilmək lazımdır ki, baş verənlər bizim leksikonun ən anlaşılan ifadəsi ilə ABŞ demokratiyasının “cibinə narkotik atmaq” idi. Bu, əlbəttə, hər kəsdə ciddi məyusluq yaratdı. Amma ABŞ-ın daxilində heç də əksəriyyət demokratiyanın ölümcül yara aldığı fikirində deyil. Əksinə, bu vəziyyət bir daha ABŞ demokratiyasının öyrənilməli tərəflərini ortaya qoydu.
Birinci, vəziyyət heç də Rusiya başda olmaqla qaranlıq dünyanın təqdim etdiyi kimi ciddi qütbləşmə həddində deyil. Respublikaçılar özləri Baydenin qələbə qazandığını elan etdilər. Hətta Trampla birgə ötən seçkini udmuş vitse-prezident Mayk Pens belə bu olaylarda Baydenin yanında olduğunu açıqladı. ABŞ-a “siz də bizim kimisiz, artıq” deyənlərin hansının ölkəsində belə bir şey mümkündür ki, hökumətin ikinci adamı müxalifətin qələbəsini etiraf etmək bir yana, müdafiə etsin?
İkinci, bu olay bir daha hər kəsə göstərdi ki, bir adam heç vaxt ölkənin nə yolunu, nə dəyərlərini, nə seçki sistemini dəyişmək gücündə deyil. ABŞ demokratiyası uğrunda hər kəs birləşməyə hazırdır. Demokratiya ABŞ üçün var olmaq səbəbidir. Ona görə də ABŞ-a zərbə buradan gəldi. Amerika isə öz demokratiyasına sahib çıxmağı bacardı. Əlbəttə, Respublikaçılar Partiyası bu olaydan ciddi zərbə aldı. Ancaq hər kəsə dərs oldu ki, siyasət göz cərrahlığı qədər həssas bir işdir, bura kənardan transfer etmək sənə ümid edənləri kor qoymaq kimi bir şeydir.