”O, xəstə atları kəsərək iribuynuzlu mal əti adı ilə Bakıya satırmış”
Balakəndə at əti satan şəxs saxlanılıb. Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb. Rayon sakini Fəxrəddin Həmzətov çəkisi 500 kiloqrama yaxın əti satmaq istəyən zaman saxlanılıb.
Məlumatı APA yayıb.
Bildirilir ki, Fəxrəddin Həmzətov Balakən, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə atları kəsərək iribuynuzlu mal əti adı ilə Bakıya satırmış:
“Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Həmin ətlərin istifadəyə yararsız, insan sağlamlığına zərərli olduğu məlum olub”.
Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.
2017-ci ilin aprelində də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli satışda xeyli at əti tapılaraq məhv edildiyini söyləmişdi.
Yolçu Xanvəlinin deməsinə görə, 2015-ci ildə ümumillikdə 60 tona yaxın mənşəyi bəlli olmayan ət və süd məhsulları aşkarlanıb:
“Onun 3 tondan artığı at əti olub. 2016-cı ildə bu rəqəm 70 ton olub. 2017-ci ilin ötən müddəti ərzində isə 5-6 ton. Onun da 2 tondan artığı at ətidir”.
İqtisadçı Natiq Cəfərli Azərbaycanda sümüksüz ətin qiymətinin 15-17 manata olduğu bir zamanda, 1 manata satılan dönərin tərkibinin şübhə doğurduğunu deyir:
“Dönərə azı 100 qrama yaxın ət qoyulur. Bişdikdən sonra 1 kilo ətin 20 faizinin itkiyə getdiyini nəzərə alsaq, deməli, təxminən 18 manata başa gəlir. Bunun da 100 qramı 2 manata yaxın (1 manat 80 qəpik) edir. Çörəyini, içindəki tərəvəzlərini də nəzərə alın. Bu, yararsız ətlərin həmin istehsalda istifadə olunması fikrini doğurur”.
Natiq Cəfərli həm iqtisadçı, həm də Respublikaçı Alternativ (ReAL) Hərəkatının icra katibidir.
O, kolbasa qiymətlərinin də eyni cür olduğunu deyir:
“Ət baha, kolbasa ucuzdur. Bu da şübhəlidir. Buna da nəzarət etməli olan kifayət qədər dövlət orqanı var. Deməli, nəzarət düzgün aparılmır”.