17 min abituriyent 0-99 bal toplayıb

Qəbul imtahanının ilk mərhələsinin nəticələri açıqlanıb

Source:
İmtahan
İmtahan


Qəbul imtahanının ilk mərhələsinin nəticələri açıqlanıb

“Ali məktəblərə qəbul imtahanlarının I mərhələsində 17 min abituriyent 0-99 bal toplayıb”, – Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq belə deyilib.

Nazirlik bildirib ki, son 4 ildə Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edənlərin keyfiyyət göstəricisi yüksəlib.

“2014-15-ci tədris ilində qəbul imtahanlarında iştirak edən 92 641 abituriyentin keyfiyyət göstəricisi 34,7 faiz idisə, 2015-16-cı tədris ilində 82 925 abituriyentin keyfiyyət göstəricisi 40 faiz, 2016-17-ci tədris ilində isə 78 545 abituriyentin keyfiyyət göstəricisi 43,9 faiz olub. 2017-18-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının birinci mərhələsində (30 aprel, 7 may) iştirak edən 64 420 abituriyentin keyfiyyət göstəricisi 48,9 faiz təşkil edib”.

2017-18-ci tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanmasına gəlincə, nazirlik bildirir ki, növbəti tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanının I mərhələsində (30 aprel, 7 may) 64 220 abituriyent iştirak edib:

“Onlardan 17 033-ü (8 554-ü I, 4 176-sı II, 3 396-sı III, 907-si IV ixtisas qrupu üzrə) 0-99, 15 804-ü (6 079-u I, 4 758-i II, 4 162-si III, 805-i IV ixtisas qrupu üzrə) 100-199, 12 708 (4499-u I, 3 997-si II, 3 468-i III, 744-ü IV ixtisas qrupu üzrə) 200-299, 13 906-sı (4 436-sı I, 4 228-i II, 4 081-i III, 1 161-i IV ixtisas qrupu üzrə) 300-499, 4 769-u (1 486-sı I, 1 190-ı II, 1 255-i III, 838-i IV ixtisas qrupu üzrə) isə 500-700 arası bal toplayıb”.

Məlumatda o da deyilir ki, qəbul imtahanının I mərhələsində iştirak edən 64 220 abituriyentdən 31 383-ü müsabiqədə iştirak etmək hüququ qazanıb: “Onlardan da 10 421-i I, 9 415-i II, 8 804-ü III, 2 743-ü isə IV ixtisas qruplarının payına düşüb”.

Vurğun Əyyub
Vurğun Əyyub

Ləğv olunmuş Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sabiq sədri Vurğun Əyyuba görə, keyfiyyət yüksəlibsə, bunun göstəriciləri olmalıdır:

“Ümumən təhsilin keyfiyyət göstəricilərindən biri tələbə qəbuludur. Tələbə qəbulunun nəticələri bütövlükdə təhsilin keyfiyyətini müəyyənləşdirməyə bəs etmir. Bunun üçün digər parametrlərə də baxmaq lazımdır. Əgər nazirlik ölkədə orta təhsilin keyfiyyətinin yüksəldiyini hesab edirsə, o zaman bunun parametrlərini də göstərməlidir. Biz keyfiyyətin hansı məsələlərə görə yüksəldiyini bilməliyik”.

Vurğun Əyyub Təhsil Nazirliyinin əvvəlki illərlə bağlı təqdim etdiyi müqayisənin sadəcə göstərici olduğunu söyləyib:

“Rəqəmlərin doğru olduğuna əmin deyiləm. Əgər doğrudursa, bunu göstərici hesab etmək olar. Bütövlükdə təhsilin keyfiyyətini ölçmək üçün yalnız tələbə qəbulunun göstəriciləri əsas sayıla bilməz. Əvvəla orta məktəblərin buraxılış imtahanlarının nəticələri, rüblük qiymətləndirmələr, bunların hamısını bir araya gətirib araşdırmaq lazımdır. Nə qədər abituriyentin olması, onların nə qədərinin tələbə qəbulunda iştirakı, yaxud iştirak etməməsi müəyyənləşdirilməlidir. Yəni keyfiyyətin müəyyənləşdirilməsi ciddi və mürəkkəb prosesdir. Bunu yalnız bir göstəriciyə görə qiymətləndirmək olmur”.

Ana səhifəXəbərlər17 min abituriyent 0-99 bal toplayıb