Mövqe sənədi: “Gələn ilin büdcəsi dünya bazarındakı neft qiymətlərindən asılı olacaq”
“Növbəti ilin büdcə gəlirləri bu illə müqayisədə 3 milyard 361 milyon manat artırılsa da, bu artımın 96,8 faizi neft gəlirləri hesabına olacaq. Büdcəyə gələn hər 100 manatdan 55 manat 10 qəpiyi birbaşa neft pulları hesabına formalaşacaq. Deməli, gələn ilin büdcəsi bu illə müqayisədə daha çox neft gəlirlərindən və dünya bazarında neftin qiymətindən asılı vəziyyətə düşəcək”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 2018-ci ilin büdcəsinə dair mövqe sənədində belə deyilir.
Azərbaycanın 2018-ci il üçün büdcə sənədi dekabrın 1-də Mili Məclis tərəfindən qəbul edilib. Beləliklə, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 217 milyon manat, xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılıb. Kəsir isə 920 milyon manat təşkil edəcək.
Büdcə gəlirlərinin proqnozlaşdırılmasında tarazlıq pozulub
Mövqe sənədində bildirilir ki, bu, həmçinin növbəti ilin büdcəsində sabit və davamlı mənbələrdən daxilolmaların cari illə müqayisədə az olacağını deməyə əsas verir.
“Buradan həm də belə qənaətə gəlmək olar ki, gələn ilin büdcəsi, hətta neftin 1 bareli üçün orta qiyməti 45 dollar bazasında hesablansa da, daha “kövrək” olacaq və onun formalaşması gələcək nəsillərə məxsus neft gəlirləri hesabına başa gələcək. 2004-cü ildən 2017-ci ilədək sosial-iqtisadi inkişafına 39,5 milyard manat vəsait xərclənən regionların gələn ilin büdcəsinin mədaxilində payı 3,23 faiz gözlənilir. Deməli, növbəti ilin büdcə gəlirlərinin proqnozlaşdırılmasında tarazlıq pozulub, yəni büdcə gəlirləri müstəsna olaraq Bakı və Abşeronun hesabına təmin olunacaq”.
Büdcə səmərəsiz quruluşa malikdir
Sənəddə bildirilir ki, 2018-ci ilin büdcə gəlirlərinin formalaşdırılmasında narahatlıq yaradan məqamlardan biri də cərimə və sanskiyaların, aksiz vergiləri və gömrük rüsumlarının, həmçinin ictimai xidmətlərə görə ödəniləcək rüsumların payının artırılmasıdır:
“Əsasən, sahibkarlar və istehlakçıların cərimələri, digər ödəmələri hesabına nəzərdə tutulan artımlar son nəticədə məhsul və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq ki, bu da gələnilki büdcənin inflyasiyayaradıcı amilləri fəallaşdıracağını da deməyə əsas verir. Dövlət büdcəsinin xərclərinin struktur təhlili göstərir ki, 2018-ci ilin büdcəsi daha ədalətsizdir və səmərəsiz quruluşa malikdir. Belə ki, gələn il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 38 manatı tikintiyə, 19 manat 50 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq-mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək”.
Büdcə xərcləmələrində korrupsiya artacaq
Hərəkat bildirir ki, növbəti ilin büdcəsində təsnifatı verilməyən, şəffaflıq və hesabatlılığı aşağı olan tikinti, müdafiə, əsas bölməyə aid edilməyən sair xərclərin birlikdə payı 60 faizdən çox olacaq. Bu da büdcə xərcləmələrində mövcud olan korrupsiyanın daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, dövlət büdcəsindən gizli susbsidiyaların və cari transferlərin birlikdə payının 1 milyard manata qədər artırılması da korrupsiyanın inkişafına xidmət edən neqativ dəyişikliklərdən hesab oluna bilər:
“2018-ci ilin büdcə xərclərinin səməsizliyini artıran dəyişikliklərdən biri də xarici borca xidmət xərclərinin büdcə xərclərinin 10 faizindən çox olması və 2,2 milyard manatı ötməsidir. Dövlət təminatı ilə alınan və iri vergi tədiyəçiləri sayılan icracı şirkətlərə verilən xarici borcların səmərəsiz istifadəsi onun qaytarılmasının məsuliyyətini büdcənin, “xərci”ni isə vergi ödəyicilərinin və istehlakçlların üzərinə qoyur. Bu və digər səmərəsiz bölgü nəticəsində 2018-ci ilin dövlət büdcəsindən insanın inkişafına yönələn vəsaitlərin həcmi daha da məhdudlaşacaqdır. Yenə də Azərbaycan büdcədən maliyyələşən adambaşına düşən təhsil və səhiyyə xərclərinə görə qonşu Gürcüstandan da geri qalacaq”.
Büdcə vəsaitlərinin korrupsiya “yeminə” çevrilməsinin qarşısı alınmalıdır
ADR Hərəkatı 2018-ci ilin dövlət büdcəsini təhlil edərək bu qənaətə gəlir ki, cari illə müqayisədə gələn ilin büdcəsi daimi və davamlı mənbələri az olan – dayanıqsız, xarici faktorlardan daha çox asılı vəziyyətə düşən – kövrək, korrupsiyanın genişləndirilməsinə yol açan – səmərəsiz, insanın inkışafına töhfəsi azalan – istehlakyönlü olacaq:
“Əsasən daimi və davamlı mənbələr üzrə formarlaşdırılması zəruri olan 2018-ci ilin büdcəsi barədə məlumatlara ictimai əlçatanlıq artırılmalı, büdcə vəsaitləri proqram əsasında xərclənməklə onun səmərəliliyi yüksəldilməli, bununla yanaşı şəffaflıq və hesabatlıq yolu ilə büdcə vəsaitlərinin korrupsiya “yeminə” çevrilməsinin qarşısı alınmalıdır”.
Büdcədəki bəzi xərcləmələrdən deputatların belə xəbəri yoxdur
İqtisadçı Qubad İbadoğlu 2018-ci ilin büdcəsinin ”neft qoxulu”, ”cərimə” və korrupsiya büdcəsi olacağını
bildirib
(). O, büdcənin 40 faizi cəmiyyət üçün qapalı olduğunu, həmin xərclərin necə, hara, kimə ayrıldığının bilinmədiyini söyləyib:
“Bura da tikinti, müdafiə, məhkəmə, prokurorluq, bir sözlə, hüquq-mühafizə orqanlarının və əsas bölməyə daxil edilməyən xərclər büdcəsi daxildir. Bunlar da büdcənin təxminən 40 faizini təşkil edir. Bu vəsaitlərin isə necə xərclənməsindən nəinki bizim, heç parlament üzvlərinin də xəbəri yoxdur”.
Hər 1 manatın 11 qəpiyi borca gedir
İqtisadçı Rövşən Ağayev də gələn il üçün proqnozlaşdırılan büdcə artımının neft gəlirlərinə söykəndiyini
düşünür
:
“Gələn ilin büdcəsində hər 1 manatın 11 qəpiyi borca gedir, amma hökumət kəmərləri boşaldır, tikintiyə start verir. Təxminən 3,4 milyardlıq artan gəlirin 90 faizə qədəri neft sektorunun hesabına formalaşır. Əsasən də, DNF-dən götürülmüş izafi gəlirlər hesabına olacaq. Artımların çox az hissəsi – təxminən 10 faizi vergi və rüsumlar hesabınadır”.