“Biz bu narahatlıqları azərbaycanlı tərəfdaşlarımızla açıq və fərdi qaydada qaldırdıq”
ABŞ növbəti dəfə həbsdə olan fəal Bəxtiyar Hacıyevin işilə bağlı Azərbaycana çağırış edib.
“Bu, bizim azərbaycanlı tərəfdaşlarımızla birbaşa əməkdaşlıq etdiyimiz bir işdir”, – Dövlət Departamentinin rəsmisi Ned Prays brifinqdə “Turan”ın müxbirinə belə deyib.
O bildirib ki, ABŞ dünyada universal hüquqların tərəfdarıdır:
“Biz bütün dünyada universal hüquqların tərəfdarıyıq. Fikrin ifadə olunması azadlığı hüququ universal bir hüquqdur. O ancaq müəyyən ölkələrdəki adamlara şamil edilmir. Bu, bütün dünyada adamlara tətbiq olunan hüquq və prinsipdir. Hər dəfə universal hüququn sistematik olaraq və ya konkret hallarda təhlükə altında olduğunu gördükdə tərəddüd etmədən bu narahatlıqla bağlı məsələ qaldırırıq”.
Bəxtiyar Hacıyevin işi və digər siyasi motivli həbslərə gəlincə, Prays bildirib:
“Biz bu narahatlıqları azərbaycanlı tərəfdaşlarımızla açıq və fərdi qaydada qaldırdıq”.
Bundan öncə ABŞ Dövlət Departamenti, senatorlar Durbin və Kardin iki dəfə Bəxtiyar Hacıyevi azad etməyə çağırıblar.
Keçmiş dövlət katibi Hillari Klinton da onun müdafiəsinə qalxıb. O, “Twitter” hesabında qeyd edib ki, Bəxtiyar Hacıyevə dəstək kampaniyasını qoşulur.
Bəxtiyar Hacıyev 50 gündən çoxdur ki, aclıq edir. Vəkilləri onun səhhətinin kritik vəziyyətdə olduğunu deyirlər.
İctimai fəal ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edib.
Bu ittihama səbəb olan insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, bu ittihamla razı deyil.
Dekabrın 15-də Bəxtiyar Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib.
Bəzi ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırdığını bildirib.
Yanvarın 9-da isə yenidən aksiyanı bərpa etdiyini açıqlayıb.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.
Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.
İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.
İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.