İqtisadiyyata pandemiya, Rusiya-Ukrayna müharibəsinin təsirləri
2022-ci il dünya iqtisadiyyatında “inflyasiya” sözü ilə yadda qaldı. Pandemiyadan sonrakı dövrlərdə toparlanmağa doğru gedən iqtisadiyyatlar, bu dəfə də müharibə ilə alt-üst oldu.
Fevralda Azərbaycanın da yerləşdiyi bölgədə Rusiya-Ukrayna müharibəsi başladı. Beləliklə, müharibəni dəstəkləməyən Qərbin Rusiyaya sanksiyaları, cavabında Rusiyanın Avropa ölkələrinə neft və qaz nəqlini azaltması bölgədə enerji qiymətlərində kəskin artıma gətirib çıxardı.
Azərbaycan iqtisadiyyatının da baş rolunda inflyasiya oldu. Bir tərəfdən müharibə nəticəsində yaranmış taxıl qıtlığı, ölkədə un və un məhsullarının qiymətini artırdı, digər tərəfdən iqtisadiyyatın idxaldan asılılığı müharibə səbəbindən alınan malların qiymətlərində kəskin artım yaratdı.
Ölkə iqtisadiyyatında baş verən müsbət hal isə enerji qiymətlərinin artımı oldu. Dünyada enerji qiymətlərinin kəskin bahalaşması, neft və qaz gəlirindən asılı olan Azərbaycan iqtisadiyyatının gəlirlərini artırdı.
Neft və qaz gəlirlərinin qiyməti Azərbaycan hökumətinin gözlədiyindən çox olduğu üçün ilin ortasında büdcəyə yenidən baxıldı. Qiymətlər dəyişdirildi, büdcənin gəlirlər hissəsi artırıldı.
İnflyasiya və maaş artımı
Dövlətin açıqladığı 22 faiz inflyasiyanın qarşılığında isə ölkədəki maaş və təqaüdlər cəmi 10-15 faiz artırıldı. Bu da öz növbəsində ailə büdcələrinə inflyasiyanın vurduğu zərərin qarşısını almağa kömək etmədi.
Müstəqil iqtisadçılar və ekpertlər isə zaman-zaman açıqlamalarında bildirdilər ki, Azərbaycanda inflyasiya 22 faizdən yüksək, hətta 50 faizə bərabərdir. Sadəcə, real rəqəmlər cəmiyyətdən gizlədilir.
Nələr yaşandı, iqtisadiyyat daha çox nə ilə yadda qaldı?
Meydan TV iqtisadçılarla müzakirə edib.
İqtisadçı Natiq Cəfərli deyir ki, 2022-ci ilin iqtisadiyyatı dünyada da, Azərbaycanda da inflyasiya ilə yadda qaldı. Çünki həm dünyada, həm də Azərbaycanda ciddi qiymət artımları oldu.
Hətta 2006-cı ilin devalvasiyalarından bəri Azərbaycanda ən yüksək qiymət artımları bu il yaşanıb: “Həm ərzaq, həm də qeyri-ərzaq inflyasiyaları yaşadıq. Özü də inflyasiya kifayət qədər yüksək, ikirəqəmli ifadələrdə oldu. Bir sözlə, inflyasiya, bahalaşma iqtisadiyyata da, insanların həyatına da möhürünü vurdu”.
İnflyasiyanın səbəbləri…
İqtisadçı bildirib ki, Azərbaycanda yüksək inflyasiyanın səbəbləri arasında dünyada baş verən hadisələr də var. Çünki Azərbaycan iqtisadiyyatı idxaldan asılı olduğu üçün dünyada baş verən proseslər iqtisadiyyata mühüm təsir göstərir:
“Spesifik yerli xüsusiyyətlər də oldu. Həmişə olduğu kimi Azərbaycanda inhisarçılığın olması və bazarın açıq olmaması, vergi və gömrük siyasətinin doğru aparılmaması da vəziyyət mənfi təsir etdi. Üstəlik, müəyyən korrupsiya faktlarının olması da bazarda qiymət artımına təsir edən amillərdir”.
“Ümumi baxanda Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub”
Natiq Cəfərlinin fikrincə, 2022-ci il ümumi baxanda Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub:
“Ona görə yox ki, hökumət yaxşı işləyib. Ona görə ki il neft-qaz qiymətlərində ən yüksək hədlə başa vurulur. Məsələn, il ərzində Azərbaycan neftinin bir barelinin ortalama qiyməti 100 dollar civarı olub. Azərbaycanın qaz gəlirləri də xeyli artıb”.
“Qaz gəlirləri və ixracı artıb”
İqtisadçı bildirib ki, Azərbaycanın Avropaya qaz satışının həcmində də artım olub.
O güman edir ki, ilin yekunlarında 10 milyard kubmetr qaz Avropaya nəql olunmuş olacaq:
“Avropaya satılan qazın qiyməti də kifayət qədər yüksəkdir – 1000 dollara yaxındır. Düzdür, bəzi aylar aşağı da olur, amma ümumilikdə, ortalama min dollardır. Bu da çox böyük həcmdə valyuta gəlirlərinin ölkəyə daxil olması ilə yadda qaldı. Ticarət dövriyyəsində müsbət saldo yaranıb. Kifayət qədər yüksəkdi – 15 milyard dollara yaxınlaşır”.
“Hökumət ciddi iş görmədən böyük gəlirlər əldə edib”
Natiq Cəfərli deyir ki, ölkəyə gələn əlavə gəlirlər kifayət qədər çox olub. Bu da Azərbaycan hökumətinin əlini rahatladıb:
“Ciddi iş görmədən böyük gəlirlər əldə olundu. Digər tərəfdən baxsaq, bunun bir daha Azərbaycan iqtisadiyyatının neft-qaz gəlirlərindən faciəvi şəkildə asılı olduğunu görərik. Azərbaycan iqtisadiyyatında 2022-ci il inflyasiya və neft-qaz gəlirlərinin artımı kimi yadda qalacaq”.
Qiymət artımı müqabilində sosial ödənişlərin vəziyyəti
İqtisadçı təəssüflənir ki, 2022-ci ildə də Azərbaycan hökuməti sosial məsələlərin həllində ciddi irəliləyiş qət etməyib:
“Gələn ilin büdcə göstəricilərini il sonunda müzakirə edərkən gördük ki, ciddi sosial artım olmayacaq. Ortalama maaş və təqaüdlərdə 10-15 faiz artım gözlənir ki, bu da inflyasiyanın vurduğu ziyanı ödəmək iqtidarında deyil”.
“Qida inflyasiyası yüksəkdir – 22 faizə yaxın”
İqtisadçı Fərid Mehralızadə də düşünür ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatında ən vacib məsələ, hətta ilin sözü – inflyasiya olub. Çünki son illərin ən yüksək inflyasiyası qeydə alınıb:
“Hətta devalvasiyadan sonrakı inflyasiya da bu həddə deyildi. Xüsusilə qida inflyasiyası yüksəkdir – 22 faizə yaxın. Məncə, 2022-ci illə bağlı əsas yaddaqalan hadisə gələcək illərdə də qiymətlərin kəskin artması ilə bağlı olacaq”.
“Neft və qazdan gələn gəlir bərabərləşdi”
İqtisadçı əlavə edir ki, daha bir yaddaqalan hadisə neft qiymətlərinin hökumətin gözləntisindən yüksək olmasıdır:
“Dünyada enerji qiymətləri qalxdı. Beləliklə, Azərbaycanın da təbii qazdan gələn gəliri artdı. Adətən gəlirlərin 70-80 faizi neft, 20-30 faizə yaxını qazdan gəlirdi. Bu dəfə hər ikisi bir-birinə təxminən bərabər oldu. Bu, tarixdə bir ilk idi. Yəni ilk dəfə Azərbaycanın enerji gəlirlərinin strukturunda qaz gəlirləri bu qədər artmışdı. Hətta qiymət artımı ilin ortasında büdcəyə yenidən baxılmasına səbəb oldu. Büdcə gəlirlərini artırdılar”.
Müharibənin Azərbaycan iqtisadiyyatına təsirləri
Fərid Mehralızadə deyir ki, bütün bu dəyişikliklərə həm də Rusiya-Ukrayna müharibəsi səbəb olub. Müharibə dünyada enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Neft və qazdan asılı Azərbaycan iqtisadiyyatı da bundan həm müsbət, həm də mənfi tərəfdən təsirlənib:
“Məsələn, taxıl da bahalaşdı. Bu, Azərbaycanda un və un məmulatlarının qiymətinə təsir etdi. Xüsusən, Ukrayna-Rusiya müharibəsindən sonra bir müddət bazarda siqaret çatışmazlığı oldu. Bu, müharibənin gətirdiyi təsirlər idi”.
“Pulköçürmələri və depozitlər artıb”
İqtisadçı qeyd edir ki, daha bir vacib, yaddaqalan amil də pul köçürmələri ilə bağlı olub. Müharibədən sonra Rusiyadakı sanksiyaların təsirindən Azərbaycana ildə köçürülən məbləğ bu dəfə bir rübə köçürülüb:
“Bir sözlə, Azərbaycana Rusiyadan pul köçürmələrinin məbləği kəskin artıb. Eyni zamanda, Mərkəzi Bank hesabatında göstərir ki, xarici vətəndaşların Azərbaycandakı depozitlərinin həcmində də ciddi artımlar baş verib”.
Gələcək illərdə neft və qazdan asılılığın gətirəcəyi problemlər…
İlin əvvəlində Dünya Bankının açıqladığı Azərbaycan üzrə iqtisadi memorandum hesabatında bildirilir ki, neft və qazdan asılılıq gələcəkdə daha da kəskinləşəcək.
Hesabatda deyilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı belə neft gəlirlərinə bağlıdır. Odur ki, gələcəkdə qlobal enerji keçidinin Azərbaycana təsirləri mənfi olacaq.
“Dünya iqtisadiyyatı bərpa olunan enerji ilə təminat üzərində çalışır. Bu da gəlirinin böyük hissəsi neftdən asılı olan Azərbaycan üçün asan olmayacaq”, – deyə hesabatda vurğulanıb.
Şəffaflığa gəlincə, korrupsiya halları və qanunvericilik mübahisələrin həlli ilə bağlı səmərəsizlik Azərbaycan üçün ildən-ilə pisləşən alt göstəricidir.
“Lakin Azərbaycan biznesin düzgünlüyü və idarəetmə sahələrində irəliləyiş əldə edib. Daha çox irəliləyiş üçün bu sahədə hesabatlılığa ehtiyac var”, – deyə müəlliflər belə qənaətə gəliblər.