“40 gündür atam vəfat edib, dəfn xərcini ala bilmirik”

Mərhum Nadir Qasımov.

Gəncə sakini: “İdarələr bir-birinin üstünə ötürür”

Gəncə şakini Nadir Qasımov fevralın 22-də vəfat edib. Ailə üzvləri Meydan TV-yə danışır ki, mərhumun 40 mərasimi də gəlib çatıb, ancaq ailəyə hələ də nə dəfn xərci, nə də mərhumun maaşının 3 misli ödənilib:

“Atam 40 il Gəncə şəhəri Lokomativ Deposunda işləyib, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Həmkarlar İttifaqlar Konfederasiyası Azərbycan Dəmiryolçularının MHİRK-i üzvü olub. Hər ikisinə illərlə üzvlük haqqı ödəyib. Gəncə Dəmiryolçularının xeyir-şər Fonduna pul ödəyib. Sonuncu iş yeri Gəncə şəhərindəki İşıq İdarəsi olub. 3 il də orada işləyib. Atamın ümumilikdə 43 il iş stajı olub. Ancaq vəfatından 40 günə yaxın vaxt ötür, dəfn xərci hələ də ödənilməyib”.

“Xeyir-şər Fonduna illərlə pul ödəmişdi”

Kamil Qasımovun sözlərinə görə, adlarını çəkdiyi idarələr onu bir-birlərinə ötürürlər:

“O deyir, mənlik deyil, bu deyir, mənlik deyil… İllərlə xeyir-şər məqsədləri üçün ödədiyi fonddan da bir manat yardım edilməyib”.

Meydan TV məsələyə aydınlıq gətirilməsi üçün “Azərişıq” ASC-nin Gəncə Regional İdarəsiylə əlaqə saxlayıb. Bildirilib ki, mərhum Nadir Qasımovun ailəsinə dəfn xərclərinin və maaşının 3 mislinin ödənilməsi üçün müvafiq sənədlər DOST İŞ Mərkəzinə göndərilib.

DOST İş Mərkəzindən Meydan TV-yə bildirilib ki, dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra dərhal fondun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim edilməlidir. Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir. Dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, habelə öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş məlumatı əks etdirən arayış da əlavə olunmalıdır.

“Sənədlər düzgün göndərilməyib”

DOST İş Mərkəzindən o da bildirilib ki, mərhum Nadir Qasımov 3 il əvvəl mərkəzin xəttiylə “Azərişıq” ASC-nin Gəncə Regional İdarəsində sosial işçi kimi işlə təmin olunub. O, vəfat etdikdən sonra “Azərişıq” ASC-nin Gəncə Regional İdarəsi lazım olan sənədlərin surətini Mərkəzə göndərsə də, məlum olub ki, həmin sənədlərin əsli ilə düz olmzsı notariat qaydada təsdiqlənməyib. Mərhumun ailəsiylə əlaqə saxlanılıb və sənədlərin surətinin notariat qaydada təsdiqlənərək yenidən göndərilməsi tapşırılıb.

Kamil Qasımov deyir, martın 30-da “DOST” İş Mərkəzindən onunla əlaqə saxlayaraq sənədlərin təsdiqlənərək göndərilməsini tapşırsalar da, pulun ən tezi 1 aya köçürüləcəyi bildirilib:

““Azərişıq” rəhbərliyi vəfat etmiş işçisinin ruhuna da sayğısız yanaşır. O pul bizim ailəyə ən geci 1 həftəyə ödənilməliydi. O qədər laqeyd və məsuliyyətsizdilər ki, bizi 1 aydan çox qapılara saldılar, sonra da təsdiqlənməmiş sənədləri göndərməklə işi bura qədər uzatdılar. 2 günə atamın 40 mərasimidir, “Azərişıq” rəhbərliyinin yarıtmazlığı üzündən hələ də atamın halal haqqı olan pulu ala bilməmişik”.

Ana səhifəBölgə“40 gündür atam vəfat edib, dəfn xərcini ala bilmirik”