ABŞ Bakı və Yerevan arasında danışıqlarda irəliləyişin olduğunu deyir

Foto: Twitter

Vaşinqton sülh danışıqlarını alqışlayıb

Ağ Ev Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında mayın 3-də baş tutan sülh danışıqlarında irəliləyişin olduğunu deyir və bunu alqışlayır.

Vaşinqton həmçinin tərəfləri dialoqu davam etdirməyə çağırıb.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Salivan Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrıca da görüş keçirib.

Bu barədə Ceyk Salivan “Twitter” hesabında yazıb.

Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılmasının açarı olacaq”, – deyə Ceyk Salivan qeyd edib.

Ceyk Salivan. Foto: Alexandros Michailidis/shutterstock

Mayın 4-də C.Bayramovla A.Mirzoyan arasında Vaşinqtonda 4 günlük danışıqlar başa çatır.

“Turan”ın məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken Bakı vaxtı ilə axşam saatlarında iki nazir arasında sülh danışıqlarının yekun görüşündə iştirak edəcək.

Dünən isə Dövlət Departamentinin sözçüsü Vedant Patel Bayramov-Mirzoyan dialoqunun nəticələri barədə konkret cavab verməyib:

“Gəlin, hadisələrı qabaqlamayaq. Dövlət katibi bu işlə dərindən məşğuldur. Biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq”.

Biz hesab edirik ki, bu problemin hərbi həlli yoxdur, irəliyə yol – birbaşa dialoqdur. Biz iki xarici işlər nazirini qəbul etməkdən və bu mühüm müzakirələrdə iştirak etməkdən çox məmnunuq”, – Patel belə deyib.

Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda iki dövlət arasında vasitəsiz danışıqların vacibliyini qeyd edib:

Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Keçmiş Minsk Qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər”.

İlham Əliyev onu da bildirib ki, Ermənistan ilə Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub.

Foto: president.az

Mayın 1-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, iki ölkə arasında dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır.

Bu həftə yeni binamız – Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, – deyə Blinken qeyd edib.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətABŞ Bakı və Yerevan arasında danışıqlarda irəliləyişin olduğunu deyir