“Əsabil Qasımovun müsavatçı İltizam Əkbərliyə “qurban” veriləcəyi haqda informasiyalar məqsədlidir”
Bir neşə gün öndə Modern.az saytında “YAP öz namizədini niyə müsavatçıya qurban verir?” başlıqlı məqalə dərc olunub. Məqalədə bildirilir ki, 79 saylı İmişli Seçki Dairəsində hakim partiyanın namizədi Əsabil Qasımov olsa da, rayondan müsavatçı namizəd, rayonun sabiq icra başçısı və eks-deputatı İltizam Əkbərli seçiləcək. Yəni, hakim partiya buna görə güzəştə gedəcək. YAP-ın seçki siyahısını elan etdikdən sonra 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürdüyü Leyla Abdullayevanın prosesdən geri çəkilməsi Əsabil Qasımovun da oxşar addım atacağı barədə inandırıcı təəssürat yaratdı.
Lakin adının açıqlanmasını istəməyən mənbə Meydan TV-yə deyib ki, bunlar fərqli məsələlərdir: “Əsabil Qasımovdan fərqli olaraq, Leyla Abdullayevaya vəzifə veriləcəyi barədə hakim partiya açıqlama yaymışdı. İkinci, Əsabil Qasımov noyabr seçkisində mandat qazanmaqda israrlıdır və hakim partiya da onu dəstəkləyir. Və özü də bu yöndə indiyə qədər diqqəti yayındıran çaşdırıcı addımlar atıb. Konkret olaraq, fevral ayında Əsabil Qasımovun oğlu Taleh Qasımovun seçkiyə qatılacağı barədə informasiyalar yayıldı və bir ay sonradan gündəmdən yığışdırıldı. Bu, o zaman idi ki, deputatın qanunsuz biznes fəaliyyəti ilə bağlı informasiyalar gündəmin əsas mövzusu idi. Deputat “mənim heç toyuq hinim də yoxdur” desə də, onun ölkə daxilində və xaricində şirkətlərinin adları mətbuat səhifələrinin “bəzəyinə” çevrildi. Ancaq oğlu Taleh Qasımovun namizəd olacağı barədə xəbərlər deputatın biznes şəbəkəsi haqqında informasiyaları arxa plana keçirdi və tədricən unutdurdu. Baxmayaraq ki, onun Gürcüstanda un məmulatları şirkətinin Ermənistana un satması müzakirə mövzusu idi”.
Mənbə hesab edir ki, İmişli rayonunda Qarabağ müharibəsi əlili Rövşən Hacızadənin qarşılaşdığı özbaşınalıqla bağlı bacısı Güllü Hacızadənin prezidentə ünvanladığı müraciət yenidən diqqəti deputatın biznesinə yönəltdi: “Konkret olaraq, deputata məxsus “Karat Holdinq” şirkəti daxil olmaqla “Karat MTK”, “İdeal MMC”, “İzmir MMC” (tikinti şirkətləri); “Azinvest” Tikinti Şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində “Ağ Saray” Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” şirkətlərinin adları mediaya sıçradı (http://virtualaz.org/bugun/34140). Üstəgəl Ə.Qasımovun “Bandotdel”ə çağrılması fikirləri də yayıldı. Amma ardınca onun ölkəni tərk etməsi barədə fikirlər səsləndi. O zaman bütün bunların hakimiyyət daxilində Mehdiyev-Paşayev qruplaşmalarının qarşıdurmasının nəticəsi kimi ortaya çıxdığını deyənlər yanılmırdı. Çünki Əsabil Qasımovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu, deputat İlham Əliyevlə ortağ olduğu, daha doğrusu, onun “krışası” altında biznesə yiyələndiyi barədə fikirlər təkzib edilmirdi. Və Əsabil Qasımovun Milli Məclisdəki Mehdiyev qrupunu təmsil etməsi artıq sirr deyildi”.
Bütün bunları Meydan TV-yə danışan mənbə Əsabil Qasımovun müsavatçı İ.Əkbərliyə “qurban” veriləcəyi haqda informasiyaları məqsədli hesab edir. Onun fikrincə, səbəb seçki yarışından kənarlaşdırılan Azad Respublikaçılar Partiyasının sədri və namizədi Kamil Seyidovun adının seçki yarışında hallanmamasıdır. Ki, Mehdiyev qruplaşması buna müəyyən qədər nail olub. Yəni Seyidovun namizədliyini qeydə almamaqla: “Bu, həmin Azad Respublikaçılar Partiyasıdır ki, 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti, deputat, birinci xanım Mehriban Əliyevanın namizədiyini irəli sürmüşdü. Hətta həmin ilin 13 iyulunda Kamil Seyidov bu təşəbbüslə bağlı “Hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz” deyə fikrini ifadə etmişdi (http://www.azadliq.info/32879.html).
Ancaq 1 noyabr seçkilərində Kamil Seyidovun namizədliyinin qeydə alınmaması nəmalum səbəblərdən medianın diqqətindən kənarda qaldı. Hətta 79 saylı DSK keçmiş müsavatçı vəkil, “Azadlıq 1015” blokunun namizədi Mirismayıl Hadinin biabırçı saxtakarlıqla qeydə almamasına diqqət yönəltməklə, sonradan onun MSK-da dairə komissiyasının qərarını ləğv etdirə bildisə, Kamil Seyidov barədə heç yerdə informasiya getmədi.
Ümumiyyətlə, 79 saylı İmişli Seçki Dairəsində baş verən seçki gedişlərinin mürəkkəbliyinin səbəbi MSK-nın 1 noyabrdan sonra açıqlayacağı nəticələrdən məlum olacaq. O zaman bilinəcək ki, hakimiyyətdaxili Mehdiyev-Paşayev qruplaşmasının qarşıdurması hətta rayon səviyyəli seçki dairəsində də dayanmayıb.
Təəssüf ki, Meydan TV-nin Əsabil Qasımovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Ancaq seçkidən kənar saxlanılan Azərbaycan Respublikaçılar Partiyasının sədri Kamil Seyidov 79 saylı dairədə seçki qanunvericiliyinin pozulmasının məsuliyyətini İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevin üzərinə qoydu.
Partiya sədri Meydan TV-yə bildirib ki, icra başçısı DSK sədri Sabit Yaqubova güclü namizədlərin seçkiyə buraxmamaq tapşırığı verib: “Məqsəd onun nəzərdə tutduğu namizədin noyabrın 1-də qutudan çıxmasıdır. İcra hakimiyyətinin nəzərdə tutduğu namizəd “Karmen Holdinq” şirkətlər qrupunun rəhbəri, hazırki deputat Əsabil Qasımovdur. Halbuki, deputatın biznes işi qurması qanunla qadağan olsa da, müvafiq orqanların bu məsələyə susqun reaksiyası göz önündədir. Bu gün İmişlidə aparılan seçki kampaniyasında dövlətin yox, şəxslərin marağı əsas götürülür. Həmin şəxsi maraqlar prezident İlham Əliyevin seçki haqqında tapşırıqlarının həyata keçməsinə imkan vermir. Hazırda 79 saylı dairədə özbaşınalıq total xarakter alıb. Seçiciləri imzalarından imtinaya məcbur edirlər. Halbuki, seçicilər Qeydiyyat və Notariat Baş İdarəsinin yerli şöbəsinə gedib imzalarını təsdiqləsələr də, heç bir tədbir görülmür. Acınacaqlı hal odur ki, MSK iştirakım olmadan şikayətimə rədd cavabı verir. Ona görə acınacaqlıdır ki, MSK-da müzakirəni 13 oktyabrda keçirib, amma protocol 2 gün əvvələ çıxarılıb. Söhbət ondan gedir ki, yalnız müxalifətçi namziədləri yox, iqtidarı dəstəkləyənlərin də hüquqları tapdanır”.
“2013-cü ildə partiyanız birinci xanım Mehriban Əliyevanı dəstəkləyirdi, ancaq sonradan geri çəkildiniz. Bildirilir ki, sizin “vurulmağınızda” Əsabil Qasımovun arxasında dayanan Ramiz Mehdiyevin təsiri olub. Bu barədə nə deyə bilərsiniz” sualına K.Seyidov “belə düşünmürəm” söyləyərək əlavə edib ki, bəli, 2013-cü ildə məlum qərarı qəbul ediblər, sonradan ümumi qərar dəyişib və onlar İlham Əliyevi dəstəkləyiblər: “Ancaq bu gün seçkidə iştirakımıza icra başçısı Vilyam Hacıyev qadağa qoydu. Bəli, icra başçısı da özbaşına qərar qəbul etmir, yuxarıdan verilən tapşırığı yerinə yetirir. Yaxşı olardı, icra başçısı niyə DSK sədri Sabit Yaqubova qanunsuz tapşırıqlar verməsi barədə ittihamlarıma cavab versin. DSK sədri seçkiylə bağlı bütün addımlarını icra başçısıyla məsləhətləşmədən atmır”.
Kamil Seydov Əsabil Qasımovun Ramiz Mehdiyevin yaxın qohumu, deputat İlham Əliyevlə biznes ortağı olmasını inkar etmədiyini deyib: “Mən də bu barədə mətbuatdan oxumuşam, onların çox yaxın münasibətdə olduğunu bilirəm. Ancaq sual budur: Əsabil Qasımov ötən 5 ildə imişlilərin hansı problemlərini həll etdiyini, parlamentdə qanunvericilik təşəbbüsü barədə bir fakt xatırlaya bilərmi?”
79 saylı DSK sədri Sabit Yaqubov isə Meydan TV-yə açıqlamasında Kamil Seyidovun söylədiklərini yalan adlandırıb: “Kamil Seyidon dedikləri qəti yalandır, icra başçısı Vilyam Hacıyev bizim işimizə müdaxilə etmir. Onun sənədləri saxtadır, hətta MSK da onun şikayətini rədd etdi”.