Ali Sovetin 18 oktyabr toplantısında 360 deputatdan 258 nəfər müstəqilliyə səs verdi, qalanları isə iclasa qatılmadılar
Oktyabrın 18-i Azərbaycan xalqının tarixində qazandığı ikinci müstəqilliyi günüdür. 1918-20-ci illərdə ADR-nin yaşatdığı istiqlaliyyətimizə bolşevik Rusiyası 28 aprel tarixində son qoydu. 71 il sonra Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının fəaliyyətilə ikinci müstəqilli qazandıq.
Belə ki, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Ali Soveti müstəqilliyi haqda Konstitusiya Aktını qəbul edib. O zaman sənədin üzərində hüquqşünaslar Fuad Ağayev, Şahin Əliyev, deputatlar Hacıbaba Əzimov, Tofiq Qasımov işləmişdilər.
18 oktyabrda qəbul edilən Konstitusiya Aktı 6 bənddən və 32 maddədən ibarət olub. Konstitusiya Aktında Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisi (maddə 2.) elan olunur. Eyni zamanda Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət (maddə 12.) yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.
Sənəd Ali Sovetə müxalifəti təmsil edən Demokratik Blok tərəfindən təqdim olunmuşdu. Ali Sovetin 18 oktyabr toplantısında 360 deputatdan 258 nəfər müstəqilliyə səs verdi, qalanları isə iclasa qatılmadılar.