16 dənə villa alan məmur arvadı

Source:



Stoluna yaxınlaşdım, məmur siyirtməni açdıqda oradan pul əskinasları sözün həqiqi mənasında fontan vurdu. Pullar aləmə səpildi. Mənim, rəisin, şkafın ayaqları altına səpələndi. Yüz, əlli, iyirmi, on manatlar, sanki burda indicə kimsə şabaş səpələmişdi, “palatka” toylarında olduğu kimi. Pərt olub, qalmışdım. Bilmədim neyniyəm. Öz pulum əlimdə, durub ətrafa səpələnən əskinaslara baxrdım. Birdən rəis telefonda olan adama ”bir dəyqə gözlə” deyib, məndən ona siyirtməni bağlamağa kömək etməyimi xahiş etdi.

Bunu bir neçə dəfə yazmışam, təkrarçılıq da olsa, yenə qeyd etməyə zərurət görürəm. Mən bu torpağı, diyarı, məkanı, bir sözlə Azərbaycanı sevirəm. Dəlicəsinə, vəhşicəsinə sevirəm.

Oxuculardan xahiş edirəm bu cümləmi sarkazm, urapatriotizm sanmasınlar. Bu sevgi bir həqiqətdir, isbata ehtiyacı olmayan, sarsılmaz və devrilməz aksiomadır. Özüdə bu aşk bayağı, məişət sevgisi deyil. Şanlı vətən, quru torpaq eşqi deyil. Kişinin qadına, ananın balaya, qardaşın bacıya, məmurun pula, kresloya olan sevgisi deyil. Bu fövqəlbəşər, səmavi, platonik bir məhəbbət də deyil. Bu sevgi nə isə başqa bir şeydir, tam ayrı, anlaşılmaz, sivilizasiyadan kənar duyğudur.

Bu məhəbbətin sözsüz ki, törəmə, yaranma səbəbləri var. Birincisi, vətənim mənə yaşamaq və dolanmaq uğrunda çarpışmağı, vuruşmağı öyrədib. İkincisi isə səbirli olub, ətrafda baş verənlərə o saat reaksiya verməməyi anladıb. Çünki ölkədə baş verənlər, bir vaxtlar el arasında məşhur olan, “Santa-Barbara” tele-serialnı xatırladır. Bilmirsən, sonda nə olacaq. Kuliminasiya gözlədiyin vaxtı, hadisələr 360 dərəcə dönə bilər. Ata baladan, ər arvaddan imtina edə bilər.

20 milyon dollarım olsaydı…

İki gündür gic olmuşam, gecələr yuxuda sayıqlayıram. İştahım itib. Halım-əhvalım pozulub. Düşünməkdən, saymaqdan başım şişib. Nə yediyimi bilirəm, nə içdiyimi. Başımı itirmişəm, bilmirəm, nəyi qoyub, nəyi götürüm. Bizlərdə deyirlər özgəsinin pulun saymazlar, kişiyə yaraşmaz. Amma mən sayıram, əcəb eləyirəm, belə əlimin içindən gəlir. Onsuz da pul onların deyil, xalqındı. Pul da ki, saydıqca qurtarmır.

Ay qardaş, sən demə bu milyon nə böyük bir məbləğ imiş. Verdikcə qurtarmaz, xərclədikcə bitməz. Xəyalımda yüz ailəyə ayda 1000 manat maaş kəsmişəm, iki il dolana bilərlər. Əşşi, dolanmaq nədi, yeyib-içib kef çəkərlər, şad-xürrəm yaşayarlar, lap elə əl çalıb-oynayarlar. Özü də ilin-günün bu vaxtında. Hələ onu qoyaq bir qırağa. Sayıb, hesablamışam ki, 5000 dollara qədər kredit borcu olanların verəcəklərin silsələr, 5-6 min adamı xoşbəxt etmək olar. Yəni bu pulu indiki zamanda xərcləməyə yer tapılar. İntahası, istəsələr…

Di gəl bu 20 milyon söhbəti, icra başçısının zirehli maşın alması məsələsi ortaya çıxandan bəzi insanlarımızın yenidən həyəcanlanması, stress keçirtməsi, depressiyaya düşməsi anlaşılmaz oldu. Bəyəm, siz bunları bilmirdiniz? Yəni siz həqiqətən də bu qədər kar, kor idiniz? Doğrudanmı, belə bərk yuxuya getmişdiniz?

Vallah, mənim üçün bu yenilik olmadı. Bunun üçün gərək bu ölkədə yaşamayıb, gedib Norveçdə, İsveçdə yaşayasan. Məsələnin faciəli tərəfi odur ki, bunlar həmin min cür yolla mənimsədikləri pulu, bu ölkəyə yatırmaq istəmirlər. Vəzifədə, hakimiyyətdə olan insanların pulu ölkədən çıxartması, başqa ölkəyə yatırması, kreslosunda oturduğu dövlətə, siyasətə inanmamasıdır. Yəni sistem içəridən, özəkdən çürükdür. Deməli, bilirlər ki, belə gedişnən gəmi çox üzə bilməyəcək. Gəmidə oturub, onun batmağını gözləmək, onun kapitanına, gəmi heyətinə inanmamaq – budur faciə.

Yuxarıda qeyd etdiyim kimi, bu cür söz-söhbətlərə artıq təəcüblənmirəm. Açığı, düşünürdüm ki, “Gülər-Mandat” söhbətindən sonra, bizim xalqa daha heç kim və heç nə şok yaşada bilməz. Madam ki, belə oldu, gəlin bir hadisəni yazım, bununlada yazımı tamamlıyım. Düşünürəm ki, artıq şərhə ehtiyac olmayacaq.

Deməli, altı-yeddi il bundan qabaq, hələ ASAN-ın olmayan vaxtında, yolum və işim düşmüşdü dövlət idarələrindən (məmur yuvalarından) birinə. Elə də böyük mahiyyəti, dəyəri olmayan sənəd almalı idim. İdarənin girəcəyində sənədə görə odəniləsi olan dövlət rüsumunun qiymətin oxuyub keçdim içəri. Bəri-başdan deyim ki, indinin özündə də o tipli idarələrə, rəis, müəllim, direktor kabinetlərinə girəndə, özümü necə aparım, nə danışım – bilmirəm.

Başağrısı olmasın, bu ölkədə haqqında danışdığım kabinetlərin interyeri sanki eyni dizayner tərəfindən verilir. Qapıdan içəri keçən kimi, adamın üstünə “Ata və oğul” şəkli şığıyır, bütün böyüklüyü, samballığı, ağırlığı ilə zəhm basır səni. Sonra dəbdəbəli, babat qiymətə mebel dəsti, dəri kreslo, bir də şkafın üstündə, ya da rəfdə Quran kitabı, qızıl suya salınmış quran ayətləri, xrustal Kəbə evi olur.

Nə isə, keçdim içəri, salamlaşdım, cavab almayıb oturdum. Qarşımda oturan yekə qarınlı, al yanaqlı, cüssəli məmur, məşhur ləhcə ilə nə üçün gəldiyimi soruşdu. Dedim, filan kağız üçün gəlmişəm. Yazdığım kimi, o cür məmurların, rəislərin qarşısında bilmirəm, özümü necə aparım. Sıxılıram, diskomfort keçirirəm, istəyirəm yerimdən durub, qaçım. Danışıqları, oturuşları, ədaları, istehzalı baxışları insanı rəsmən aşılamağa yönəlib. Həmin vaxt az qalıram, girim stolunun altına.

Ən böyük fəlakətim də “qarşımda oturana necə müraciət edim?” sualıdır. “Rəis”, “cənab” demək istəmirəm, alçaldılmış hiss edirəm özümü. Adını soruşmağa risk edə bilmirəm, onsuz da deyən deyil. Bəy, qardaş, yoldaş deməyi ona qıymıram. “Ə” “ ay gədə”, “ ay qaqa” deməyə də tərbiyəm icazə vermir.

Əlqərəz, bütün bunları düşündüyüm yerdə, qan-tər içində ikən, bu məmur, həmin sənədə görə, qapının girəcəyində yazılmış dövlət rüsumundan on qat artıq bir məbləği istədi. Əvvəl çaş-baş oldumsa, sonra özümü toparlayıb, içəri keçərkən gördüyüm qiyməti dedim. Məmurun üzü döndü, pörtdü, qızardı, gözləri bərəldi, dedi: “Get onda, həftələrnən gəz, yığ sənədləri gətir, düzəldəcəm”. Mən işimi-gücümü atıb, hər dəfə işdən icazə alıb, camaatnan üz-göz olub bunu edə bilməyəcəkdim. Məmur başladı ki, adam demaqoq olmaz, görürəm ağıllı, savadlı oğlansan, sən gəl çox danışma, filan məbləğı gətirərsən (bu dəfə bir cuzi az dedi), üç günə işlər düzələcək.

Hər şeyə tüpürüb, razılıq verdim. Onsuzda əlimin aşığı olan vaxtları idi. Razılaşmıya bilməzdim. Dişimi-dişimə sıxıb, məzlumca boynumu büküb çıxdım bayıra. Üç gündən sonra qayıtdım sənədi götürməyə, cibimdə danışdığımız məbləğ. Yaxınlaşdım, məmurun qapısını döydüm, açıb keçdim içəri, gördüm rəis telefonla danışır. Telefonu qulaqından ayırmadan, sənədi mənə uzatdı və əliynən pulu stolunun siyirtməsinə atmağımı göstərdi.

Stoluna yaxınlaşdım, məmur siyirtməni açdıqda oradan pul əskinasları sözün həqiqi mənasında fontan vurdu. Pullar aləmə səpildi. Mənim, rəisin, şkafın ayaqları altına səpələndi. Yüz, əlli, iyirmi, on manatlar, sanki burda indicə kimsə şabaş səpələmişdi, “palatka” toylarında olduğu kimi. Pərt olub, qalmışdım. Bilmədim neyniyəm. Öz pulum əlimdə, durub ətrafa səpələnən əskinaslara baxrdım. Birdən rəis telefonda olan adama ”bir dəyqə gözlə” deyib, məndən ona siyirtməni bağlamağa kömək etməyimi xahiş etdi. Mən əlimdəki pulu yeşiyə atdıqdan sonra, rəis sol əli ilə pulların üzərinə basdı, mən isə iki əlli güc edib nəhayət siyirməni bağladım.

Ayaqqabımın altına yapışmış əskinasları, yüz, əlli, iyirmi manatı rəisin stolunun üzərinə qoyub, tələm-tələsik, iti addımlarla otaqdan çıxdım.

Baxın, iyirmi milyon hər gün məmur siyirmələrinə belə zibil kimi yığılan pullardan toplanır…


Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcə16 dənə villa alan məmur arvadı