Prezident BDU rektorunu vəzifəsindən azad etdi
Noyabrın 15-də Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun tutduğu vəzifədən azad olunması ilə bağlı sərəncam
imzalayıb.
1999-cu ildən bu vəzifəni tutan Abel Məhərrəmov 2005-2010, 2010-2015-ci illərdə Milli Məclisin deputatı olub.
BDU rektorunun adı son zamanlar daha çox İspaniyada səfir kimi fəaliyyət göstərən oğlu Anar Məhərrəmovun işləri ilə bağlı çəkilir.
Bu ayın əvvəlində Meydan TV Türkiyənin gəmi şirkətlərindən birində çalışan və bir ay öncə İspaniya sahilləri yaxınlığında qəzaya uğrayan 52 yaşlı Sadiq Tağıyevin ailəsinin üzləşdiyi problemlərdən yazmışdı. Yazıda bildirilirdi ki, Azərbaycanın İspaniyadakı səfirliyi vətəndaşa laqeyd münasibət göstərir.
Yazı dərc olunduqdan sonra Abel Məhərrəmov Xarici İşlər Nazirliyinə gedib. Nazirlikdən adının açıqlanmasını istəməyən məsul şəxsin Meydan TV-yə verdiyi məlumata görə, A.Məhərrəmov oğlu haqqında şikayətlərə görə narazılığını bildirib. Oğlundan şikayətçi olanların cəzalandırılmasını tələb
edib.
Bir müddət öncə mətbuatda səfir Anar Məhərrəmovun İspaniyada şərab biznesiylə məşğul olması, hətta Madriddən Bakıya konkret restoranlara şərablar göndərilməsi barədə məlumatlar yayılmışdı. İspaniyadakı azərbaycanlıların Sadiq Tağıyevlə bağlı XİN-ə ünvanladıqları şikayət məktubunda da bu məsələyə toxunulmuşdu. Mənbənin sözlərinə görə, Abel Məhərrəmov oğlunun fəaliyyətilə bağlı şikayətlərdən danışarkən şərab biznesi haqda yazılanlara da toxunub. Bildirib ki, İspaniyadan şərablar restoranlara deyil, konkret şəxslər üçün göndərilir və bundan hamının da xəbəri var.
“Musavat.com” saytı isə Abel Məhərrəmovun İspaniyada üzləşdiyi qalmaqaldan
yazıb
.
Məqalədə qeyd olunur ki, noyabrın 3-də Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb. Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib. Həmin yük onun səfir oğlunun şərab biznesinə aid çəlləklər olub. Şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır. Həmçinin o, səfər zamanı “Eurostar Madrid” otelinin restoranında millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt dava salıb. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb. Səfər iştirakçılarından birinin dediyinə görə, o gecənin səhəri tədbirin keçirildiyi salonda da utandırıcı anlar yaşanıb. Hələ də özünə gələ bilməyən Abel müəllim, çıxış edərkən olduqca yayğın olub, məntiqsiz və rabitəsiz sözlər səsləndirib. Orada olan yerli və xarici jurnalistlər, ötən gecə baş verənlərdən xəbərdar olan konfrans iştirakçıları öz aralarında pıçıldaşaraq, onun hələ də ayılmadığını deyiblər.