Dövlət Departamentinin sözçüsü prosesi izlədiklərini deyib
“ABŞ həbsdə olan fəal Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir”.
Bunu aprelin 21-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə “Turan”ın sualına cavabında səsləndirib.
“Biz onun həbsilə bağlı öz mövqeyimizi dəqiq şəkildə ifadə etdik və prosesi çox yaxından izləməyə davam edirik”, – deyə Patel əlavə edib.
Aprelin 20-də ictimai fəal Bəxtiyar Hacıyev həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın qərar qəbul etdiyi məhkəmədə Bəxtiyar Hacıyevin özü də iştirak edib.
O deyib ki, bir müddət öncə azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib.
Bəxtiyar Hacıyev vurğulayıb ki, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazırdır:
“Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.
ABŞ hökuməti, eləcə də senatorlar Dik Durbin və Ben Kardin kimi Konqres liderləri dəfələrlə Azərbaycanı Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıblar.
Bir çoxları, o cümlədən keçmiş dövlət katibi Hillari Klinton ona qarşı ittihamların siyasi motivli sayıb.
2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.
Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.