“67 manat heç onun “Pampers” pulu eləmir”(VİDEO)

 “Yəni, bu uşaq əgər yaxşı müalicə olunsa, durub,özü-özünü idarə edə biləcək uşaqdır. Çünkü əqli var. Mən demirəm ki, normal uşaq kimi olacaq, təbii ki, olmayacaq. Amma mən olmayanda, durub,özü bir stəkan suyunu içə biləcək”.

Afiqə Məmmədova qızı -6 yaşlı Mələkxanımdan danışır.  Anadangəlmə fiziki məhdudiyyətli olan qızını  10 aylığından  rayondan Bakıya müalicəyə gətirən ana, müalicəyə  maddi vəsaitinin çatmadığını deyir.  Ananın sözlərinə görə,  qızını ölkəxaricində müalicə etdirib,  ən azından  ayaqları üzərində normal dayanmasını  təmin etməsi mümkündür.  Amma  buna maddi vəsait lazımdır. Afiqə Məmmədova onu da deyir ki,  qızının fiziki vəziyyətinə görə dövlətdən aldığı vəsait yalnız  67 manatdır:

 “67 manat heç onun “Pampers” pulu eləmir. Gündəlik 3-4 “Pampers” geyindirəndə, heç o pulu ödəmir. Qaldı ki, onun yeməyi, dərmanı, heç  əyninin paltarını demirəm. Çünkü anayıq, valideynik, almalıyıq. Bu şeyləri heç demirəm. Müalicəsi, mən sırf hələ Azərbaycanda müalicə etdirirəm”.

Ana deyir ki, hər ay Bakıya müayinəyə gəlməsi maddi və fiziki  olaraq ona çətin başa gəlir. O,  Bakıda yaşamaq üçün sığınacaq almaq ümidi ilə Heydər Əliyev adına Fonda müraciət edib:

“Ora müraciət etdik ki, sığınacaq istəyirik. Çünkü bizdə rayonda bu uşaqlar üçün heç bir şərait yoxdur.  Bu uşaqların böyüməsi, inkişafı üçün Bakı şəhərində  daha çox imkan var.  Bizə cavab gəldi ki, hazırda  yaşayış yerimiz yoxdur. Sizə heş bir köməklik edə bilmərik”.

 Qızının aylıq ümumi xərcləri təxminin 350-400 manatarası olduğunu deyən Afiqə Məmmədova onu da bildirir ki,  özünün də müalicəyə ehtiyacı var. Lakin qızına özü baxdığından işləyə və dolayısıyla özünün müalicəsi üçün vəsait toplaya bilmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məsələ il bağlı Meydan Tv-nin sorğusuna cavab verərkən bildirib ki, təmsil etdiyi qurum icraedici orqan olduğundan yaşı 18 -ə çatmamış fiziki məhdudiyyətli şəxslərin ailələrinə ödənilən məbləğin artırılaması istiqamətində iş görə bilməz.  Qurum təmsilçisi onu da bildirir ki, ola bilsin ki, bu  il üçün bu vəsaitlərdə  müəyyən artım olsun.

Millət vəkili İqbal Ağazadə isə deyir ki, o, MM-də büdcə müzakirələri zamanı dəfələrlə bu məsləni qaldırsa da, bir nəticə yoxdur:

 “Dünyanın hər bir yerində baxıcılıq sənəti var.  Ayrı-ayrı adamlar günün müxtəlif saatlarında baxırlar və buna görə əmək haqqı alırlar. Dövlət deyək ki, bunu bu gün hərtəfli  təşkil edə bilmir və onlara külli miqdarda maaş verə bilmir. Çünki onların maaşları o qədər də aşağı olmur. Heç olmasa, evdə baxan adamlara bunun müəyyən hissəsini,  minimum istehlak zəmbili qədərini ayırsın. Bu adamlar bütün işlərini-güclərini atıb, baxıcılıq edirlər”.

Meydan Tv Milli Məclisdə hakim partiyanı təmsil edən və eyni zamanda məclisin  Sosial Siyasət Komitəsinin üzvü  olan millət vəkili Məlahət İbrahim qızı ilə əlaqə saxlasa da,  o, məsələyə  münasibət bildirməkdən imtina edib.

Ana səhifəVideo“67 manat heç onun “Pampers” pulu eləmir”(VİDEO)