7 seçki dairəsinin nəticəsi məlum oldu

79 saylı İmişli Seçki Dairəsindən də qalibin adı dəyişdi

Foto: Meydan TV

Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində iştirak edən daha 7 dairənin liderini elan edib. Beləliklə, 17 saylı Yasamal Üçüncü Seçki Dairəsindən Elnur Allahverdiyev, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Rauf Abbasov (Arifoğlu) , 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən Tahir Mirkişili, 44 saylı Sumqayıt-Xızı Seçki dairəsindən Müşfiq Məmmədli, 77 saylı Astara Seçki Dairəsindən Rəşad Mahmudov, 123 saylı Kəlbəcər Seçki Dairəsindən Aqil Məmmədov, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən isə İmamverdi İsmayılov deputat seçiliblər.

Bundan başqa, 79 saylı İmişli Seçki Dairəsindən Razi Nurullayev qalib elan olunub. MSK-nın əvvəlki açıqlamasında isə Murad Fərzəliyevin adı qeyd olunmuşdu.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasət7 seçki dairəsinin nəticəsi məlum oldu