”2017-ci ilin büdcəsi son 5 ilin ən kiçik büdcəsidir”

Nazim Bəydəmirli: Dövlət xərcləri azaldılmalıdır

Qubad İbadoğlu: 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində isə 20 faizə qədər bahalaşma planlaşdırılır

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Nazim Bəydəmirli: Dövlət xərcləri azaldılmalıdır


Qubad İbadoğlu: 2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində isə 20 faizə qədər bahalaşma planlaşdırılır


2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 minmanat, yerligəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Beləliklə, gələnilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub.

2017-ci ilin büdcəsi haqqında məlumatı Meydan TV-yə şərh edən iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli hesab edir ki, əhalinin “kəmərlərini sıxması” davam edəcək: “Rəqəmləri təhlil edəndə əvvəlki illərdəki açıqlamalarımız bir daha təsdiqlənir. Ümumi baxımdan gəlirlər və xərclərin azalması istənilən dövlətin əhalisinin durumuna mənfi təsir edir. Bu ilin büdcəsinə uyğun olaraq xərclərin 10 faizdən çox azalması, gəlirlərin də 5,2 faiz azalması müşahidə olunur. Müsbət amillərdən biri büdcənin kəsirinin əvvəlki illərə nisbətən az olmasıdır, təqribən 61,4 azalır. Əvvəlki illərdə hökumət neftin qiymətinin yüksək olacağını bildiiyindən büdcə kəsiri yüksək götürülürdüvə dövlət Neft Fondunun, SOCAR-ın vergiləri hesabına çox rahat şəkildə qapanırdı. Bu dəfə ciddi yanaşma mövcuddur”.

Nazim Bəydəmirli foto Meydan TV

Nazim Bəydəmirli deyib ki, ümumilikdə sadələşdirilmiş 450 minə yaxın vergi ödəyicisindən 313 milyon manat gəlir gözlənildiyi halda büdcə təşkilatlarının ödənişli xidmətlərdən daxil olmaları 353 milyon manatdır:

“Bu, iqtisadi dildə o deməkdir ki, büdcə təşkilatları iqtisadi fəaliyyətlə məşğul olur. Amma bazar iqtisadiyyatının vacib elementlərindən biri büdcə təşkilatlarının biznes fəaliyyətilə məşğul olmamasıdır. Məni narahat edən də dövlətin iqtisadi fəaliyyətə getdikcə müdaxiləsinin artmasıdır. Gərək məmur sahibkarlığına son qoyulsun, iqtisadi fəaliyyətin stimullaşdırılması üçün addımlar atılsın. O zaman nə Maliyyə Nazirliyi əlavə ehtiyatlar axtaracaq. nə də dövlət büdcəsi vasitəsilə “kəmər sıxma” əməliyyatı baş verəcək. Mən bir məqama oxucuların diqqətini Gömrük Komitəsinin gəlirlərinə yönəltmək istərdim, büdcə gəlirlərində görünür ki, təqribən 21,5 faiz artım var, təkcə əlavə dəyər vergisindən isə 26,1 faiz artım gözlənilir. Ötənilki devalvasiyalardan sonra hamının müşahidə etdiyi kimi iqtisadi daralma var, manatın alıcılıq qabiliyyəti aşağı düşdüyündən idxal azalıb, bütün bunları həm də gömrüyün öz statiskası təsdiqləyir. O zaman sual yaranır; rüsumların qalxmadığı, vergi dərəcəsinin artmadığı zamanda Gömrük Komitəsi necə olur ki, proqnoz göstəricilərini ötən ilə nisbətən daha yüksək verir? Bu, o deməkdir ki, komitə vasitəsilə yığılan vəsaitlərdən büdcədən yayındırmalar çoxdur. Daha sonra Dövlət Neft Fondundan azalma var, təxminən 20 faizə yaxındır, müsbət olsa da, məcburən atılan addım sayılmalıdır. Çünki neftin qiyməti fonunda fondun gəlirləri azaldığından hökumət az vəsait götürməyə məcburdur. Həm büdcə qanunvericiliyinə, həm də fondun əsasnaməsinə uyğun olaraq ümumi gəlirlərin 25 faizi gələcək nəsillərə saxlanılmalıdır.Əhalinin rifahını artırmaq, iqtisadi inkişafı sürətləndirmək ehtimalı baxımından bu büdcəni müsbət qiymətləndirmirəm”.

İqtisadçı düşünür ki, əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün başqa mənbələr tapılmalıdır, bunun üçün hökumət daha dərin islahatlar aparmalı və iqtisadi fəaliyyəti stimullaşdırılmalıdır: “Adi bir rəqəm, büdcə gəlirlərinin 62 faizi gömrük, əmlak və vergiylə birgə toplanılır. Gürcüstanın isə 2016-cı ilin büdcəsinin 94 faizi vergilər vasitəsilə toplanılıb. Burdan belə nəticə çıxır ki, yaxın bir neçə ildə büdcə gəlirlərinin formalaşmasını, cari dövlət xərclərini vergilər hesabına qarşılamağımız mümkün deyil. Bunun üçün ciddi islahatlar aparılmalı və dövlət xərcləri azaldılmalıdır”.

Məsələyə iqtisadçı Rövşən Ağayev də öz “Facebook” səhifəsində münasibət bildirib:

“Bugünlərdə hökumətə yaxın şəxslərdən kimsə demişdi, hökumət gərək xalqa açıq desin ki, kəmərləri sıxmaq vaxtdı. Amma bizim hökumət demir, praktik olaraq gerçəkləşdirir. Məsələn, 2017-ci ilin büdcəsində olduğu kimi. Gələn ilin büdcə xərcləri bu ilə nisbətən 1.895 milyard manat azaldılıb.Bu, 10 faizdən bir qədər çox azalmadı. Manat ifadəsində, bu, son 5 ilin ən kiçik büdcəsidi – yalnız 2011-ci ildə büdcə xərcləri 15.4 milyard manat səviyyəsində olmuşdu. Sonrakı 3 ildə – 2012-2014-cü illərdə 17.4-19.1 milyard manat intervalında, 2015-2016-cı illərdə isə 18 milyard manatdan çox olub. Dollar ifadəsində müqayisənin yeri yoxdu: 2017-ci ildə indiki məzənnə ilə təxminən 10.4 milyard dollar nəzərdə tutulur. Halbuki sonuncu dəfə bu məbləğ 2007-ci ildən sonra olmayıb – 2008-ci ildə 13.5 milyard dollar olmuşdu. Ən yüksək hədd 2014-cü ildə olmuşdu -24.5 milyard dollar. Bir sözlə, büdcəmiz balacalaşıb, böyük neft pullarından əvvəlki dövrə qayıdır”.

Rövşən Ağayev foto sosial şəbəkə

İqtisadçı deyir ki, 2006-cı ildə böyük neft pullarının axını başlayanda Neft Fondundan büdcəyə transfertlərin həcmini sürətlə artırıb dövlət büdcəsinin böyüməsi necə müsbət tonda təbliğ olunurdusa, indi də Fonddan büdcəyə köçürmələri o sürətlə azaldıb büdcənin kiçilməsini də eyni coşqu ilə müsbət tonda təbliğ edirlər:

“Yəni gələn il Neft Fondunun transferlərinin həcminin 1.5 milyard manat azalmasının səbəbi büdcənin kiçilməsidir. İqtisadiyyatın vergi potensialı bu azalmanı kompensasiya etmək imkanında deyil.

Dövlət büdcəsini Fond böyütmüşdü, o da kiçildir”.

“2017-ci ildə böyük özəlləşdirmə gözlənilmir, təhsil xərclərində isə 20 faizə qədər bahalaşma planlaşdırılır”.

Bunu isə iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb.

Qubad İbadoğlu foto Meydan TV

Qubad İbadoğlunun fikrincə, büdcə gəlirlərinin müqayisəli təhlili göstərir ki, növbəti il Azərbaycanda böyük özəlləşdirmə olmayacaq: “Çünki dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar da bu illə müqayisədə gələn il yalnız 1 milyon manat artım planlaşdırılıb. Növbəti il Dövlət Neft Fondundan büdcəyə transfert 1 milyard 515 milyon manat az, 6 milyard 100 milyon manat olacaq ki, bu da bütövlükdə büdcə gəlirlərinin 38,1 faizini təşkil edəcək. Gəlirlərin 62 faizinin və ya təxminən 10 milyard manata qədər olan hissəsinin formalaşması sahibkarlar və istehlakçıların üzərinə düşəcək. Növbəti ildə əhəmiyyətli artımlardan biri də büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə müşahidə olunacaq. Bu mənbədən daxilolmalarla 48 milyon manat artım proqnozlaşdıırlır. Bu isə o deməkdir ki, gələn il təhsil xərcləri 20 faizə qədər bahalaşacaq”.

Ana səhifəAnalitika”2017-ci ilin büdcəsi son 5 ilin ən kiçik büdcəsidir”