”20-ci sahə”də evlər söküləcək

Tramvay xətləri bərpa olunacaq, Xırdalana metro çəkiləcək

Source:
Böyük Bakının Regional İnkişaf Planı
Böyük Bakının Regional İnkişaf Planı
Böyük Bakının Regional İnkişaf Planı
Böyük Bakının Regional İnkişaf Planı


Tramvay xətləri bərpa olunacaq, Xırdalana metro çəkiləcək

“Böyük Bakının Regional İnkişaf Planı”nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi dəyişikliklər olacaq, çünki Bakının gələcəyi ilə bağlı yeni böyük layihələr var. “Böyük Bakının Regional İnkişaf Planı” təsdiqləndikdən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir APA TV-yə açıqlamasında bildirib ki, 2030-cu ilə qədər Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək.

Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri Aydəmirin sözlərinə görə, “Böyük Bakının Regional İnkişaf Planı” Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış saziş müqaviləsi əsasında işlənib hazırlanıb. Layihə 2014-cü ilin sonunda təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. “Böyük Bakının Regional İnkişaf Planı” iki mərhələdən ibarətdir. Birinci Böyük Bakının Regional İnkişafı , ikinci isə Bakının ərazilərinin istifadə və zonalaşdırma planı”dır.

“Böyük Bakının Regional İnkişaf Planı” layihəsində paytaxtın iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər əksini tapıb. Belə ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı metrosunun genişləndirilməsi və “Ağ şəhər” layihəsinin həyata keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.

Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında “İstirahət sağlamlıq kompleksi”nin tikilməsi layihənin əsas tərkib hissəsidir.

“Böyük Bakının Regional İnkişaf Planı” Sumqayıt, Abşeron rayonunun bir hissəsi Xırdalan şəhəri daxil olmaqla Bakının ərazisini əhatə edir. Bu layihələrin hər ikisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənilib. 2014-cü ildə artıq hökumətə təqdim olunub. Bu daha çox konseptual, dövlət proqramlarının qəbul olunması üçün, müxtəlif proqram və tədbirlərin həyata keçirilməsi üçün işlənilmiş bir sənəddir. Planda şəhərin perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.

Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri “Sovetski” adlanan məhəllədə aparılır. Bundan əlavə “Xutor”, “Kubinka”, “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də söküntü işlərinin aparılacağı gözlənilir.

“Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, “Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.

Fəxri Aydəmir qeyd edib ki, “Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Komitə rəsmisinin sözlərinə görə, ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Komitə rəsmisinin sözlərinə görə, köçürüləcək universitetlərin adları hələ bəlli deyil: “Bu, hələlik bir təklif formasındadır. Sonrakı mərhələdə köçürüləcək universitetlərin adları da məlum olacaq. Bundan əlavə zərərli sənaye zonasının paytaxtdan kənara, daha doğrusu Qaradağ rayonuna köçürülməsi nəzərdə tutulub. Planda Bakı şəhərindəki köhnə məhəllələrin sökülməsi ilə bağlı təkliflər öz əksini tapıb. Konkret ünvanlar haqqında danışmaq hələ tezdir. Nazirlər Kabinetinin sonuncu qərarı ilə son üç rayonun adı, əhalinin sayı və hansı əraziyə köçürülməsi artıq bəllidir. Söhbət Binəqədi, Sabunçu və Qaradağ rayonlarının ərazisindən gedir. Bu pilot layihə 5 il müddətinə icra olunacaq”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. “Böyük Bakının regional inkişaf planı”nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.

Ana səhifəXəbərlər”20-ci sahə”də evlər söküləcək