2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan olundu

İlham Əliyev: ”2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq”

Source:


İlham Əliyev: ”2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq”

Yanvarın 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısını keçirib.

Prezident 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr haqda bildirib ki, iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşsa da, Azərbaycan 2016-cı ildə inamlı inkişafını davam etdirib, təhlükəsizlik təmin olunub, xalq sülh və əminamanlıq şəraitində yaşayıb, ölkədə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir:

“Ötən il ölkə qarşısında duran bütün vəzifələr icra edilib. Neftin qiymətinin düşməsi nəticəsində yaranan böhranlı vəziyyətdən çıxış yolu tapılıb. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik və inkişaf yolu ilə gedir. Biz çalışmışıq, bundan sonra da çalışacağıq ki, ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik, sabitlik, inkişaf yoludur”.



“Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq”

Dövlət başçısı deyib ki, inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlər həyata keçirilib. Bu, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət edib. Qarşıdakı illərdə paytaxtda 2 minə yaxın sosial mənzil inşa olunacaq. Köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikilməsinə start verilib, Ağ Şəhər” layihəsi uğurla icra olunub, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və “Təzəpir” məscidinin ətrafında geniş abadlıq işləri aparılacaq.



“Roma Papasının Azərbaycanda verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”

İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini nəzərə çatdırıb.

“2016-cı ildə Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı tədbirlər görülüb”.

“Keçən il idman sahəsində də uğurlarla yadda qalıb. Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında tarixi nailiyyətlərə imza atıblar”.

Prezident keçən ilin sentyabrında baş tutan referendumun nəticələrindən də danışıb: “Referendum xalqımızın iradəsini əks etdirib”.

Ötən ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan prezident İlham Əliyev bu çərçivədə Bakıda bir neçə mötəbər tədbir keçirildiyini qeyd edib: “Roma Papasının Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar bir daha ölkəmizin önəmini təsdiqləyib”.

foto AzərTac



“Onlar etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”

“Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər. Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağıl Azərbaycanın mövqeyi dəyişməzdir”,-Əliyev belə deyib.



“İslahatlar ili kimi tarixdə qalacaq”

Dövlət başçısı Əliyev deyib ki, 2016-cı il tarixdə dərin iqtisadi islahatlar ili kimi qalacaq. Qəbul edilən qərarlar nəticəsində qeyri-neft sektorunun inkişafı bundan sonra da diqqət mərkəzində olacaq.Ötən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində Ümumi Daxili Məhsulun həcmi azalsa da, qeyri-neft sənayesində 5 faiz, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub:

“Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik. Artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektoru inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin olunacaq. Əminəm ki, bütün dediyim hədəflərə çatacağıq”.



“Valyuta ehtiyatlarının qorunmasına nail olundu”

Prezident qeyd edib ki, ötən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə qoyulub:

“2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olundu. Digər neft ölkələrindən fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə etdi. Azərbaycanda görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilib. Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 30-cu yerdə qərarlaşdırıb. Böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yeri açılıb. Ötən il Azərbaycanda sosial məsələlərin həlli diqqət mərkəzində olub. Maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb”.

Dövlət başçısı onu da bildirib ki, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb: “İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub və göstərilən xidmətlərin sayı artırılıb”.

Sonda dövlət başçısı 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib.

Ana səhifəXəbərlər2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan olundu