ABŞ Bakı və Yerevanı yenə də sülhə çağırdı

ABŞ Dövlət Departamenti. Foto: oceanfishing/Shutterstock

Metyu Miller: “Bu, bizim siyasətimiz olaraq qalacaq”

ABŞ Bakının noyabrın 20-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina etməsinə rəğmən, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə davam etdiyini açıqlayıb.

Bu barədə noyabrın 16-da Dövlət Departamentinin rəsmisi Metyu Miller gündəlik brifinqdə “Turan”ın suallarını cavablandırarkən deyib:

Hər iki tərəfi istər burada, istərsə də başqa yerdə danışıqları davam etməyə təşviq edirik. Bu, bizim siyasətimiz olaraq qalacaq”.

Noyabrın 16-da Azərbaycanın Xarici İşlər Nazirliyi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində dövlət katibinin köməkçisi Ceyms O’Braynın çıxışına reaksiya verib.

Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 2023-cü il noyabrın 20-də Vaşinqtonda təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”, – deyə nazirliyin şərhində qeyd olunub.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

Ancaq ABŞ ev sahibi ölkə olaraq gələn həftə keçiriləcək nazirlər görüşünü rəsmən açıqlamayıb.

Vaşinqtonun danışıqların növbəti mərhələsini Azərbaycanın iştirakı olmadan keçirib-keçirməyəcəyi bəlli deyil.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Amma iyunun 12-nə Vaşinqtonda təyin edilmiş Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş baş tutmadı.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bildirdiyinə görə, Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti mərhələsi təxirə salınıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-nin bu barədə sorğusuna cavab vermişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır:

Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq”.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf  7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Ana səhifəSiyasətABŞ Bakı və Yerevanı yenə də sülhə çağırdı