”2018-ci ilin büdcəsi ”neft qoxulu”, ”cərimə” və korrupsiya büdcəsi olacaq”

Qubad İbadoğlu: ”Büdcənin 40 faizinin necə xərclənməsindən heç parlament üzvlərinin də xəbəri yoxdur”

Source:
Qubad İbadoğlu
Qubad İbadoğlu


Qubad İbadoğlu: ”Büdcənin 40 faizinin necə xərclənməsindən heç parlament üzvlərinin də xəbəri yoxdur”

“Son 10 ildə Neft Fondundan büdcəyə 76 milyard dollar transfert gəlib”.

Milli Məclisin noyabrın 21-də keçirilən iclasında iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə deyib.

O, 2018-ci il üçün neftin 1 barelinin 45 dollardan götürülməsinin qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcəyini söyləyib:

“Son 15 ilin təcrübəsi göstərir ki, dövlət büdcəsinin gəlirləri 1-2 il istisna olmaqla, ildə cəmi 1,8-2 milyard. manat artır. Ən yüksək artım 2007-2008-ci illərdə olub – 4 milyard manat. Bu zaman neftin qiyməti 71 dollardan 96,5 dollara qədər artıb. İkinci hal 2011-ci ildə olub. Gəlirlər 4,3 milyard manat artıb. Bu zaman neftin qiyməti 79 dollardan 104 dollara qalxmışdı. Bu gün isə biz büdcə gəlirlərinin 3,3 milyard manat artmasını təmin edirik”.

Büdcənin gəlirləri ilə xərcləri arasında 724 milyon 92 min manat fərq yaranır

İqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində bununla bağlı videoşərh paylaşıb. İqtisadçı deyir ki, 2018-ci ilin dövlət büdcəsi müzakirəyə gec çıxarılıb. Müzakirələr azı bir ay öncə başlamalı idi:

“Yenə də ciddi müzakirələr olduğunu düşünmürəm. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20 milyard 217 milyon manat olacaq. Eyni zamanda, növbəti ildə 20 milyard 905 milyon manat xərcləmək niyyətindəyik. Büdcənin gəlirləri ilə xərcləri arasında 724 milyon 92 min manat fərq yaranır. Bu da büdcə kəsiri adlanır. Yəqin ki, bu kəsirin örtülməsi istiqamətində Azərbaycan hakimiyyəti əvvəl olduğu kimi yenə də borclanmaya gedəcək”.

Azərbaycan büdcəsi Harvardın büdcəsinin üçdə biri qədərdir

İqtisadçı bildirir ki, Azərbaycanın büdcəsi ABŞ-da fəaliyyət göstərən bəzi universitetlərin büdcəsindən belə kiçikdir:

“Harvardın büdcəsi 35 milyarddır. Azərbaycan büdcəsi isə onun üçdə biri qədərdir. Onu da deyim ki, büdcə ötən il ərzində “Apple” şirkətinin əldə etdiyi xalis mənfəətdən də azdır. Şirkətin ötənilki mənfəəti 39 milyard olub. Hesab edirəm ki, Azərbaycanın büdcəsi kiçikdir, çünki iqtisadiyyat kiçik, ölkədəki gizli iqtisadiyyatın səviyyəsi isə yüksəkdir. Gizli iqtisadiyyatdakı əməliyyatlardan isə büdcə xeyir götürmür. Çünki həmin əməliyyatlar vergidən yayındırılır”.

“Neft sektorundan dövlət büdcəsinə transfer etməklə, büdcədən xərcləmələri artırdılar”

Qubad İbadoğlu deyir ki, 2018-ci ilin büdcəsinin əsas gəlirləri neftdən asılıdır. Azərbaycan Dövlət Neft Şirkətindən büdcəyə 9 milyard 216 milyon  manat vəsait köçürüləcək. Bu da builki transferlə müqayisədə 3 miyard 116 milyon manat (51.1 faiz) çoxdur:

“Bu, ciddi artımdır. İl ərzində neftin qiyməti bu qədər artmırsa, neft gəlirləri çoxalmırsa, bu qədər transferin nəzərdə tutulması sual doğurur. Səbəb sadədir. Qeyri-neft sektoru ilə bağlı aparılan siyasətin nəticəsi olmadı. Hesab edirdilər ki, qeyri-neft sektoru inkişaf edəcək, vergi verəcək, dövlət büdcəsi bundan bəhrələnəcək. Ancaq bu, baş vermədi. Neft sektorundan dövlət büdcəsinə transfer etməklə, büdcədən xərcləmələri artırdılar. Bu xərcləmələr isə vətəndaşların rifahı üçün yox, tikintilər üçün istifadə ediləcək”.

Növbəti ilin büdcəsi geriyə addımdır

İqtisadçı hesab edir ki, növbəti ilin büdcəsi geriyə addımdır. Özü də bir yox, geriyə 2 addımdır:

“Çünki 2 il aparılan siyasətin əksinə büdcə formalaşdırılıb. Yeni büdcə yenə neft qoxulu olacaq. Büdcədəki hər 100 manatın 55 manat 10 qəpiyi Dövlət Neft Fondunun transferi hesabınadır. Bu da o deməkdir ki, neft sektorundan daxilolmalar büdcənin 60 faizini təşkil edəcək. Vergilər Nazirliyi büdcənin təxminən 30 faizini, Gömrük Komitəsi 12,1 faizini formalaşdıracaq. Gələn ilin büdcəsində yeganə dəyişən cərimələr hesabına artan vəsaitlərdir. Növbəti ildə büdcəyə gedən hər 100 manatın 3 manat 70 qəpiyi cərimələr hesabına təmin ediləcək. Bu, əsasən vergi qanunvericiliyinin pozulması ilə əlaqədar olan cərimələrdir. Amma bilirik ki, Azərbaycandakı cərimə sanksiyaları yalnız bundan ibarət deyil. Addımbaşı avtomobil sürücüləri, piyadalar da cərimələnirlər. Bir sözlə, növbəti ilin büdcəsi həm də cərimə büdcəsi olacaq”.

Büdcə xərclərinin əsasını tikinti təşkil edəcək

Qubad İbadoğlu deyir ki, gələn ilin büdcə xərclərinin əsasını tikinti təşkil edəcək. Büdcədən tikintiyə 5 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu, büdcədə sənaye, tikinti və faydalı qazıntı adı ilə əksini tapıb:

“Hansı ki, 99 faizindən çoxu birbaşa tikintiyə gedən xərclərdir. Tikintiyə gedən xərclər də daha çox korrupsiya yeminə çevrilir. Onu da deyim ki, bu istiqamətdəki korrupsiya “Nağdsız Hesablaşmalar Haqqında Azərbaycan Respublikasının qanunu” qəbul ediləndən sonra bir az da genişlənib. Hesablamalarım onu göstərir ki, biz gələn il 1,5, yaxşı halda 2 milyard manat büdcə vəsaitini dövlət büdcəsindən maliyyələşən layihələr vasitəsilə xərcləyə biləcəyik. Yerdə qalan vəsait isə korrupsiyanın ayrı-ayrı kanallarında məmurların kapitalına çevriləcək. Bu da üçüncü bir qənaətin formalaşmasına gətirib çıxarır ki, 2018-ci ilin büdcəsi həm də korrupsiya büdcəsi olacaq”.

Subsidiyaların maliyyə kanalları haqqında ətraflı məlumat yoxdur

İqtisadçı 2018-ci ilin büdcəsində korrupsiyanın olmasını şərtləndirən digər amillərin də olduğunu söyləyir. Deyir, söhbət təkcə, tikinti büdcəsindən getmir, subsidiyalar da var:

“Bilirsiniz ki, subsidiyalar gizli şəkildə aparılır. Maliyyə kanalları haqqında ətraflı məlumat yoxdur. 2018-ci ilin dövlət büdcəsindən subsidiyalar və cari transferlər üçün bütövlükdə götürəndə 978 milyon 800 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bunu da “Azərsu”, “Azərenerji”, “Azərqaz”, Bakı Metropoliteni, Azərbaycan Dəmir Yollarına, AZAL-a xərclərini ödəmək üçün verirlər. Bu, dövlət büdcəsindən səmərəsiz istifadənin bir nümunəsidir. Vəsaitin bir hissəsi də cari transferlərə gedir. Bu transferlərdən daha çox pay götürən Naxçıvan Muxtar Respublikasının büdcəsidir. Növbəti ildə 282 milyon manat alacaq. Bunu normal hesab edirəm. Naxçıvana vəsait ayırmalıyıq. Amma Naxçıvan büdcəsinin də hesabatı olmalıdır. Bu sahədə şəffaflığın olması ilə bağlı məsələ qaldırmağın vaxtı çatıb. Bunu regionlara da şamil etmək olar”.

Şirkətlərin israfçılıq, pis idarəçilik nəticəsində mənimsədiyi pulları büdcədən ödəyirik

Qubad İbadoğlu deyir ki, büdcənin zəif tərəflərindən biri də xarici borclara xidmət xərcləridir. Növbəti il üçün 2 milyard 200 milyon manatdan çox nəzərdə tutulub. Yəni 2,2 milyard vəsaiti biz xarici borcların qapadılmasına yönəldəcəyik:

“Bir tərəfdən şirkətlərə subsidiya veririk. Digər tərəfdən, həmin şirkətlər dövlət təminatı ilə borc alır və həmin borcu biz büdcədən qaytarırıq. Bu halda, vergi ödəyicilərinin büdcəyə verdiyi vəsait hesabına ayrı-ayrı şirkətlərin israfçılıq, pis idarəçilik nəticəsində mənimsədiyi pulları ödəyirik. Bir sözlə, Azərbaycanın 2018-ci il büdcəsinin xərcləri 20,9 milyard manat olacaq. Bu xərclərin 5 milyardı tikintiyə gedəcək. Yəni hər 100 manatın 28 manatı. Həmin 5 milyardın üzərinə 2,2 milyard qoyub xarici borcları ödəyəcəyik. Bu da edəcək 7,2 milyard manat. Əlavə 1 milyard manatı subsidiyalara ayıracağıq. Bu da etdi 8,2 milyard manat. Büdcənin bir hissəsini də yönəldəcəklər əsas bölməyə aid edilməyən xərclərə. Bu da 862 milyon manat vəsait edir. Bütövlükdə götürəndə bəlli olur ki, büdcənin 10 milyard manatı, yəni 20 milyard 217 milyon manatın 10 milyardı iqtisadiyyata fayda gətirməyəcək şəkildə xərclənəcək. Daha çox gizli iqtisadiyyatın çiçəklənməsinə xidmət edəcək. 2018-ci ilin büdcəsi həm də gizli iqtisadiyyata töhfə verəcək”.

4 milyard 237 milyon manat əməyin ödənişi xərclərinə sərf ediləcək

İqtisadçı deyir ki, 2018-ci ilin dövlət büdcəsi iqtisadi təsnifatına görə 4 milyard 237 milyon manatı əməyin ödənişi xərclərinə sərf ediləcək:

“Bu, büdcə təşkilatlarında çalışanların əmək haqqıdır. Bu, böyük məbləğ deyil. Büdcənin hər 5 manatından 1-i deməkdir. Bu məbləğlə əvvəlki məbləğ arasındakı fərq cuzidir. Büdcədən 56 milyon 700 min manat dərman, sarğı, ərzaq ləvazimatı xərclərinə ayrılacaq. Bu, kiçik məbləğ deyil. Xəstəxanalar, internat tipli məktəblər arasında bölüşdürüləcək. Bu, o deməkdir ki, dövlət xəstəxanalarında əməliyyatlar, müayinə və müalicə büdcədən ayrılan vəsait hesabına təmin edilməlidir”.

Səhiyyə və təhsil xərcləri heç minimum ehtiyacları da ödəmir

Büdcədən sosial mənzillərin tikilməsinə 250 milyon manat ayrılıb. Qubad İbadoğlu hesab edir ki, bunun üzərində də nəzarət ciddi olmalıdır. Əgər bu da digər tikinti layihələri kimi korrupsiya yeminə çevrilməsə, tikintidən nəsə gözləməyə dəyər:

“Təhsilə və səhiyyəyə yönələn xərclər də əvvəlki illərə baxanda dəyişməyib. Amma başqa ölkələrlə müqayisədə çox azdır. Deyim ki, adambaşına düşən səhiyyə və təhsil xərcləri heç minimum ehtiyacları belə ödəmir”.

Xərclərin necə ayrıldığı bilinmir

İqtisadçı deyir ki, büdcənin 40 faizi cəmiyyət üçün qapalıdır. Həmin xərclərin necə, hara, kimə ayrıldığı bilinmir:

“Bura da tikinti, müdafiə, məhkəmə, prokurorluq, bir sözlə, hüquq mühafizə orqanlarının və əsas bölməyə daxil edilməyən xərclər büdcəsi daxildir. Bunlar da büdcənin təxminən 40 faizini təşkil edir. Bu vəsaitlərin isə necə xərclənməsindən nəinki bizim, heç parlament üzvlərinin də xəbəri yoxdur”.

Ana səhifəXəbərlər”2018-ci ilin büdcəsi ”neft qoxulu”, ”cərimə” və korrupsiya büdcəsi olacaq”