ABŞ-da Ukrayna xalqının soyqırımı kimi tanınan qətnamə qəbul edilib

ABŞ və Fransa. Mənbə: J_UK/shutterstock

Qətnamə müəllifləri “Maqnitski Aktı”na əsasən sanksiyalar təklif edir

Dekabrın 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukraynaya qarşı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib.

Sənəddə ABŞ və müttəfiqləri Ukrayna hökumətinə dəstəyi davam etdirməyə, habelə məsul şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş araşdırmalar aparmağa çağırılır.

Qətnamə ABŞ prezidenti Co Baydeni soyqırımda iştirak edən insanlara qarşı “Maqnitski Aktı”na əsasən sanksiyalar tətbiq etməyə dəvət edir.

Qətnamənin müəllifləri demokratlar Ben Kardin (Amerika Helsinki Komissiyasının sədri) və Riçard Blumental, həmçinin respublikaçı senatorlar Lindsi Qrem və Cim Rişdir.

“Putin öz hərəkətləri ilə çox aydın şəkildə nümayiş etdirdi ki, onun məqsədi Ukrayna xalqının varlığına son qoymaqdır. Mən şəxsən onun İrpində və Kiyev vilayətinin digər ərazilərində qəddarlığının sübutlarını görmüşəm”, – deyə senator Cim Riş deyib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə dünyanın bir sıra ölkələrinin parlamentləri Rusiyanı terrorizmin sponsoru və ya terrorçu rejim elan edib. O cümlədən, Avropa Parlamenti də eyni qətnaməni təsdiqləyib.
Oxşar sənədlər bir neçə dəfə ABŞ Konqresinə təqdim edilsə də, onların heç biri hələ qəbul edilməyib.

Rusiya hərbçilərinin dinc sakinləri öldürdüyünü inkar edir. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov dekabrın 8-də “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, ölkəsi ABŞ-la diplomatik münasibətləri kəsməyi zəruri hesab etmir, digər diplomatik demarşların resursu hələ tükənməyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaABŞ-da Ukrayna xalqının soyqırımı kimi tanınan qətnamə qəbul edilib